Məhkəmə qərarları › İş №e-2-1(112)-2179/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2179/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2179/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Fikrət oğlunun və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Fikrət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Fikrət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-ci ildə Şəki şəhərində doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-ci ildən 1987-ci ilə qədər Azərbaycan mühəndis inşaat institutunda təhsil almışdır. xx.xx.1977-ci ildən hazıradək işləyir, o cümlədən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən usta, xx.xx.1990-cı il tarixindən iş icraçısı, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək 2ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, 01 aprel 2002-ci il tarixindən 31 oktyabr 2004-cü il tarixinədək X2s, İnk. şirkətində quraşdırıcı, xx.xx.2007-ci il tarixdən xx.xx.2010- cu il tarixədək "xxxx" kiçik müəssisəsində iş icraçısı, X4 Tikinti sahəsində xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək usta, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək inşaat işləri üzrə usta, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək quraşdırma işləri üzrə usta vəzifələrində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi şəxsin xx.xx.2006- cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması (6 il 10 ay 24 gün) qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, X4 xx.xx.2020-ci il tarixli AZF-2020/05-K saylı Arayışında iddiaçının işlədiyi sahələrlə yanaşı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cumaddəsində, “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vermişdir. Cavabdeh tərəfindən iddiaçının X5 usta kimi işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2010- cu ilədək olan dövrlər yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəzərə alındığı halda, iddiaçının “Azərdəniz neft inşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək usta kimi və 01 aprel 2002-ci il tarixindən 31 oktyabr 2004-cü il tarixinədək X2s, İnk. şirkətində quraşdırıcı kimi işlədiyi dövləri yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəzərə almamışdır. Göründüyü kimi iddiaçının ümumilikdə 13 ildən çox (13 il 09 ay 18 gün) zərərli iş stajı mövcuddur. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır.

3. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2022-ci il tarixli **********7 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 20 iyul 2022-ci il il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 ay 24 gün (xx.xx.1990- xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.2007-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010- cu il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında bildirilir ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı- xx.xx.1987-ci il tarixli 17 лс nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə qəbul edilmişdir. İddiaçı-xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 55/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı-xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 61 a nömrəli əmrə əsasən 2-ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifəsinə keçirilmişdir. İddiaçı-xx.xx.1991-ci il tarixindən xx.xx.1991 -ci il tarixli 78/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. İddiaçı- xx.xx.1992-ci il tarixli 111/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir İddiaçı-xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixli 95/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş (hal-hazırda qüvvədən düşmüş), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə) əsasən tikinti quraşdırma işləri üzrə usta və iş icraçısı güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildirilmişdir ki, “Neftqaztikinti" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D- 2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Əsas: şəxsi vərəqə-T2, kadr əmrləri

5. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diplomun surətindən görünür ki, iddiaçı 1982-1987-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat institutunda təhsil almışdır.

6. Əmək kitabçasından görünür ki, iddiaçı 1977-ci ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da işləyir.

7. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun olaraq əsaslandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Mcdermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Ə.H.Abdurəhmanovun qeyd olunan dövrlərdə “Mcdermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Ə.H.Abdurəhmanovun qeyd olunan dövrlərdə “Mcdermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi ilə bağlı adıçəkilən müəssisə tərəfindən 20 fevral 2020-ci il tarixli MCCİ/01/2020 nömrəli arayış təqdim edilmişdir. Lakin arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də onun güzəştli iş stajı imtinada qeyd olunduğu kimi 12 il 6 aydan az (6 il 10 ay 24 gün (xx.xx.1990- xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.2007xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010- cu il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir.

8. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı “Azərdənizneftinşaat” trestində (indiki "xxxx" tresti) usta, iş icraçısı, əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifələrində çalışmışdır. İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının (Siyahı) "Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “b) rəhbərlər və mütəxəssislər" alt bölməsindəki "yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzifəsi ilə, iş icraçısı vəzifəsi həmin bölmədəki “iş icraçıları” (kod: 2290000b—24441) vəzifəsi ilə uyğunluq təşkil edir. Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifəsi Siyahının yuxarıda qeyd olunan bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək) və Siyahının "XXXİİİ. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi öz əksini tapmamışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində “X2 və Ofşor Fabrikatorz” Məhdud Məsuliyyətli Cəmiyyəti (KOFMMC) adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı Panamanın "X3 İnc." Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 401 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1095, ünvan 1 barədə məlumat mövcuddur.

10. Məhkəmənin “X3 İnc” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı İddiaçı “X6” MMC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarında nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan peşələrin siyahısına uyğun olan vəzifələri (peşələri) barədə məlumat verilməsi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, arxiv sənədləri araşdırılmış və müvafiq işçi ilə bağlı aşağıdakı məlumatlar əldə edilə bilmişdir: İddiaçı (doğum tarixi: xx xxxxxx 1960-cı il): xx.xx.2002-ci ildən xx.xx.2004-cü il tarixədək “X3 İnc.” Şirkətində 6-cı dərəcə Quraşdırıcı (Structural Fitter gr. 6) vəzifəsində çalışmışdır; xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X6” Məhdud Məhsuliyyətli Cəmiyyətində 6-cı dərəcə Quraşdırıcı (Structural Fitter gr. 6) vəzifəsində çalışmışdır. Bildirilmişdir ki, “X6” MMC xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır.

11. Məhkəmənin “X3 İnc” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2002-xx.xx.2004-cü illərdə və xx.xx.2004-xx.xx.2006-cı illərdə “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı (Structural fitter gr.6) vəzifəsində çalışmışdır və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğundur.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

13. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci ildə müraciət etmişdir.

19. İddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə stajı iddiaçının ümumi stajı 40 ilə yaxındır.

20. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mübahisələndirilir. İddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə mübahisələndirilməyən iş stajı 6 il 10 ay 24 gündür.

21. İddiaçının xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsində işlədiyi, eləcə də xx.xx.2002xx.xx.2006-cı illərdə “X3 İnc” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işlədiyi dövr əmək şəraiti zərərli və ağır olan işlər kimi nəzərə alınmır.

22. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən bildirilmişdir ki, İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının (Siyahı) "Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “b) rəhbərlər və mütəxəssislər" alt bölməsindəki "yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzifəsi ilə uyğunluq təşkil edir.

23. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçının xx.xx.2002-xx.xx.2006-cı illərdə işlədiyi dövrlə bağlı iddiaçının əmək müqavilələri məhkəməyə təqdim edilmiş və “X3 İnc” Şirkəti tərəfindən həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğun olması təsdiq edilmişdir.

24. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

25. Qeyd edilən dövlər nəzərə alındığı təqdirdə (mübahisələndirilən 2 il 8 ay 28 gün və 4 il 1 ay 22 gün olmaqla cəmi 6 il 10 ay 20 gün) iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajı (iddiaçının mübahisələndirilməyən 6 il 10 ay 24 gün stajı var) 13 il 9 aydan çoxdur.

26. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

27. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

28. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

29. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar