Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2267/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 55680,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35789.95 manat təşkil edir. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona peşə təhsil illəri də staja daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən təyin edilməklə xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’’na uyğun olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajını xx.xx.2006-cı il tarixədək topladığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş. Cavabdehin bu imtina məktubu ilə onun pensiya təminatı hüququ pozulmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışa əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1984-cü il tarixdən (Əmr 126) xx.xx.2018-ci il tarixədək (əmr 77) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 33 il, 05 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyətgöstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə **********093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Onun xx.xx.1984-cü il tarixdə açılmış əmək kitabçasından da görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı Beynəlxalq Telefon stansiyasında daha sonra adı dəyişilmiş Aztelekom İB, daha sonra X1, daha sonra fasiləsiz olaraq Aztelekom MMC-də telefonçu vəzifəsində işləmişdir. Əmək fəaliyyətinə başlayanadək xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək peşə məktəbində təhsil almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Onun zərərli əmək sahəsində iş stajı 01 yanvar 2006-cı il tarixədək 10 ildən çox; təhsil ilini də nəzərə alsaq, ümumi əmək stajı isə 21 il 4 ay təşkil edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus Г №609314 nömrəli diplomun surətindən görünür ki, o, xx.xx.1983cü ildə Bakı şəhər 88 nömrəli orta mexaniki peşə məktəbinə daxil olmuş, xx.xx.1984-cü il tarixdə şəhərlərarası telefon stansiyaları üzrə telefonçular peşəsi üzrə texniki məktəbi bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Bakı Beynəlxalq Telefon Stansiyasında kommutator sexinə telefonçu vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1988ci il tarixdə “Azərbaycan SSR X2 Baş Sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 02.11.88-ci il tarixli, 792 nömrəli qərarına uyğun olaraq və Bak BTS və TURMT bazasında Beynəlxalq telefon stansiyası İstehsalat Birliyinin yaradılması ilə əlaqədar olaraq RİS2 Bak BTS kommutasiya sexinin üçüncü dərəcəli telefonçusu vəzifəsindən azad edilmiş və Beynəlxalq telefon stansiyası İstehsalat Birliyinə RİS2 kommutasiya sexinin üçüncü dərəcəli telefonçusu vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 19 iyun 1990-cı il tarixli 261 nömrəli “BTS İB və Bak TSİB bazasında X3 Birliyinin və Bakı Beynəlxalq Telefon Qovşağının struktur bölməsinin yaradılması haqqında” qərarına uyğun olaraq Bakı BTS kommutator sexinin üçüncü dərəcəli telefonçusu vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1992-ci il tarixli, 107 nömrəli əmrinə uyğun olaraq TSİB "xxxx" İB hesab edilmişdir. xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2001-ci il tarixdə X4 Stansiyasında sifarişli xidmət sexinə üç ay sınaq müddəti ilə 4-cü dərəcə telefonçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə həmin sexə 5-ci dərəcə telefonçu vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 183 saylı sərəncamına əsasən "xxxx" İB-nin təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz ərizəsi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "xxxx" MMC Kommersiya Departamenti müştəri xidmətləri şöbəsinə çağrı mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki doğum evi” PHŞ-nə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki doğum evi” PHŞ qoşulma yolu ilə yenidən təşkil olunmuş, “X6” PHŞ-in tabeliyinə verildiyi üçün AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının ali təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 22 il 3 ay 20 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23100000, XXİX. Rabitə sahəsi üzrə kod 23100000—19093 – şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində fasiləsiz olaraq xx.xx.1984-cü il tarixdən (Əmr 126) xx.xx.2018-ci il tarixədək (Əmr 77) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 33 il, 05 ay, 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan "xxxx" MMC-nin X4 Stansiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının kompyuterdə işlədiyinə görə aylıq vəzifə maaşına 12% əlavə, kollektiv müqaviləyə əsasən uzun müddət işlədiyinə görə (staja görə) aylıq vəzifə maaşına 15% əlavə, növbəli iş rejimində işlədiyi üçün (gecə, axşam və bayram günlərində) əlavələr və plan normativlərinin yerinə yetirilməsinə görə aylıq vəzifə maaşına mükafat (maksimum 30 faiz) ödənilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1984-cü ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 10 ildən çox, 21 il 4 ay 25 gün güzəştli iş stajı mövcuddur. Deməli, iddiaçı ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ikinci şərti də ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının nə ümumi, nə də xüsusi stajını mübahisələndirmiş, etirazın yeganə dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona 52 yaşdan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi təşkil etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, həmin tələb qanunvericiliyə xx.xx.2017-ci il tarixdən etibarən, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmiş, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ isə ƏPQ-nin 9.8-ci maddəsinin tələblərinə görə xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yaranmışdır. Həmin Qanunda, həmçinin ƏPQ-nin 9.8-ci maddəsində pensiya kapitalı ilə bağlı hər hansı bir göstəriş olmadığından məhkəmə hesab edir ki, həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaransa da, o, pensiya təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, əmək pensiyası ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2267/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2267/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver