Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2197/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydində soyadının dəyişdirilərək, “Həsənova” qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş X5 aid 14.07.1977-ci il tarixli, 1049 №-li doğum akt qeydinə Bakı şəhəri Nəsimi rayonu X1 Dövlət Qeydiyyatı şöbəsinin 04.11.2003-cü il tarixli bildirişi əsasında soyadının sonluğunda, “Həsənova”dan “Həsənzadə”yə düzəliş edilməsinə dair qeydin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğumu haqqında akt qeydi Bakı şəhəri Kirov (Binəqədi) rayon VVAQ şöbəsində 14.07.1977-ci il tarixli, 1049 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onun doğumu haqqında şəhadətnamədə qızlıq soyadı Həsənova olmuşdur. Ata adı X6, ana adı isə X2 qeyd edilmişdir. O, 16 yaşında Sovet pasportu alanda soyadı “Həsənova” yazılmışdır. Universitetdə təhsil alarkən və bitirərkən diplomunda soyadı “Həsənova” yazılmışdır. 22.06.1998-ci ildə Azərbaycan Respublikasının Ümumvətəndaş pasportunu almışdır və Ümumvətəndaş pasportunda soyadı “Həsənova” yazılmışdır. Həmin ili Türkiyə Respublikasına getmişdir bir il orada yaşadıqdan sonra 04.06.1999-cu ildə Türk vətəndaşı Mavibaş Uğurla rəsmi nikaha daxil olmuşdur. Nikahı Azərbaycan Respublikasında da qeydiyyata alınmışdır. Nikahdan sonra ona “Mavibaş” soyadı verilmişdir. Onun doğum haqqında şəhadətnaməsində soyadına düzəliş edilmiş və “Həsənova” yerinə “Həsənzadə” yazılmışdır. Sonradan ona məlum olmuşdur ki, doğumu haqında akt qeydində soyadı “Həsənzadə” kimi qeyd edilmişdir. O, qızlıq soyadının Həsənzadədən “Həsənova”ya qaytarılması üçün doğumu haqında akt qeydi olan Binəqədi rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi onun soyadının dəyişdirilməsindən imtina etmişdir və və ona 26.08.2021-ci il tarixli imtina məktubu verərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun bütün sənədlərində qızlıq soyadı “Həsənova” yazılmışdır ona görə o, qızlıq soyadının Həsənova kimi qeyd edilməsini istəyir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03.09.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 28.12.2021-ci il tarixli iddiaya dair mülahizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün ərizəni təmin etmək mümkün olmamışdır. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İşin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Kirov rayon VVAQ şöbəsi tərəfindən 14.07.1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 319218 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş X4 doğumu doğum haqqında akt qeydləri kitabında 1977-ci ilin iyul ayının 14-cü günündə 1049 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə uşağın atası X6, anası Həsənova X2 kimi qeyd edilmişdir. 13.09.1993-cü ildə Nəsimi RPİ-nin 21-ci PB tərəfindən xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş X5 XXV-ЖГ seriyalı 665605 № SSSR vətəndaşlıq pasportu verilmişdir. 22.06.1998-ci il tarixdə Azərbaycan Respublikası DİN BPQMİ tərəfindən xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş X5 PO502746 №li Ümumvətəndaş pasportu verilmişdir 2007-ci ildə Azərbaycan Dövlət Dillər Universiteti tərəfindən X5 həmin Universitetdə Filologiya ixtisası üzrə ali təhsil almasına dair B seriyalı 077493 №-li ali təhsil haqqında diplom verilmişdir. Türkiyə Respublikası Daxili işlər Nazirliyi Baş Əhali və Vətəndaşlıq İşləri İdarəsi tərəfindən verilmiş F 01 seriyalı 548289 №-li X8 Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş (tərcümə) surətindən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü Həsənova Leyla 03.06.1973-cü il təvəllüdlü Mavibaş Uğurla 04.06.1999-cu il tarixdə nikaha daxil olmuşdur. Nikah Üsküdar VVAQ idarəsi tərəfindən qeydiyyata alınmışdır. Nikahdan sonra ərin soyadı Mavibaş, arvadın soyadı Mavibaş kimi qeyd olunmuşdur. 24.08.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən xx xxxx 1977ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-14910-1221 №li 23.09.2021-ci il tarixli məktubu ilə məhkəməyə 24.08.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən İddiaçı verilmiş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər olaraq- Kirov rayon VVAQ şöbəsi tərəfindən 14.07.1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 319218 №-li doğum haqqında şəhadətnamənin; 03.08.2002-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ tərəfindən İddiaçı verilmiş AZE seriyalı 00616045 №li şəxsiyyət vəsiqəsinin; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 16.08.2021-ci il tarixli ******* №li arayışın surətləri və X5 aid “Məlumat” təqdim olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 05/Q-2191/13 saylı 06.10.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 14 iyul 1977-ci il tarixli 1049 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Həsənzadə (qeyddə Həsənova soyadına düzəliş edilərək Həsənzadə kimi qeyd olunmuşdur) Leyla Aydın qızı xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum akt qeydinində ata haqqında məlumatda X6, ana haqqında məlumatda isə X3 qeyd edilmişdir. Akt qeydində Bakı şəhəri Nəsimi rayonu X1 Dövlət Qeydiyyatı şöbəsinin 04.11.2003-cü il tarixli bildirişi əsasında soyadının sonluğunda, “Həsənova”dan “Həsənzadə”yə düzəliş edildiyi qeyd olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin 05/Q-2185/75 saylı 30.11.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 2 №li qərarı ilə təsdiq edilmiş "X1 dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın tələblərinə əsasən qeydiyyat şöbələrində göndərilən bildirişlər 5 il, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müvafiq akt qeydlərində dəyişiklik edilməsinə dair göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər 3 il saxlanılır. İddiaçının hazırkı tələblə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə etdiyi 26.08.2021-ci il tarixli müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, doğum haqqında şəhadətnamədə soyad sonluğunun “Həsənzadə"-dən “Həsənova”-ya düzəliş edilməsi barədə “Azərbaycan Respublikası Vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993 -cü il tarixli 495 saylı qərarına əsasən “Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadları “-li” (sözün kökündən asılı olaraq “-lı”, “-li”, “-lu”, “-lü” ), “-zadə”, “-oğlu”, sonluqlu və sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər”. Soyadın sonluğunun -"ov”,-”yev"-ə düzəliş edilməsi qanunda nəzərdə tutulmamışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İddiaçının iddia tələbi doğum akt qeydinə dəyişiklik edilməsinə dair qeydin ləğv edilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "mübahisələndirmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı akt qeydində aparılmış düzəlişin ləğv edilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; X1 qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; X1 qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilərkən, heç bir qanuni əsasa istinad olunmamışdır. Dəyişikliyin aparılmasına əsas kimi göstərilmiş, Bakı şəhəri Nəsimi rayonu X1 Dövlət Qeydiyyatı şöbəsinin 04.11.2003-cü il tarixli bildirişinin məzmununun (göstərişinin) nədən ibarət olmasını isə, həmin sənədin təqdim olunmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş X5 aid 14.07.1977-ci il tarixli, 1049 №-li doğum akt qeydində, Bakı şəhəri Nəsimi rayonu X1 Dövlət Qeydiyyatı şöbəsinin 04.11.2003-cü il tarixli bildirişi əsasında iddiaçı Mavibaş (Həsənova) Leyla Aydın qızının soyadının sonluğunda, “Həsənova”dan “Həsənzadə”yə düzəliş edilməsinə dair aparılmış qeyd ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-2197/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2197/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver