Məhkəmə qərarları › İş №e-2-1(112)-2171/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2171/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2171/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 38.54 kv.m sahədən ibarət mənzilə (fərdi yaşayış evinə) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışı vardır. Daha sonra İddiaçı mülkiyyətində olan ev yararsız vəziyyətə düsmüş və o, yararsız vəziyyətə düşmüş evin sökülməsinə və təqdim olunmuş layihə əsasında yenidən tikilməsinə dair icazənin verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmiş, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla onun təqdim olunmuş layihə əsasında tikinti aparılmasına etirazın olmaması bildirilmişdir. İddiaçı layihə əsasında qeyd olunan ünvanda fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, müraciətin xx.xx.2024-cü il tarixində cavabdehin təşkilatın icraatına qəbul edilmiş, lakin hər hansı bir məlumat verilməmiş, müraciətdən imtina edilib-edilməməsi barədə məktub göndərilməmişdir. Belə olan hala tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Beləliklə, cavabdeh təşkilata ərizə ilə müraciət etdiyindən, eləcə də həmin müraciət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixində daxil olduğundan, lakin hər hansı münasibət bildirmədiyindən eyni zamanda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasına dair heç bir münasibət bildirilmədiyindən iddiaçının pozulmuş hüquqların bərpa olunması tələbi ilə məhkəməyə müraciət edir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş mənzilin söküldüyü və 2 mərtəbəli mansardlı fərdi yaşayış evinin inşa olunduğu məlum olmuşdur. Odur ki, mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Torpaq sahəsinin faktiki ölçüsü 207.1 kv.m təşkil edir. Bundan başqa fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki baş plan arasında uyğunsuzluq mövcuddur. Həmçinin sökülmüş mənzilin qeydiyyatının ləğvi ilə bağlı ərizə təqdim olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzilə dair xx.xx.2016-cı il tarixdə tərtib edilmiş texniki pasportunda qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 38,54 kv.m., yaşayış sahəsi 27.7 kv.m. təşkil edir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 5-21/2-Ə-153-159/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanda mülkiyyətinizdə olan evin yararsız vəziyyətində olmasını nəzərə alaraq söküb yenidən tikilməsinə icazə verilməsi barədə Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığınız müraciətə və təqdim olunmuş layihəyə baxılmışdır. Bildiririk ki, yaşayış evinin müvafiq sənədlərinin təqdim edilməsi şərtilə yuxarıda qeyd olunan ünvanda yerləşən, yaşayış üçün yararsız vəziyyətə düşmüş evin sökülməsinə və təqdim olunmuş layihə əsasında yenidən tikilməsinə Yasamal Rayon icra Hakimiyyəti etiraz etmir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, tikinti işləri aparılan zaman tərəfinizdən zəruri təhlükəsizlik tədbirləri görülməli, qonşuluqda yaşayan sakinlərin narahatçılığına səbəb ola biləcək hallara yol verilməməli, qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə əməl olunmalıdır.

8. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə 200,93 kv.m, faktiki sahəsi 207.1 kv.m təşkil edir. Fərdi y/e qeydiyyatdan mənzil kimi keçib. Həmin mənzil sökülərək həyət genişləndirilmiş və həmin həyətdə 2 mərtəbəli mansardalı ev tikilmişdir. Təsdiq edilmiş eskizdə ev 3 mərtəbəli göstərilib. Təsdiq edilmiş baş planla faktiki baş plan arasında fərqi var.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

21. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinası, həmçinin iddiaya yazılı etirazı daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçməsi, mənzilin söküldüyü və 2 mərtəbəli mansardlı fərdi yaşayış evinin inşa olunduğu məlum olması, mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi olmuşdur.

22. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

23. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzil yararsız vəziyyətə düşmüş, sökülüb yenidən fərdi yaşayış evi olaraq inşa olunmuşdur.

24. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli mətubuna əsasən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən mənzilin sökülməsinə etiraz edilməmiş, inşa ediləcək 2 mərtəbəli mansardalı fərdi yaşayış evinin təqdim olunmuş layihəsi (“CASTLE ARCHİTECTURAL COMPANY" MMC-nin işi) təsdiq edilmişdir.

25. Məhkəmə nəzərə alır ki, Yasamal Rayonu İcra Hakimiyyətinin inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur.

26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti barədə Yasamal rayon İcra Hakimiyyətinə məlumat verilmişdir.

27. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 6b ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar