Məhkəmə qərarları › İş №e-2-1(112)-2188/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2188/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2188/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********740200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********740200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında ona 2022-ci il üçün kameral qaydada 17001,44 manat əlavə vergi məbləği hesablanmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən 2022-ci il ərzində “Emsa Food“ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) elektron qaimə fakturalar əsasında 91037,79 manat dəyərində müxtəlif növ meyvə məhsulları təqdim edilmişdir. Həmin dövriyyəyə uyğun olaraq tərəfindən dövlət büdcəsinə 1119,12 manat məbləğində gəlir vergisi hesablanmış, lakin vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamə qəbul edilməmiş və ona mübahisələndirilən qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən 2022-ci il üzrə malların təqdim edilməsi ilə bağlı yalnızca 435 manat sığorta məbləği xərc kimi nəzərə alınmış və buna uyğun olaraq (91037,79-435)* 20 % = 18120,56) ödənilməli olan gəlir vergisinin məbləği 18120,56 manat müəyyən edilmiş, həmin məbləğdən də, təqdim edilmiş bəyannamə üzrə bəyan edilmiş vergi məbləği çıxılmaqla əlavə 17001,44 manat əlavə vergi məbləği hesablanmışdır. Bu şəkildə hesablamanın aparılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, vergi orqanı malların alış sənədlərinin olmamasını əsas götürərək bu şəkildə hesablama aparmışdır. Lakin vergi orqanı tərəfindən qüvvədə olan vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********378400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, hazırda mübahisə predmetini təşkil edən qərar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Üzüm, Badımcan, Alma, Avokado və.s.” qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Həmçinin vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi cdəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********543300 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirirlər ki, iddiaçı tərəfindən “Emsa Food“ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) elektron qaimə fakturalar əsasında 91037,79 manat dəyərində müxtəlif növ meyvə (portağal, ananas, alma, greyfrut, banan, alça, laym, gilas, kivi, şaftalı, avokado, ərik, armud, limon, nar, xurma, korolyok, əncir, kaju kokos, gavalı, heyva, feyxoa, mandarin), tərəvəz (pomidor, bibər, kartof, soğan, xiyar, badımcan, kələm, çiyələk, kök, kahı, üzüm, rukola, sarımsaq, göbələk, kabaçki, çuğundur, badyan, turp, dəfnə yarpağı, göyərti, kəklik otu, nanə, rozmarin, dərəotu, qarpız, dağ keşnişi və s), göyərti, göbələk və çörək məhsullarının təqdim edildiyi, elektron qaimə fakturalar və elektron alış aktları əsasında mallar əldə edilmədiyi, Beyləqan rayonu ünvanında yerləşən ümumi sahəsi 500,0 m2 olan **********- 39001 obyekt kodlu “Əkin sahəsi" adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Salyan rayonu, Qarabağlı ünvanında yerləşən ümumi sahəsi 6000,0 m2 olan **********- 70001 obyekt kodlu “İstixana” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə uçota alındığı, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə fəaliyyət növünü “sair tərəvəz və bostan məhsullarının becərilməsi”nə dəyişdirmiş, eyni gündə 2022-ci il üçün dəqiqləşmiş gəlir vergisi bəyannaməsinin təqdim edərək hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı vergi orqanına müraciət etmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin gəlirlər hissəsində 91037,78 manat, xərclər hissəsində 860,52 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququnu nəzərə alaraq 4508,86 manat gəlir vergisi bəyan etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini bəyan ediləcək məlumatlar olmadan təqdim etmişdir. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə sonuncu bəyannamə üzrə kamerai vergi yoxlaması keçirilmiş və təqdim edilmiş elektron qaimələrin cəmi olan 91037,78 manat gəlir kimi, 435,0 manat sığorta haqqı məbləği xərc kimi nəzərə alınaraq 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 18120,56 manat vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə Beyləqan və Salyan rayonlarında müxtəlif şəxslərin adına olan torpaq sahələrini icarə müqaviləsi əsasında vergi orqanında uçota qoyulmuşdur. Sonradan xx.xx.2023-cü il tarixdə gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1 -ci (malların təqdim edilməsindən gəlir) sətrində 96854,85 manat və 1224.8-ci (vergilərdən azad edilən gəlirlər) sətrində 74472,47 manat qeyd edərək 22382,38 manat gəlir kimi, bəyannamənin "hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1238-ci (cəmi xərclər) sətrində 1300,0 manat və 1239-cu (ümumi gəlirdən çıxılmayan xərclər) sətrində 74472,47 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 1119,12 manat gəlir vergisi bəyan etmiş və bəyannamənin 1 nömrəli əlavəsinə əsasən ilin sonuna 33638,62 manat debitor borc məbləği qeyd etmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kamerai vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********481600 nömrəli və xx.xx.2023-cü il tarixli **********185300 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kamerai vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 18120,58 manat (91037,78-435)*20% əlavə vergi məbləği hesablanmışdır. Sonuncu dəfə iddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyannamə ilə əlaqədar yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə "Kamerai vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********531400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 18120,58 manat (91037,78-435)*20%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 21,12.2023-cü il tarixli **********378400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin bildirirlər ki, iddiaçı tərəfindən inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********777300 nömrəli Qərar qəbul edilmişdir. İnzibati icraat çərçivəsində izahat verən iddiaçının nümayəndəsi ödəyicinin məlumatsız olduğu üçün təsərrüfat subyektini 2022-ci ildə qeydiyyata almadığını, sonradan icarə müqaviləsinə əsasən obyekt qeydiyyata alındığını, icarə müqaviləsinin 2022-ci ildə bağlandığını, satılmış mallarla bağlı ödənişlərin bank hesabı vasitəsi ilə aparıldığını, fərdi sahibkar tərəfindən təqdim edilmiş bütün meyvələrin və bunlardan əlavə albuxara, “Çin maydanozu” (cəfərisi), Antep fıstığının da Meyvəli bazarından alındığını, kənd təsərrüfatı məhsullarının yetişdirilib satışından başqa ailə üzvləri tərəfindən yufka (un məmulatı) və lavaşın da bişirilərək satıldığını, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ailə üzvlərinin kömək etdiyini, müəyyən günlər kənd camaatının günəmuzd işlədiyini və ödənişin nağd qaydada aparıldığını, fərqli qulluq tələb edən müxtəlif növ tərəvəzin eyni istixanada becərilməsinin mümkünlüyünün əsası kimi hər məhsul ayrılıqda qulluq olunduğunu və bir birindən ayrıldığını bildirmişdir. Vergi ödəyicisi Beyləqan rayonunda yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı verdiyi izahatında icarəyə götürdüyü torpaq sahəsində 2022-ci ildə əsasən kartof və soğan məhsulu yetişdirdiyini, ümumilikdə həmin sahədə təxmini olaraq 1000,0 kiloqram kartof və 1000,0 kiloqram soğan məhsulunu yetişdirdiyini, 2023-cü ildə həmin sahədə qarğıdalı becərdiyini bildirməyinə baxmayaraq təqdim edilmiş elektron qaimə fakturalara əsasən 2022-ci ildə 5488,8 kiloqram kartof və 5721,2 kiloqram soğan (adı və qırmızı) təqdim edildiyi müəyyən edilmişdir. Salyan rayonu Qarabağlı ünvanında yerləşən təsərrüfat subyektində keçirilən yerində baxış zamanı vergi ödəyicisi izahatında iki nəfər fiziki şəxsi yarımştat olaraq işə qəbul etdiyini, yetişdirdiyi kənt təsərrüfatı məhsullarını iyun ayından başlayaraq Bakı şəhərində yerləşən ictimai iaşə obyektinə təqdim etdiyini bildirmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş elektron qaimə fakturaların araşdırılması zamanı satılmış malların böyük əksəriyyətinin pomidor məhsulu (32584,9 manat) olmasına baxmayaraq vergi ödəyicisinin hər iki təsərrüfat subyektində keçirilən yerində baxış zamanı çəkilmiş şəkillərə əsasən pomidor məhsulu müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci və 2023-cü illərdə elektron qaimə fakturalar əsasında kənd təsərrüfatı mallarını təqdim etdiyini, izahatlarında işlərin yerinə yetirilməsinə muzdlu işçiləri cəlb etdiyini bildirməsinə baxmayaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. Eyni zamanda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş arayışlarda vergi ödəyicisinin 2022-ci ildə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin eyni predmet barəsində şikayəti təmin edilməmiş, kameral vergi yoxlaması barədə Qərarın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı tərəfindən qeyd olunmuş “şərti rentabellik norması əsasında hesablama“ya münasibətdə isə bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş mənfəətin (gəlirin) hesablanması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdehin xx.xx.2023-cü il tarixli **********543300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Üzüm, Badımcan, Alma, Avakado və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Vergi Məcələsinin 13.2.82-ci maddəsinin tələblərinə nəzərə alaraq, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 2023-cü il tarixli **********378400 nömrəli qərarına əsasən 2022-ci il gəlir vergisi üzrə iddiaçıya 18.120,56 manat məbləğində vergi borcu məbləği hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi, təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-cij, "Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), "Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), "Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), &qııot;Nəqliyyat xərcləri" (1233-cü), "Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 75864.81 manat), tərəflərindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (0.00 manat) (->-) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar iizro ödəmələr) (+) 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 75864.81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 iyul 2023-cü il tarixli **********777300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması braədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir.

11. Cavabdeh orqan tərəfindən iddiaçının parnik sahəsindən fotoşəkillər, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş “iddiaçının vergi ödəyicisi kimi Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmaması barədə” məktub, Kənd Təsərrüfatı Nazirliyi X7 İnkişaf Mərkəzi tərəfindən verilmiş “2022-2023-cü il bəyan dövrü üzrə İddiaçı aid (VÖEN: **********) X4 İnformasiya Sistemində məlumat taılmaması barədə” məktub məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 18.120,97 manat əlavə gəlir vergisi hesablamışdır.

23. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

24. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, 20%-lə gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 18.085,97 manat əlavə gəlir vergisi hesablamışdır.

25. İddiaçı bu halla razılaşmır və hesab edir ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri tətbiq edilməklə vergini hesablamalı idi.

26. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.

27. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

28. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir.

29. Həmin Meyarların: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

30. Hazırki mübahisədə cavabdeh iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 26426,73 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışında “Üzüm, Badımcan, Alma, Avokado və s.” qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Nəticədə həmin mallara çəkilmiş xərclər iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən ümumilikdə 75864.81 manat məbləğində sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin bəyannamədə iddiaçı tərəfindən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərk kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

31. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir.

32. Belə ki, Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir.

33. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Üzüm, Badımcan, Alma, Avokado və s.” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar həmin mallar deyil, başqa mal olsun.

34. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının təqdim etdiyi bütün meyvələrin və bunlardan əlavə albuxara, “Çin Maydanozu (cəfərisi), Antep fıstığının da Meyvəli bazarından alındığı, bu zaman ona hər hansı bir elektron qaimə faktura təqdim edilməməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilib satışından başqa ailə üzvləri tərəfindən yufka (un məmulatı) və lavaşın da, bişirilərək satıldığını, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ailə üzvlərinin kömək etməsi, müəyyən günlər kənd camaatının günəmuzd işləməsi və ödənişin nağd qaydada aparıldığını, fərqli qulluq tələb edən müxtəlif növ tərəvəzin eyni istixanada becərilməsinin mümkünlüyünün əsası kimi hər məhsulun ayrılıqda qulluq olunduğunu və bir-birindən ayrıldığı əsas göstərilmişdir. Cavabdehin iddiaçının qida təhlükəsizliyi qeydiyyatına alınmaması və X4 İnformasiya Sistemində barəsində məlumat tapılmaması ilə bağlı dəlilləri isə bütovlükdə iddiaçının dəlillərinin əsassız hesab edilməsi üçün əsas deyildir.

35. Həmçinin mübahisəli qərarla iddiaçıya gəlir vergisi hesablanarkən cavabdeh vergi orqanı mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır.

36. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

38. Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır.

39. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır.

40. Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır.

41. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır.

42. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.

43. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

44. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

46. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir.

47. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanını hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir.

48. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir.

49. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

50. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

52. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

53. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

54. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********378400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar