Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2186/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illəri, həmçinin, təhsil müddəti nəzərə alındıqda, onun iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq imtina məktubu ilə qanunvericilikdə tələb olunan güzəştli iş stajının olmadığı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qaz-turbin qurğuların qazan maşinistləri vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsinə aid deyil. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 55 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının olmaması;
2. Qaz-turbin qurğularının maşinisti vəzifəsinin güzəştli pensiya hüququ verən siyahıda nəzərdə tutulmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1967-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olduğundan, onun 55 yaşı xx.xx.2022-ci il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunmur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 50 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş, ümumi staj və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının olmaması və onun işlədiyi “Qaz-turbin qurğularının maşinisti” vəzifəsinin güzəştli pensiya hüququ verən Siyahıda nəzərdə tutulmaması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “qaz-turbin qurğularının maşinisti” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" ASC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi və əmək funksiyası icra etdiyi qazanxana maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab olunur və həmin qərar ilə təsdiq olunmuş siyahının 24.a) bəndində nəzərdə tutulur. Göründüyü kimi, "xxxx" ASC iddiaçının xx.xx.1990-xx.xx.2009 dövrlər üzrə işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, “qazanxana maşinisti” peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24a) bəndində nəzərdə tutulan “qazanxana avadanlığı üzrə nəzarətçi maşinisti” peşəsi ilə ilə funksiolan fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və peşə, yəni qazanxana maşinisti konkret olaraq Siyahıda həmin adda qeyd olunmasa da, funksional fəaliyyət baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24a) bəndində nəzərdə tutulan “qazanxana avadanlığı üzrə nəzarətçi maşinisti” peşəsi ilə eynilik təşkil etdiyi təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1050/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh inzibati orqan vətəndaşın “motor vaqon seksiyalarının maşinisti” və “motor vaqon seksiyalarının maşinistin köməkçisi” vəzifəsində işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almasa da, kassasiya instansiyası məhkəməsi müvafiq arayışları əsas götürərək həmin vəzifələrin siyahıda nəzərdə tutulmasına, həmçinin “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” vəzifəsi ilə eynilik təşkil etdiyi qənaətinə gəlmişdir. Bundan başqa Məhkəmə, iddiaçının işlədiyi peşənin zərərli olması ilə bağlı qeyd edir ki, “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasi”nda qazanxana maşinisti peşəsinin (hər dərəcə üzrə ayrı-ayrılıqda) əmək funskiyaları göstərilmiş, həmin peşə üzrə fəaliyyət göstərən şəxslərin ümumi istilik istehsalı olan su qızdırıcı və buxar qazanlarına xidmət və ya bərk yanacaqla işləyən, istilik istehsalı gücü olan su qızdırıcı və buxar qazanlarına xidmət göstərir; nəzarət-ölçü cihazlarında suyun səviyyəsinə, təzyiqə və buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət edir və bundan irəli gələn digər fəaliyyətlər üzrə əmək funksiyalarını icra edir. Göründüyü kimi iddiaçının işlədiyi peşənin zərərli olması icra etdiyi əmək funksiyalarından da görünür. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2022-ci il tarixədək güzəşli iş stajı 10 ildən çox təşkil etdiyi müəyyən edir. (xx.xx.1990-xx.xx.2009) Hazırki işin mübahisələndirilən hallarına aid olmasa da, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022ci il tarixdə cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 55 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov