Məhkəmə qərarları › İş №e-2-1(112)-2242/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2242/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2242/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.metr sahəsi olan 2/126 №-li bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 2/126 saylı bağ sahəsi İddiaçı verilmiş və bununla bağlı İddiaçı adına 348 nömrəli üzvlük kitabçası açılmışdır. Bununla əlaqədar, İddiaçı “Bahar” X3 sahəsinin sxemi və bağ sahəsinin yerləşdiyi yerin sxematik xəritəsini əks etdirən Akt da təqdim edilmişdir. Bakı şəhəri X5 21 iyul 1989-cu il tarixli 6/255 saylı Qərarı ilə Əzizbəyov NQCİ-nin işçiləri üçün Buzovna qəsəbəsində sözügedən bağ sahəsinin daxil olduğu 20 ha torpaq sahəsi bağ sahəsi kimi ayrılmışdır. Həmçinin, qeyd edilən bağ sahəsi 20 ildən çoxdur ki, İddiaçı faktiki istifadəsindədir və o, ailəsi ilə birgə orda yaşayır. İddiaçı tərəfindən cavabdeh inzibati orqana Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.metr sahəsi olan 2/126 №-li bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsini təmin edilməsinə dair ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətinizdə qeyd edilən məsələ ilə bağlı bizə xx.xx.2023-cü il tarixli **********75 nömrəli məktubla ətraflı cavab verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********75 nömrəli məktubunda isə idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir. Halbuki, cavabdehin məktubunda da göstərildiyi kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim etdiyi sənədlərdən açıq-aydın görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər İddiaçı adına rəsmiləşdirilmişdir və bu səbəbdən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi cavabdehin öhdəliyidir. İddiaçının adının inzibati orqanın arxiv sənədlərində saxlanılan siyahıda olmaması halı iddiaçının özünün iradəsindən asılı olmayan haldır və böyük ehtimalla silahının tarixindən asılı olaraq növbəti əlavələrin əksini tapmaması nəticəsində baş vermişdir. İddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış və üzvlük kitabçası) qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirməlidir. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokoluna və iddiaçıya məxsus üzvlük biletinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar (protokoldan çıxarış) geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

3. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmişdir.

4. Cavabdehin iddiaçının iddia tələbinə dair etirazında bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.metr sahəsi olan 2/126 №-li bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, İdarənin elektron kadatsr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. İşdə olan H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolundan olan çıxarışa əsasən xx.xx.1988-ci il tarixli 9 saylı protokolla V.Y.Ələkbərova verilmiş 2/126 saylı bağ sahəsi ərizəyə əsasən onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/126 saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır.

6. İşdə olan H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının 348 nömrəli biletində qeyd edilmişdir ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyinin üzvüdür və sahə kimi onun adına 2/126 sahə qeyd edilmişdir.

7. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən Buzovna bağ massivi 2/126 saylı bağ sahəsində A-2 mərtəbəli bağ evi, B-1 mərtəbəli bağ evi, İ-anbar, İİ – qaraj, İİİ – kölgəlik var. Bağın sənəd üzrə 0,06 ha, faktiki tutduğu sahə isə 0,0731 ha təşkil edir.

8. İşdə olan “X8 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli 164 nömrəli rəyə əsasən H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar" bağçılıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 saylı protokolu ilə X1 istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan 2/126 nömrəli bağ sahəsinin koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinin rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, 142 kv.metr artıq torpaq sahəsindən istifadə edilir, 87 kv.metri “Bahar” Bağçılıq Yoldaşlığının cizgisi daxilində yerdə qalan hissəsi isə həmin əraziyə bitişik yerləşir. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçlıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 saylı protokoluna əsasən X1 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan 2/126 nömrəli bağ sahəsinin digər bağ sahəsi ilə eyni bağ sahəsi deyil və digər bağ sahəsi ilə üst-üstə düşmür.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini təmin edilməsini xahiş etdi.

10. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

22. Belə ki, cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir, həmçinin torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir.

23. Məhkəmə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması dəlili ilə bağlı qeyd edir ki, bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.

24. Belə ki, iş materiallarından görünür ki, 16.09.88-ci il tarixli 9 saylı protokolla V.Y.Ələkbərova verilmiş 2/126 saylı bağ sahəsi ərizəyə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, 2/126 saylı bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmış və həmin qərara müvafiq olaraq İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyinin üzvlük bileti verilmişdir.

25. V.Y.Ələkbərovun adı isə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında mövcuddur (sıra 243).

26. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X2 istifadəsinə ayrılmış 600 kv.m bağ sahəsinin 87 kv. metri “Bahar” Bağçılıq Yoldaşlığının cizgisi daxilində, yerdə qalan hissəsi isə həmin əraziyə bitişik yerləşir. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq X4 heyətinin 16 aprel 1999-cu il tarixli 10 saylı protokoluna əsasən X1 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan 2/126 nömrəli bağ sahəsi digər bağ sahəsi ilə eyni bağ sahəsi deyil və digər bağ sahəsi ilə üst-üstə düşmür.

27. Beləliklə məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.metr sahəsi olan 2/126 №-li bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin vərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar