Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2270/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri ilə ayrılmış 0546 kodlu, 0.20 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 adına qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamının 1, 2, 3-cü bəndlərinə müvafiq olaraq vətəndaş X6 0,20 ha torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınmaqla, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və müəssisələrə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.20 ha hesabı ilə fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi qərara alınmışdır. Həmin vaxtdan torpaq iddiaçının və ailəsinin istifadəsindədir. İddiaçı istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli **********88 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərüffatı Müəssisəsinin balansında olan ərazidən ayrıc aktından kənarda yerləşir. Bununla yanaşı Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-Südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəsislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, X5 0.20 hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Çünki qanunla tələb olunan bütün sənədlər təqdim edilmiş, artıq torpaq sahəsinin ayrılması isə Abşeron rayon İcra Hakimiyyətinə aid edilməlidir. İşə əlavə edilən Qərardan göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun eyni tarixli, eyni nömrəli əmri ilə (21 may 2003-cü il tarixli 28 nömrəli) X8 ayrılmış 0543 kodlu, 0.20 hektar torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən eyni əsaslarla imtina edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2661/2021 nömrəli Qərarı ilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məlumat üçün bildirilir ki, 0543 kodlu torpaq sahəsi ilə sözügedən torpaq sahələri həmsərhəddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin Bakı şəhəri, Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri ilə ayrılmış 0546 kodlu, 1993 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, mərhum X3 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********88 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılmış ərazidən 67 metr kənarda yerləşir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusu məlumatı mövcuddur və yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd edilməmişdir. Eyni zamanda bildirilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, iddiaçının adına 0.20. hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Eyni zamanda bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1993 kv.m təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi ərizədə cavabdehin iddiaya etirazında göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, torpaq sahəsinin ayrıc aktından kənar olması faktı vətəndaşın deyil, torpaqayıran orqanın məsuliyyət dairəsindədir. Bundan əlavə iddia ərizəsinə əlavə edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da qeyd olunan torpaq sahəsi hazırki iddiaçının torpaq sahəsilə həmsərhəddir. Həmin torpaq sahəsinə dair müraciətə cavabdeh orqan tərəfindən eyni əsaslarla qeydiyyata alınmasından imtina edilmiş, vətəndaş tərəfindən həmin imtina əsasında məhkəməyə müraciət edilmiş və iddiası təmin edilərək hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qərardan cavabdeh orqan tərəfindən şikayət verilməmişdir). Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunan "elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusu məlumatı mövcuddur" dəlilinə münasibətdə bildirilir ki, hazırkı torpaq sahəsi ilə həmsərhəd digər torpaq sahəsi ilə bağlı digər işdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş 14 noyabr 2023-cü il tarixli 14-2/2-4736/2023 saylı məktubla bildirilmişdir ki, neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricində yerləşir. "Yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd edilməməsi"nə münasibətdə bildirirəm ki, torpaq sahəsi hüquqlarını müdafiə etdiyim şəxsə torpaq ayrılan zaman səlahiyyətli orqanın nümayəndəsi tərəfindən torpaq sahəsinin sərhədləri naturada göstərilmiş, həmin sərhədlərlə də hasarlanmışdır və bugünədək mübahisəsiz istifadəsindədir. Yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmamasının məsuliyyəti torpaq ayıran orqanın üzərinə düşür. "Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, iddiaçının adına 0.20. hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılması"-na münasibətdə ərizəyə qoşma olaraq əlavə edilən çıxarışlardan da göründüyü kimi eyni müəssisənin eyni sərəncamı ilə ayrılmış torpaq sahəsi cavabdeh orqan tərəfindən məhkəmədən kənar 0.10 ha-dan çox ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1993 kv.m təşkil etməsinə" münasibətdə torpaq sahəsinin faktiki ölçüdə qeydiyyata alınmasına etiraz edilmir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli 784 saylı məktubda X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsinin İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna Tərəvəzçilik-Südçülük sovxozu (kod 0546) ünvanda yerləşən 0,20 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli 28 №li əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 №li sərəncamını, Tərəvəzçilik-südçülük sovxozu həmkarlar təşkilatının 17 may 2003-cü il tarixli 02 №li protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X5 0,20 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamının çıxarışında aşağıdakılar qeyd edilmişdir: Abşeron rayon İcra Hakimiyyəti qərara aldı: 1. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 №li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. 2. X1 0.20 hektar torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli 27/K №li əmri nəzərə alınsın. 3. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,20 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 4. Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət sovxozun direktoru M.Əhmədova həvalə edilsin. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilən 30 iyun 2016-cı il tarixli arayışdan görünür ki, arayış X4 ondn otrü verilmişdir ki, Buzovna Tərəvəzçilik –Südçülük Sovxozu tərəfindən 21 may 2003-cü il tarixli 28 №li Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,20 hektar hesab ilə 0546 kodlu torpaq sahəsinin ayrıldığı, 0546 kodlu torpaq sahəsinin ölçüsünün sənədə uyğun olduğu, məhkəmə mübahisəsinin olmadığı bildirilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin sənədlərinin fond olaraq saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmiş, məktuba Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli Sərəncamının təsdiq edilmiş surəti əlavə edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Abeşon Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərinə verilməsi üçün torpaq sahəsi ayrılmış, həmin rayon icra hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən X5 müsəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsinin plan-sxemi tərtib və təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək qeyd olunan torpaq sahəsi üzərində hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırkı iddia ilə cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə iddiaçıya 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur. Torpaq sahəsi iddiaçının qanuni sahibliyində və mübahisəsiz istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncam və sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymır və aşağıdakıları bildirir. Məhkəməyə mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəsssisinə ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsini təsdiq edən hər hansı tutarlı sübut təqdim edilməmişdir. Halbuki, cavabdeh inzibati orqan sözügedən ayrıc aktını, eləcə də ona əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Torpaq sahəsinin normadan artıq ayrılması və həmin torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmaması isə iddiaçının məsuliyyət sferasına aid olan məsələ olmamaqla qeydiyyatın aparılmasından imtina edilməsi üçün əsas deyil. Çünki torpaq sahəsinin yerləşmə cizgisində uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması ilə bağlı dəlilə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan və iddiaolunan torpaq sahəsi ilə həmsərhəd digər torpaq sahəsi ilə bağlı digər məhkəmə işi üzrə verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli 14-2/2-4736/2023 saylı cavab məktubunda həmin sahənin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricində yerləşdiyi bildirilmişdir. Bu əsasla məhkəmə prosesual qənəat prinsipindən çıxış edərək əlavə araşdırma aparmağa zərurət görmür. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və onun verilməsi üçün əsas olan sənədlərdən görünür ki, iddiaçının istiafədəsində olan 0546 kodlu torpaq sahəsinin yaxınlığında yerləşən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 0543 ünvanda yerləşən torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi, iddiaçı hazırda 1993 kv.metr torpaq sahəsinə dair məxsusluq arayışının verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Bakı şəhəri, Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri ilə ayrılmış 0546 kodlu, 1993 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri ilə ayrılmış 0546 kodlu 1993 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2270/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2270/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver