Məhkəmə qərarları › İş №e-2-1(112)-2198/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2198/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2198/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1008 kv.metrli 27-34 saylı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X5 adına arayışın və müvafiq texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı Ayaqqabı Fabrikinin “Primorye” X4 Heyətinin yığıncağının xx.xx.1988-ci il tarixli, 1 saylı protokoluna əsasən, iddiaçının mərhum həyat yoldaşı X5 “Primorye” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması və ona 27 saylı, 504 kv.metr bağ sahəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan “Primorye” X4 Heyətinin yığıncağının xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən Akşin Əfəndiyevin 27 saylı 504 kv.metr bağ sahəsinə boş qalmış 34 saylı sahənin əlavə olunması və ona bağ sahəsi 27-34 sayı ilə qeydə alınmaqla, 1008 kv.metr bağ sahəsinin daimi istifadəyə verilməsi qərara alınmışdır. Akşin Əfəndiyevxx.xx.2011-ci ildə vəfat etmişdir. xx.xx.2011-ci ildə vəfat etmiş X7 ayrılmış 1008 kv.metr bağ torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir və göstərilən torpaq sahəsi vərəsəlik hüququ əsasında miras kütləsinə daxildir. Göstərilən 1008 kv.metr torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyanın adına arayışın və müvafiq texniki sənədlərin alınması üçün iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası tamamilə əsassızdır. İddiaçı tərəfindən cavabdehə Bakı şəhəri 1 saylı Ayaqqabı Fabrikinin “Primorye” X4 Heyətinin yığıncağının xx.xx.1988-ci il tarixli, 1 saylı protokolundan çıxarış və “Primorye” X4 Heyətinin yığıncağının xx.xx.1997-ci il tarixli, 2 saylı protokolundan çıxarış, həmçinin Bağçının üzvlük kitabçası və “Primorye” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısı təqdim olunmuşdur. Göründüyü kimi, protokollardan çıxarışın biri 1988-ci il, ikincisi isə 1997-ci il tarixlidir. Yəni qərarlar bu tarixlərdə qəbul olunmuşdur. Sadəcə olaraq protokollardan çıxarışlar – 1 saylı çıxarış 29 may 2007-ci ildə, 2 saylı çıxarış isə 28 may 2007-ci ildə təqdim olunmuşdur. Cavabdeh isə tam əsassız olaraq çıxarışların vətəndaşa təqdim olunması tarixini qərarın verilməsi tarixi kimi göstərməklə, faktiki olaraq “nə bəhanə olursaolsun, təki vətəndaşa imtina verilsin prinsipi” ilə hərəkət edərək, qərarların verilməsi tarixlərini saxtalaşdırmağa cəhd edir. 24 iyun tarixində cavabdehin işçisi tərəfindən yerində ölçmə işləri aparılmışdır. Əgər bağ sahəsi ümumi ərazidə yerləşsəydi, işçi iddiaçının yanında hansı ölçmə işlərini apara bilməzdi. İmtinada göstərilənlər həqiqətə uyğun deyil və hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması üçün formal xarakterli bəhanə məqsədi daşıyır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “27-34” saylı torpaq sahəsi üzərində hüquqların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X5 adına arayışın verilməsi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********36 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş “Primorye” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının 2 nömrəli protokolundan çıxarış xx.xx.2007-ci il tarixində verilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan əmək kitabçasından görünür ki, X9 xx.xx.1987-xx.xx.1991-ci il tarixlərində 1 saylı Bakı Ayaqqabı fabrikasında işləmişdir. İş materiallarında olan Bakı şəhəri 1 №-li Ayaqqabı fabrikasının “Primorye” X4 heyətinin yığıncağının 1 №-li, xx.xx.1988-ci il tarixli protokolundan çıxarışa əsasən X9 “Primorye” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona sahəsi 504 kv.m olan 27 №-li bağ sahəsi ayrılmışdır. Çıxarışda olan qeyddə onun 29 may 2007-ci il tarixində verildiyi qeyd edilmişdir. Çıxarış "xxxx" ASC-nin “Primorye” Bağçılıq Yoldaşlığı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 №-li Ayaqqabı fabrikasının “Primorye” X4 heyətinin yığıncağının 2 №-li, xx.xx.1997-ci il tarixli protokolundan çıxarışa əsasən 34 nömrəli bağ sahəsinin sahibi X1 bağçılıq-yoldaşlığından kənar edilmiş, boş qalmış 34 №-li sahə X5 27 №-li sahəsinə əlavə olunmuş, artırılmış bağ sahəsi 27-34 №-si altında qeydə alınmış, bağln sahəsi 1008 kv.m hesab edilmişdir. Çıxarışda olan qeyddə onun 28 may 2007-ci il tarixində verildiyi qeyd edilmişdir. Çıxarış "xxxx" ASC-nin “Primorye” Bağçılıq Yoldaşlığı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan bağçının üzvlük kitabçasından görünür ki, X9 “Primorye” X4 heyətinin yığıncağının 1 №-li, xx.xx.1988-ci il tarixli protokoluna əsasən bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir. Sahənin ünvanı: Əzizbəyov rayonu, Zirə qəsəbəsi, 504 kv.m olan 27 №-li bağ sahəsi. Üzlük kitabçasında əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.1997-ci iı tarixli 2 №-li protokola əsasən 34 №-li bağ sahəsi 27 №-li bağ sahəsinə əlavə edilmiş və artırılmış bağ sahəsi 27-34 №-si altında qeydə alınır, sahəsi 1008 kv.m hesab olunur. İş materiallarında olan “Primorye” Bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.2007ci il tarixli arayışa əsasən X9 1988-ci ildən etibarən 1 saylı Bakı Ayaqqabı Fabrikasının “Primorye” bağçılıq təsərrüfatının üzvüdür və Bakı şəhəri Əzizbəyov rayonu Zirə qəsəbəsində ona 1008 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 414 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi – İddiaçı ərizəsi əsasında V-299/2018 saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Cavabdeh tərəfəndən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Primorye” bağçılıq yoldaşlığının nəzdində X7 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1008 kv.m torpaq sahəsi olan 27-34 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 405 nömrəli sərəncamı ilə Xalq üçün X12 1 saylı Bakı Ayaqqabı fabrikinin bazasında "xxxx" ASC yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.1998-ci il tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X5 adı qeyd edilməmişdir. Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akında göstərilmişdir ki, bağ sahəsinin hasarı və ya çəpəri yoxdur və heç bir mərzçəkmə işləri aparılmayıb. Sahədə yarımçıq bağ evi və sanitar qovşaq var. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda “Primorye” Bağçılıq Yoldaşlığının arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı “Primorye” Bağçılıq Yoldaşlığının protokolundan çıxarışa əsasən mərhum X5 bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi və bağ sahəsinin ayrılması haqqında üzvlük kitabçasına əsaslanaraq bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş “Primorye” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının 2 nömrəli protokolundan çıxarış xx.xx.2007-ci il tarixində verilmişdir. Məhkəmə tərəflər tərəfindən təqdim olunmuş sübutlar, sənədlər və iş üzrə toplanmış digər materiallar əsasında müəyyən etmişdir ki, mərhum X5 “Primorye” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilməsi təkzib olunmaz bir haldır və bu üzvlük 1988-ci ildə, yəni onun xx.xx.1987-ci il tarixindən etibarən Bakı şəhəri 1 saylı Ayaqqabı Fabrikində əmək fəaliyyəti ilə məşğul olması ilə birbaşa funksional bağlılıq təşkil edir. Həmin dövrə dair üzvlərin siyahısının təqdim olunması, sənədin formaca sonrakı tarixə aid olmasına baxmayaraq, məzmun baxımından mübahisələndirilmir və etibarlılığına məhkəmə tərəfindən şübhə ilə yanaşılmır. Belə ki, əksər hallarda inzibati icraat zamanı vətəndaşların təqdim etdikləri bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı sonraki illərə aid olur. İndiki halda da təqdim olunan üzvlərin siyahısının 2007-ci il tarixinə aid olması, mərhumun üzvlüyə qəbul edilib-edilməməsini şübhə altına almaq üçün əsas deyil. Çünki, onun üzvlüyə qəbulunu təsdiq edən siyahı ilə yanaşı, həmçinin protokoldan çıxarış mövcuddur ki, həmin protokoldan çıxarış 1988-ci ildə tərtib olunmuşdur. Bu səbəbdən, mərhum X2 504 kv.m olan 27 nömrə ilə bağ sahəsi üzərində hüquqlarının yaranması hüquqi müstəvidə təsdiq olunur. Lakin iddiaçının iddia etdiyi kimi, mərhumun xx.xx.1997-ci il tarixli, 2 nömrəli protokolla 34 nömrəli bağ sahəsinə dair hüquqlar əldə etməsi barədə təqdim etdiyi mövqe ilə məhkəmə razılaşmır. Çünki təqdim edilən sübutlar və bağçılıq yoldaşlığının daxili sənədləri əsasında müəyyən edilmişdir ki, əvvəllər həmin sahənin sahibi olan X6 təşkilatdan uzaqlaşdırılmış, nəticədə boş qalan 34 nömrəli sahə 27 nömrəli sahəyə birləşdirilmiş və beləliklə, ümumi sahə 1008 kv.m olmaqla 27-34 nömrəli genişləndirilmiş torpaq sahəsi kimi nəzərə alınmışdır. Lakin burada diqqətə yetirilməli məqam odur ki, mərhum X7 34 nömrəli bağ sahəsinin təhkim edildiyi dövr, yəni 1997-ci ildə, onun artıq “Primorye” Bağçılıq Yoldaşlığına əsas verən iş yerində, yəni 1 saylı Bakı Ayaqqabı Fabrikində əmək fəaliyyəti ilə məşğul olmaması əmək kitabçası ilə rəsmi olaraq təsdiq olunur. Bu kontekstdə, həmin dövrdə qüvvədə olan “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülməsi və bağ sahələri ilə təmin edilməsi haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0,12 hektarlıq hissəsi) aidiyyatı vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; yaşayış yerindən 2 №-li Forma arayışı; iş yerindən arayış; üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı;bağ sahəsinin planı. 1989-cu ilin dekabr ayından Bağlar təsərrüfatı birliyinin torpaq balansına verilmiş yeni Pirşağı ərazisində on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşlar üçün üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi və Birliyin mühəndislərinin yoxlama aktı əvəzinə Sabunçu rayon İcra hakimiyyəti başçısının Pirşağı qəsəbəsindəki nümayəndəsinin Bağlar təsərrüfatı birliyinin mühəndisləri ilə birlikdə tərtib etdikləri yoxlama aktı komissiyaya təqdim edilir. Göründüyü kimi bağ sahəsinin təhkim olunması üçün müəyyən olunmuş zəruri sənədlər, o cümlədən iş yerindən rəsmi arayışın təqdim olunması imperativ hüquqi şərt kimi nəzərdə tutulmuşdur. Lakin, mərhum X7 34 nömrəli bağ sahəsi təhkim olunduğu dövrdə, adıçəkilən şəxs 1 saylı Bakı Ayaqqabı fabrikasında işləməmiş, onun ümumiyyətlə həmin dövrdə hər hansı əmək fəaliyyəti olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, 34 nömrəli bağ sahəsinin mərhum X7 məxsus olması barədə arayışın verilməsi istisna olunur. Eyni zamanda işə məhkəmədə baxılması zamanı iddiaçıya "xxxx" ASC tərəfindən verilmiş protokoldan çıxarışların həqiqiliyinin müəyyən edilməsi üçün "xxxx" ASC-yə dəfələrlə sorğu verilərək “Primorye” Bağçılıq Yoldaşlığının həmin iclas protokollarından çıxarışların və ona əsas olmuş sənəndlərin məhkəməyə göndərilməsi tələb edilmişdir. Həmin sorğular "xxxx" ASC tərəfindən rəsmi qaydada alınsa da sorğulara heç bir cavab verilməmiş və bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC 1000 manat məbləində cərimə edilmişdir. Qeyd edilən hal da 34 nömrəli bağ sahəsinin Akşin Əfəndiyevə qanuni əsaslarla ayrılmasına şübhələrin meydana çıxmasına səbəb olur. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən əsassız olmuşdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə bildirir ki, yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Bu səbəbdən iddia qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən sahəsi 504 kv.m olan 27 nömrəli torpaq sahəsi üzərində hüquqların X7 məxsus olması barədə arayışın və müvafiq texniki sənədlərin verilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 504 kv.m olan 27 nömrəli torpaq sahəsi üzərində hüquqların X7 məxsus olması barədə arayışın və müvafiq texniki sənədlərin İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar