Məhkəmə qərarları › İş №e-2-1(112)-2135/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2135/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2135/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşdan pensiya təyin olunması barədə qəbul olunmuş qərarın ləğv olunması, 57 yaşdan ona xüsusi şərtlərlə pensiyanın təyin olunması, pensiya üçün ərizə ilə müraciət etdiyi müddətdən-yəni xx.xx.2024-cü il tarixdən əvvəlki üç il müddətində verilməmiş pensiyanın ona verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13.03 1959-cu il tarixdə anadan olmuşdur. Əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: -01.0.1976-xx.xx.1977-ci illərdə 54 saylı DPTM-də (peşə məktəbində) təhsil almışdır, -xx.xx.1977-xx.xx.1978-ci illərdə (8 ay 7 gün) Bakı Baş Tikinti İdarəsinin 2 sayı Entikmə Kombinatında 3-cü dərəcəli rəngsaz; xx.xx.1978-xx.xx.1980-ci illər (2 il) Sovet ordusunda xidmət illəri; xx.xx.1980-xx.xx.1994cü illərdə (14 il 10 gün) Bakı Baş Tikinti İdarəsinin 2 sayı Entikmə Kombinatında naxış sahəsində rəngsaz; xx.xx.1998- xx.xx.2006-cı illərdə (7 il 8 ay) "xxxx" firmasında rəngsaz; xx.xx.2016-cı il tarixdə onun 57 yaşı tamam olmuşdur. Zərəli yerlərdə işlədiyinə görə pensiya yaşı tamam olan kimi cavabdeh quruma şifahi olaraq müraciət etdi. Həmin vaxtı cavabdeh qurumunun əməkdaşları ona pensiya hüququnun ədə etmədiyini bildirdilər. Sonuncu dəfə yazılı şəkildə 27 iyun 2024-cü il tarixdə müraciət etdikdən sonra cavabdeh qurum pensiyanın təyin ediməsinə yazılı şəkildə imtina verdi. Cavabdehin xx.xx.2024-cü il tarixi imtina məktubunda qeyd ounur ki, xx.xx.1988-xx.xx.2006-cı tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajına dair məumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr öz əksini tapmadığı müəyyən edildiyindən "xxxx" firmasında işlədiyi illərin daxil edilməsinin mümkün olmaması 25 ildən az (24 il 4 ay 24 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixlərdən sonra 6 il 2 ay) təşkil edilməsi qeyd olunur. Eyni zamanda imtnada digər əsas kimi fərdi hesabda sığorta kapitalının yetərli olmaması, cəmi 28096.22 manat olması da qeyd edilmişdir. Cavabdehin ona 57 yaşdan pensiyanın təyin edilməməsi imtinasını əsassız hesab edib təkrarən ona 57 yaşdan pensiyanın təyin edilməsini və 57 yaşdan sonra da əmək fəaliyyətini davam etdirməyinə görə şəxsi hesabında yığılmış sığorta kapitalı nəzərə alınmamaqla veriləcək pensiyanın yenidən hesablanaraq ona ödənilməlidir. Tərəfindən təqdim olunmuş ИТ-1 № ******* №-li əmək kitabçasında onun əmək fəaliyyəti tamlığı ilə öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının verdiyi xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-N-15xx-xx-2416/2024 №-i arayışdan görünür ki,həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsinin 2 sayı Entikmə Kombinatının əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1977-ci il tarixli 255 saylı əmrlə xx.xx.1977-ci il tarixdən naxış sahəsində 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, xx.xx.1978-ci il tarixli, 129 saylı əmrlə xx.xx.1978-ci il tarixdən hərbi xidmətə çağırılması, yenidən xx.xx.1980-ci il tarixli, 440 saylı əmrlə xx.xx.1980-ci il tarixdən naxış sahəsində 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması və xx.xx.1984-cü il tarixli, 344-saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 24 gün (xx.xx.1977xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 6 il 3 ay)) təşkil etdiyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina məktubundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçının nümayəndəsi( vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 57 yaşdan pensiyanın təyin olunması, müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün verilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdiirlmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçası məlumatından görünür ki, İddiaçı kombinata işə girməzdən qabaq xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək 54 saylı DPTM-də təhsil alıb, “Qlavbakstroy” 2 saylı Evtikmə Kombinatında xx.xx.1977-ci ildə bəzəmə sahəsinə 3-cü dərəcəli rəngsaz işinə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə sovet ordusunda xidmətlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək Sovet ordusunda xidmət etmişdir. xx.xx.1980-cı ildə bəzəmə sahəsinə 3-cü dərəcəli rəngsaz işinə qəbul edilmişdir, “Qlavbakstroy” 2 saylı evtikmə Kombinatının adı, Qlakbakstroyunun iripanelli evtikmə istehsalat tikinti quraşdırma birliyinin yaradılması haqqında QBS-un 5.1.83-cü il tarixli 5 saylı əmrinə əsasən Qlavbakstroy İPEİTQB 2 saylı ETK-na dəyişdirilmişdir, 2 saylı ETK Qlavbakstroy İPEİTQB bəzəmə sahəsinin bazasında yaradılması ilə əlaqədar QBS İPEİTQB 22 saylı ixtisaslaşdırılmış tikinti idarəsi əvvəlki yerində hesab edilmişdir. xx.xx.1983-cü cü il tarixdə 3-cü dərəcəli rəngsaz hesab edilmişdir. xx.xx.1984-cü 2 saylı ETK 22 saylı İTİ ləğvi ilə əlaqədar QBS İPEİTQB 2 saylı ETK bəzəmə sahəsinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdə bəzəmə sahəsində 3-cü dərəcəli rəngsaz hesab edilmişdir. xx.xx.1988-ci il tarixdə 4-cü dərəcəli rəngsaz verilmişdir, xx.xx.1990-cı il tarixdə təmir qrupuna 4-cü dərəcəli rəngsaz keçirilmişdir. xx.xx.1991-ci il tarixdə TKK rəngsaza 5(beşinci) dərəcə verilmişdir. xx.xx.1994-cü il taixdə AR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə 5-ci dərəcəli rəngsaz qəbul edilmişdir. xx.xx.1998-ci il tarixdə AR ƏQM-nin 370-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə "xxxx" firmasına rəngsaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə Turqay MMC-yə 4cü dərəcəli rəngsaz İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-N-15xx-xx-2416/2024 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsinin 2 saylı Evtikmə Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1977-ci il tarixli, 255 saylı əmrlə xx.xx.1977-ci il tarixdən naxış sahəsinə 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, xx.xx.1978-ci il tarixli, 129 saylı əmrlə xx.xx.1978-ci il tarixdən hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunması, yenidən 21,07.1980-ci il tarixli, 440 saylı əmrlə xx.xx.1980-ci il tarixdən naxış sahəsinə 3cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması və xx.xx.1994-cü il tarixli, 344 saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar mövcuddur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Aparatının xx.xx.2022ci il tarixli 2339/17 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyya: Nazirliyi) xx.xx.2003-cü il tarixli, 001117 saylı şəhadətnaməsinə əsasən, Bakı Tikinti və Şəhərin İnkişafı İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Millli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-21/2-34285/2024 nömrəli məktubunda göstərilmişdir ki, reyestrdə "xxxx" Firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-*3/2-18937/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Firması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-815/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" firması adlı 15 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 7-si xx.xx.1996 xx.xx.2005-ci il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və halhazırda qeydiyyatdadırlar 8-i isə müvafiq olaraq xx.xx.1997, xx.xx.2000-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2-1846/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-166719/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 5 avqust 1977-ci il tarixli İT-1 10407221 nömrəli əmək kitabçanızda xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında rəngsaz vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajınıza dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etmək mümkün olmadığı üçün sizin ümumi iş stajınız 25 ildən az (24 il 4 ay 24 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980cı il, xx.xx.1980-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 6 il 3 ay)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28096,22 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız ləqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2016-cı il tarixdə 57 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan diplom, hərbi bilet məluatları və əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədəkxx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək təhsil müddəti, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmət, əmək fəaliyyəti dövrü xx.xx.1977- xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1994, xx.xx.1996-cı xx.xx.1998, xx.xx.1998-tələb olunan xx.xx.2006-cı il tarixədək 26 il 03 ay 28 gün ümumi stajı var. Cavabdeh iddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında rəngsaz vəzifəsində işlədiyi dövrü ümumi stajına daxil etməmiş, həmin dövrdə iddiaçının işləməsinə dair əsaslı şübhələr yarandığını qeyd etməklə, ümumi iş stajının 25 ildən az -24 il 4 ay 24 gün olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə dair arxiv sənədlərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasında xx.xx.1998-ci ildə Ümid firmasına rəngsaz vəzifəsinə qəbul edilməsi, xx.xx.2006-cı il tarixdə işdən azad edilməsi barədə qeydlər edilmiş, həmin müəssisədə işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin (kadrlar şöbəsinin rəisinin) imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Qeyd edilən əmək fəaliyyəti qeydlərində tarix, nömrə ardıcıllığı pozulmamış, həmin qeydlərin işləndiyi əmək kitabçasında 12-13-cü səhifəsində bundan öncəki əmək fəaliyyəti barədə qeydlər, eləcə də davamında 14-15-ci səhifələrində xx.xx.2012-ci il tarixli əmək fəaliyyəti qeydi daxil edilmiş, cavabdeh mübahisələndirilən əmək fəaliyyəti qeydlərindən əvvəl və sonrakı dövrü şübhə altına almamışdır. Cavabdeh imtinasında qeyd etdiyi-xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrə dair əsaslı şöbhələrin nədən ibarət olmasını, bununla əlaqəli hansı icraat materiallarına istinad etməsini əsaslandırmamışdır. Məhkəmə sorğusuna cavabda “Ümid" firması adlı 15 statistik vahidin qeydiyyatına dair məlumatın olduğu, onlardan ən tez xx.xx.1997-ci il tarixdə, ən gecinin isə xx.xx.2005ci il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyəm edilmişdir. İddiaçının işlədiyi dövrün xx.xx.1998xx.xx.2006-cı il tarixədək olduğu nəzərə alındıqda həmin müəssisələrdən hansına aid olduğu müəyyən edilməsə də, lakin müəssisələrin qeydiyyat tarixinin iddiaçının işlədiyi dövrlə üst-üstə düşdüyü də aşkardır. İddiaçının fərdi uçotun yarandığı dövrə qədər (xx.xx.2006) əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinə dair arxiv sənədlərinin saxlanılmaması və ya arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid deyildir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özüözlüyündə şübhə doğurmur. Beləliklə, iddiaçının güzəştli pensiya təyinatı üçün zəruri olan 25 illik ümumi staja malikdir. İddiaçının güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan güzəştli iş stajı mübahisələndirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İddiaçının işlədiyi “Qlavbakstroy” 2 saylı evtikmə Kombinatında 3, 4, 5-ci dərəcəli rəngsaz, "xxxx" firmasında işlədiyi rəngsaz vəzifələri Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—13450 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifənin-3,4, 5-ci dərəcə rəngsaz vəzifələri tikinti sahəsində olmaqla, siyahının xüsusi sahəsində deyil-ümumi peşələr bölməsində əks etdirilməsi, işləmiş olduğu müəssislərin və ya hüquq varislərinin hazırkı halda mövcud olmaması, ümumi peşələrə aid olması səbəbiylə rəngsaz vəzifəsinə dair oxşar müəssisələdən arayışın əldə edilməsinin mümkün olmaması, eləcə də iddiaçının rəngsaz vəzifəsində işləyərkən məhz təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməsini təkzib edəcək sübutların təqdim edilmədiyini nəzərə alaraq məhkəmə iddiaçının həmin vəzifə üzrə təkcə xx.xx.1980-xx.xx.1994-cü ilədək dövrü onun tələb olunan 12 il 06 ay güzəştli iş stajının tamamlanmasına əsas verir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar