Məhkəmə qərarları › İş №e-2-1(112)-2286/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2286/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2286/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Qaradağ rayonu, ünvan 1 ünvan Qaradağ rayonu, ünvan 2yata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək, xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsi, 8 saylı evin, 28 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8, ünvanında yerləşən 28 saylı (keçmiş Qaradağ rayonu, ünvan 3lin onun adına mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, hazırda yaşadığı və istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8 ünvanında yerləşən 28 saylı (keçmiş Qaradağ rayonu, ünvan 4zili keçmiş “Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518 № SMP həmkarlar komitəsinin və administrasiyasının rəhbərliyi SSRİ Nazirlər Şurasının 1444 №-li xx.xx.1988-ci il tarixli Qərarını və Azərbaycan SSR Nazirlər Şurasının 12№-li xx.xx.1989-cu il tarixli Qərarını, “Dövlət və ictimai yaşayış fondu binalarında mənzillərin şəxsi mülkiyyətinə satılması barədə” qərarlarını əsas tutuaraq “Azərbaycan yol nəqliyyat tikintisi” PPSO SMP həmkarlar komitəsinin və administrasiyası birgə iclasının xx.xx.1990-cı il tarixli 15№-li və “Azərbaycan yol nəqliyyat tikinti” PPSO 518№ SMP həmkərlar komitəsinin kollektiv şurasının xx.xx.1990-cı il tarixli 2 №-li qərarları ilə mənzilin dəyəri 1165 rubl 00 qəpik qiymətləndirilmiş və həmin qiymətə ona satılmışdır. Qeyd edilən mənzil 1990-cı ildən istifadəsindədir və hazırda da ailəsi ilə birlikdə yaşayır. Mənzildə istifadə edilən bütün kommunal xidmətlərə dair müqavilələr onun adınadır və kommunal ödənişləri özü həyata keçirir. Eyni zamanda Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamına əsasən Qaradağ rayon MKTBnin 129 saylı MKİS-i ilə “Kirayə Müqaviləsi” bağlanmışdır. O həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbsi, S.Nəcəfov küçəsi, ev 8 ünvanında yerləşən 28 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən 28 saylı mənzilə dair Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 146 saylı, sərəncamı xx.xx.2023cü il tarixdə verilmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə, ümumi sahəsi 60.6 kv.m təşkil edir. Həmçinin, mənzilə bitişik əlavə 40.5 kv.m sahə inşa edilmişdir və həmin sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518№ SMP qiymətləndirmə komissiyasının xx.xx.1990-cı il tarixli aktından görünür ki, Qobustan qəsəbəsi 8 saylı binada yerləşən 28 №li 2 otaqlı, sahəsi 35 kv.m olan mənzilin satış qiyməti 1165 rubl 00 qəpik məbləğində müəyyən edilmişdir. -“Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518 №li SMP həmkarlar komitəsinin və administrasiyasının birgə iclasının 15 №-li, xx.xx.1990-cı il tarixli qərarından görünür ki, Qobustan qəsəbəsi 8 saylı binada yerləşən 28 №li 2 otaqlı, sahəsi 35 kv.m. olan mənzilin qalıq qiyməti ilə, yəni 1165 rubl 00 qəpik qiyməti ilə V.T.Hacıyevə satılmasına razılıq verilmişdir. - “Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518 №li SMP kollektivi şurasının 2 nömrəli, xx.xx.1990-cı il tarixli qərarından görünür ki, Qobustan qəsəbəsi 8 saylı binada yerləşən 28 №li 2 otaqlı, sahəsi 35 kv.m olan mənzilin nağd qiymətə V.T.Hacıyevə satılmasına razılıq verilmişdir. - Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 146 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, 8 saylı evi yaşayış sahəsi 35.0 kv.m olan 2 otaqlı, 28 saylı mənzilinə 1 nəfər ailə üzvü ilə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-34356/23 nömrəli, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8, 28 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı adına ilkin özəlləşmə əsasında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Qaradağ rayon İcra Hakimiyyəti başçısının 5-13/2-1126/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı rayon icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməmişdir. Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8, 28 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin balansındadır. Göstərilən mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir. - Qaradağ rayon İcra Hakimiyyəti başçısının 5-13/2-547/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-13/2- 1126/2023 nömrəli məktubda texniki səhv olaraq Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8, 28 saylı mənzil xüsusi təyinatlı mənzil fondu olaraq göstərilmişdir. Qeyd olunan mənzil dövlət mənzil fonduna daxil olduğundan, xüsusi təyinatlı mənzil fonduna aid deyil. Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 8, 28 saylı mənzilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 146 saylı sərəncamı verilmişdir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Qaradağ rayonu, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi hüquq müəyyənedici sənəd üzrə 2 otaqlı, yaşayış sahəsi 35.0 kv.m, faktiki olaraq 2 otaqlı, ümumi sahəsi 60.6 kv.m, yaşayış sahəsi 34.2 kv.m, köməkçi sahəsi 26.4 kv.m müəyyən olunmuşdur. Mənzil 1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilə bitişik 40.5 kv.m əlavə tikili inşa edilmişdir. İddiaçı hazırda qeyd olunan sübutlara istinad edərək, həmin mənzilə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, mübahisəli mənzilin iddiaçıya 1990-cı il tarixdə verildiyini nəzərə almamışdır. İddiaçıya mübahisəli mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, işdən aydın olur ki, mübahisəli mənzil iddiaçının işlədiyi “Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518№ SMP həmkarlar komitəsinin və administrasiyasının birgə iclasının xx.xx.1990-cı il tarixli 15 №-li və Azərbaycan yol nəqliyyat tikintisi” PPSO 518 №li SMP kollektivi şurasının xx.xx.1990-cı il tarixli 2№-li qərarları ilə ona ayrılmış, iddiaçı həmin tarixdən mübahisəli ünvanda yaşayaraq təsərrüfat aparmış, daha sonra mənzilin balanssaxlayıcısı dəyişdiyindən 2023-cü ildə yeni balanssaxlayıcı ilə müqavilə bağlamışdır. Lakin bu hal iddiaçının 1990-ci ildən həmin mənzilə köçürülməsi, mənzildə təsərrüfat aparması halını dəyişməmişdir. Bu isə iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Çünki iddiaçının mübahisəli mənzilə istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, xx.xx.2023-cü il tarixli sərəncam həmin hüququn yeni balanssaxlayıcı tərəfindən təsdiqindən ibarət olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, 8 saylı evin yaşayış sahəsi 35.0 kv.metr olan 2 otaqlı 28 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar