Məhkəmə qərarları › İş №e-2-1(112)-2168/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2168/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2168/2023 11.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 5 saylı Bakı Avtomobil nəqliyyatı şirkətində, xx.xx.1991-ci ildən xx.xx.2004-cü ilədək “SPATO MTT”də işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona 64 yaşının tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-ci ildə Bakı şəhərində anadan olmaqla, hazırda Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. O, xx.xx.2020-ci ildə 64 yaşının tamam olması ilə əlaqədar yaşa görə elektron qaydada əmək pensiyası təyin olunması barədə “SMS” gəlmədiyinə görə, pensiya təyin olunması üçün tələb olunan bütün sənədləri, yəni şəxsiyyət vəsiqəmin, diplomun, hərbi biletin və əmək kitabçasının təsdiq edilmiş surətini ərizəmə əlavə edərək 2022-ci ilin əvvəllərində DSMFnin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etmişdir. Lakin həmin Şöbə tərəfindən ərizəsi təmin edilməmişdir. Bundan sonra təkrarən ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edildi. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mənə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 saylı cavab məktubunda ərizəmin təmin edilməsindən imtina edildi. Hesab edir ki, ona verilən imtina tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı ümumi sosial sığorta stajının 19 il 06 ay olmaqla qanunla tələb edilən 25 ildən az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.1982-xx.xx.1991 -ei il tarixlərdə 5 saylı Bakı Avtomobil nəqliyyatı şirkətində, xx.xx.1991-xx.xx.2004-cü il tarixlərdə “SPATO MTT”də işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Həmin qaydaların 3.2.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının (müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. İddiaçı mərkəzi filiala təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən onun sosial sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 19 il 06 ay təşkil edir. Belə ki, İddiaçı xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "Meyvə Tərəvəz soyuducu" bazasında işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən, xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə “Meyvə Tərəvəz soyuducu” bazasının əməkhaqqı cədvəllərinin saxlanılmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Meyvə Tərəvəz soyuducu” bazasında işlədiyi dövrlər, müəssisənin əməkhaqqı cədvəlləri mövcud olmadığındaı onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.1956-cı il təvəllüdlü İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. - H3 ******* №-li Hərbi biletin surəti. - İddiaçı məxsus əmək kitabçasının surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktubların surəti. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktub və ona qoşma olan sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubu. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.2-2-2020-7576 nömrəli məktubu. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mərkəzi filiala təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən onun sosial sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 19 il 06 ay təşkil edir. Belə ki, İddiaçı xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "Meyvə Tərəvəz soyuducu" bazasında işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən, xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə “Meyvə Tərəvəz soyuducu” bazasının əməkhaqqı cədvəllərinin saxlanılmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Meyvə Tərəvəz soyuducu” bazasında işlədiyi dövrlər, müəssisənin əməkhaqqı cədvəlləri mövcud olmadığından onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müsəssiə və peşələrdə işləmişdir, o cümlədən xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Meyvə və tərəvəz soyuducu bazasında Nəqliyyat qrupuna sürücü işinə qəbul edilib, xx.xx.1982-ci il tarixdən Meyvə və tərəvəzçilik təsərrüfatı Nazirliyi Azərbaycan SSR 842 saylı sərəncama uyğun olaraq 1-5 nömrəli avtonəqliyyat müəssisəsinə keçirilmişdir. xx.xx.1982-ci il tarixdən 5 saylı Bakı Avtomobil nəqliyyatı şirkətində 3-cü dərəcəli PCB daşınması vəzifəsinə təyin olunmuşdur. xx.xx.1986-cı il tarixdən 5 saylı Bakı Avtomobil nəqliyyatı şirkəti Azərb.SSR X3 Komitəsinin Meyvə-tərəvəz transportu SPATO ASC olaraq dəyişdirilmişdir. xx.xx.1991-ci il tarixdən Bakı avtomobil nəqliyyatı şirkəti Kənd Təsərrüfatı və Qida Nazirliyi sərəncamına verilib. xx.xx.1991-ci il tarixdən SPATO MTT-yə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixdən Bakı KTQN Bakı Xüsusi Nəqliyyat müəssisəsi olaraq dəyişdirilmişdir. xx.xx.2004-cü il tarixdən Özəlləşdirmə ilə əlaqədar olaraq işdən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 975 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakı İxtisaslaşdırılmış Nəqliyyat Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1998-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.2-2-2020-7576 nömrəli məktubuna əsasən X3 Komitəsinin 1986-cı il 21 aprel tarixli 205 nömrəli əmri ilə Bakı 5 nömrəli Avtonəqliyyat müəssisəsi həmin Komitənin tabeliyinə verilmiş, lakin müəssisənin sənədləri mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Meyvə və tərəvəz soyuducu bazasında (5 saylı Bakı Avtomobil nəqliyyatı şirkətində, SPATO MTTdə, Bakı KTQN Bakı Xüsusi Nəqliyyat müəssisəsində) işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrlərin iş stajının onun sığorta stajına daxil edilməsi iş materialları ilə də öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.9-cu bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq (32 il 5 ay 1 gün) sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar