Məhkəmə qərarları › İş №e-2-1(112)-2184/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2184/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2184/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildən başlamışdır. Belə ki, 1982-ci ildən 1984-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 N-li Bakı tibb məktəbində təhsil almışdır. xx.xx.1985-ci ildən xx.xx.1989-cü ilədək Bakı şəhəri Xətai rayonu 240 saylı körpələr evi uşaq bağçasında tərbiyəçi işində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək “Bakı Neft Maşınqayırma zavodu" MMC-nin nəzdində olan uşaq bağçasında tərbiyəçi işində işləmişdir. xx.xx.1994-xx.xx.1995-ci ilədək Azərmaşavadanlıq idarəsində idarənin təchizat şöbəsinə ekspeditor vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhəri 2 nömrəli X5 Tibb bacısı vəzifəsinə qəbul olunub və hal hazıradək həmin müəssisənin İİ dispanser şöbəsində tibb bacısı vəzifəsində çalışır. Bu peşə və vəzifə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı xx.xx.2024-cü il tarixədək 25 il 7 ay 27 gün təşkil edir. Cavabdeh təşkilata pensiyanın təyin edilməsi üçün müraciət edilsə də, heç bir faydası olmamışdır. Hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmuşdur.

3. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya Kapitalı əmək pensiyasının, minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlara əsasən, İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 1 ay 5 gün (xx.xx.1982-xx.xx.1984-cü il xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2008-2023-cü illər üzrə cəmi 15 il 2 ay)) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 22000.88 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı ИТ-1 ******* nömrəli əmək kitabçası araşdırılarkən, 2-5-ci səhifələrinin 1-2-ci qeydlərində göstərilən məlumatların həqiqiliy əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən qeydlər həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilib. Eyni zamanda, həmin əmək kitabçasın xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində uşaq bağçasında işlədiyi göstərildiyi halda Azneftmaş şirkəti Bakı maşınqayırma zavodunun möhürü ilə təsdiq edilib. Bu səbəblərdə də, həmin qeydlərdə göstərilən dövrləri iş stajına daxil etmək mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığın təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən 4 aprel 2024-cü il tarix 3-17-1/2-A-77372/2024 nömrəli məktubla İddiaçı ətraflı məlumat verilib.”

4. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (18 il 1 ay 5 gün (xx.xx.1982-xx.xx.1984-cü il xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2008-2023-cü illər üzrə cəmi 15 il 2 ay)) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 22000,88 manat təşkil edir. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən, 2-5-ci səhifələrinin 1-2-ci qeydlərində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən qeydlər həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Halbuki hər hansı bir müəssisəyə məxsus möhürün funksiyası həmin müəssisə tərəfindən tərtib edilmiş sənədlərə hüquqi qüvvə verməkdən ibarətdir. İddiaçının əmək kitabçasının mübahisələndirilən hissəsinin həmin dövrdə mövcud olmayan qüvvəsi olmayan möhürlə təsdiqlənməsi əmək kitabçasının həmin hissəsinin hüquqi qüvvəsinin olmadığına açıq-aydın sübutdur. Çünki həmin möhürün həmin dövrdə hüquqi qüvvəsi olmamışdır. Eyni zamanda, həmin əmək kitabçasında xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində uşaq bağçasında işlədiyi göstərildiyi halda Azneftmaş şirkəti Bakı maşınqayırma zavodunun möhürü ilə təsdiq edilmişdir. Halbuki əmək kitabçasındaki pozuntuların doğurduğu şübhələr başqa mötəbər dəlillərlə aradan qaldırılmalıdır. Belə ki, işəgötürənlə yanaşı, işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Normanın məzmunundan göründüyü kimi işçinin əmək kitabçasındaki səhv və qeyri-dəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ və bu hüquqdan istifadə etmək öhdəliyi vardır. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Yuxarı orqan olmadıqda və ya düzəliş edilməsindən imtina etdikdə isə ümumi məhkəmələrə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə ümumi məhkəmələr tərəfindən baxılır. Beləliklə iddiaçının əmək kitabçasındaki səhvlər və ya qeyri-dəqiq yazılar işəgötürən və ya ümumi məhkəmələr tərəfindən öz həllini tapdıqdan sonra iddiaçı ona pensiyanın təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət etməli idi. Əlavə olaraq qeyd edək ki iddiaçı iddia ərizəsində 1982-1984-cü illərdə Azərbaycan SSRİ Səhiyyə Nazirliyinin 1 saylı tibb məktəbində təhsil aldığını bildirsə də, bununla bağlı, həmçinin əyani formada təhsil alması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Qeyd olunanlara əsasın iddia tələbinni rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, X4 sənədləri saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir.

6. Məhkəmənin sorğusuna əsasən “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 25 dekabr 2024-cü il tarixli 3-48-DA/2-871/2024 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" MMC-nin (keçmiş “Kirov” adına maşınqayırma zavodu) uşaq bağçalarının sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməyib.

7. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi 12 mart 2025-ci il tarixli 3-21-2-4/2-124599/2025 saylı məktubu ilə bildirmişdir ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin nəzdində olan uşaq bağçasının mövcudluğu barədə məlumat müəyyən edilməmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3-21-3/2-4809/2025 saylı 07 aprel 2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 31 oktyabr 2001-ci il tarixli, 190 nömrəli sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Maşınqayırma Zavodunun bazasında “Bakı Maşınqayırma Zavodu” Törəmə Səhmdar Cəmiyyəti yaradılmışdır. Qeyd edilən səhmdar cəmiyyəti yaradılan zaman Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən Uşaq bağçası özəlləşdirilməyən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər siyahısına əlavə edilərək səmərəli istifadəsinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə yerli özünüidarəetmə orqanının balansına verilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3-21-3/2-7623/2025 23 may 2025 -ci il tarixli məktubu ilə bidlirmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 190 nömrəli sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Maşınqayırma Zavodunun bazasında “Bakı Maşınqayırma Zavodu” Törəmə Səhmdar Cəmiyyəti yaradılmışdır. “Bakı Maşınqayırma Zavodu” Törəmə Səhmdar Cəmiyyəti yaradılan zaman Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən Uşaq bağçası özəlləşdirilməyən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər siyahısına əlavə edilərək səmərəli istifadəsinin və qorunub saxlanılmasının təmin edilməsi məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanının balansına verilməsi nəzərdə tutulmuşdur.

10. Məhkəmənin sorğusuna əsasında təqdim edilən 1 Nömrəli Bakı Tibb X8 Şəxsi 18 avqust 2025-ci il 3-28-22/2-Ə-4-80/2025 saylı arxiv arayışına əsasən, İddiaçı həqiqətən 1982-ci ildə (Əmr № 49, §3, xx.xx.1982) F.N.İlyin adına 1 nömrəli Bakı Baza Tibb Məktəbinin (hazırkı “1 nömrəli Bakı Tibb Kolleci” PHŞ) “Tibb bacısının işi” şöbəsinə əyani qəbul olub və 1984-cü ildə (Əmr № 39, §4, xx.xx.1984) həmin məktəbi bitirərək “Tibb bacısı” ixtisası və ЗT № 034577 (qeydiyyat nömrəsi 354) diplom almışdır.

11. Məhkəmənin sorğusuna əsasən cavabdehin 13 avqust 2025-ci il tarixli 3-17-1/2- 191119/2025 saylı məktubu ilə bidlirilmişdir ki, X1 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı 15 il 5 ay 28 gün (xx.xx.2008xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdehin 21 oktyabr 2025-ci il tarixli 3-17-1/2- 253831/2025 saylı məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 29 may 1986-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1985-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində uşaq bağcasında tərbiyəçi vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı, sözügedən əmək kitabçasının 4-5-ci səhifələrində 2-ci qeydin həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilib. Buna görə də İddiaçı xx.xx.1985-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində işləməyinə əsaslı şübhə yaranıb. Bu səbəbdən də, həmin dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdil.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

24. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağı olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

26. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun, 23 yanvar 2007-ci il tarixdən sonra isə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bəndlərə uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

27. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür,1982-1984-cü illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 N-li Bakı tibb məktəbində təhsil almış, əmək fəaliyyətinə xx.xx.1985-ci ildə başlamışdır.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının güzəştli iş stajı bağlı mübahisə yoxdur.

29. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmişdir. Belə ki, ümumi iş stajının qanunvericiliklə müəyyən olunmuş müddətdən az - 18 il 1 ay 5 gün (xx.xx.1982xx.xx.1984-cü il xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2008-2023-cü illər üzrə15 il 2 ay) olduğu əsas gətirilmişdir.

30. İddiaçının mübahisələndirilən xx.xx.1985-xx.xx.1989-cu illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci ildə Şaumyan rayonu 240 №-li körpələr evi -uşaq bağçasına körpələr qrupuna tərbiyəçi təyin edilir (Əmr № 158 § 2, 14.11.85, Əmr № 532 § 4,12.11.85), xx.xx.1989-cu ildə Orconikidze rayonuna yeni yaşayış yerinə köçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (Əmr № 505 §18, 12.09.89, Əmr № 261 § 1,12.09.89). Hər iki qeyddə 240 №li k/e-u/b müdirinin imzası var.

31. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında xx.xx.1985 və xx.xx.1989-cü illərə dair qeydlərin həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edildiyi müəyyən edildiyindən həmin dövrlər onun iş stajına daxil edilməmişdir.

32. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

34. Məhkəmə əmək kitabçasını nəzərdən keçirərək müəyyən etmişdir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Cavabdeh dəlillərini onunla əsaslandırmışdır ki, qeydlərin (xx.xx.1985-xx.xx.1989) həmin dövrdə mövcud olmayan, qüvvəsi olmayan möhürlə təsdiqlənməsi əmək kitabçasının həmin hissəsinin hüquqi qüvvəsinin olmadığına açıq-aydın sübutdur. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların natamam olması - həmin dövrdə mövcud olmayan möhür ilə təsdiq edilməsi iddiaçının əleyhinə təsvir edilə bilməz. Həmin hal vətəndaşın məsuliyyət dairəsinə düşmədiyindən iddiaçının xeyrinə dəyişməyən haldır. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır.

35. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bir daha təsdiq edilir ki, iddiaçı xx.xx.1985-xx.xx.1989-cu il tarixədək 240 №-li körpələr evi - uşaq bağçasında 1 ştat vahidi olmaqla tərbiyəçi vəzifəsində çalışıb. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

36. İddiaçının mübahisələndirilən xx.xx.1990-xx.xx.1993-cü illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1990-cü ildə S.M.Kirov adına Maşınqayırma zavodu Uşaq bağçasına tərbiyəçi qəbul edilmiş (Əmr № 916/k, 14.11.90), xx.xx.1993-cü ildə Az.Resp. ƏQM 37-ci maddəsi üzrə (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr № 687/k, 30.12.93).

37. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində uşaq bağçasında işlədiyi göstərildiyi halda Azneftmaş şirkəti Bakı maşınqayırma zavodunun möhürü ilə təsdiq edildiyi müəyyən edildiyindən həmin dövrlər də onun ümumi iş stajına əlavə edilməmişdir.

38. Məhkəmə hesab edir ki, əmək kitabçasında xx.xx.1990-xx.xx.1993-cü il tarixlərə dair aparılmış qeydlər məhz iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiq edilərək möhürlənmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 31 oktyabr 2001-ci il tarixli, 190 nömrəli sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Maşınqayırma Zavodunun bazasında “Bakı Maşınqayırma Zavodu” Törəmə Səhmdar Cəmiyyəti yaradılmışdır. Qeyd edilən səhmdar cəmiyyəti yaradılan zaman Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən Uşaq bağçası özəlləşdirilməyən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər siyahısına əlavə edilərək səmərəli istifadəsinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə yerli özünüidarəetmə orqanının balansına verilmişdir. Qeyd edilənlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əldə edilən məlumatlar ilə təsdiq olunur.

39. Göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə (xx.xx.1990-xx.xx.1993-cü illər) işlədiyi müəssisə “Bakı Neft Maşınqayırma zavodu" MMCnin nəzdində olan uşaq bağçası (2001-ci ildən sonra uşaq bağçası özəlləşdirilməyən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər siyahısına əlavə edilərək yerli özünüidarəetmə orqanının balansına verilmişdir) mövcud olmuş, yuxarı orqanın möhürü ilə təsdiq edilmiş və onun həmin müəssisədə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsi şübhə doğurmur.

40. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

41. Nəticə etibarı ilə iddiaçının, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cü il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.

42. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

43. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

44. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir (Həmin Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir).

45. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

46. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

47. İddiaçının azı 25 il iş stajına malik olduğu sübut olunduğundan cavabdeh fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina etməklə haqlı olmamışdır.

48. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

49. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 58 yaş 6 aydan, xx.xx.2024-cü il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar