Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2287/2025 25.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciətinin rəsmi qaydada qəbul edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evinin tikintisi üçün ona 0,003 ha torpaq sahəsi ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, qeyd edilən torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Müvafiq sənədlər təqdim etsə də sənədləri rəsmi qaydada qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12405/2024 saylı sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsi mülkiyyət hüququnun verilməsi üçün müraciətini rəsmi qaydada qəbul edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, **********47 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında iddiaçının adına fərqli ərazidə yerləşən torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş və həmin ərazi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi həm qaz xəttinin, həm də yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzrədə tutulmayan ümumi ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair digər şəxsin müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair səlahiyyətli orqan tərəfindən verilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999- cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəməyə gəlməmiş nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: - Xətai rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 271 №li sərəncamından (arxiv şıxarışı) görünür ki, qeyd olunan sərəncamla X.Məmmədov küçəsi ev 2, mənzil 33-də yaşayan, İddiaçı rayonun Əhmədli qəsəbəsi ərazisində müstəsna hal kimi 0,03 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li “Torpaq sahəsinin plan və ölçüsü”ndən müəyyən olunur ki, qeyd olunan plan və ölçü Xətai rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 271 №li sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il 271 nömrəli sərəncamı əsasında onun adına fərqli ərazidə yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmiş və həmin ərazi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Bu barədə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3/30/2-A-1062- 8/2-2022 nömrəli məktubla ona ətraflı məlumat verilmişdir. İddiaçının hazırkı tələblə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-A-0362/03-8/2024 cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 nömrəli sərəncamı əsasında iddiaçının adına fərqli ərazidə yerləşən torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və həmin ərazi iddiaçı adına daçınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. - xx.xx.2025-ci il tarixli, **********35 №-li cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Daşınmaz əmlaka dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə elektron daşıyıcılarda müvafiq qeydlər aparılacaqdır. - Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd olunan məlumatın coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi idarənin salahiyyətləri xaricindədir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aşağıda qeyd olunan sənədlərdən: - xx.xx.2008-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqısatqı müqaviləsi”nin arxiv surətindən müəyyən olunur ki, İddiaçı (xx.xx.2008-ci ildə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 7-E-16262 saylı etibarnaməyə əsasən nümayəndəsi xx.xx.1972-ci il təvəllüdlü X4) tərəfindən ünvan 3 ünvanında yerləşən 0,028209 ha torpaq sahəsini xx.xx.1977-ci il təvəllüdlü X2 tam mülkiyyətinə satılmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, ********** №-li çıxarışına əsasən satıcıya məxsusdur. - AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nin arxiv surətindən müəyyən olunur ki, X5 tərəfindən ünvan 3 ünvanında yerləşən 0,028209 ha torpaq sahəsi X1 tam mülkiyyətinə satılmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, ********** №-li çıxarışına əsasən satıcıya məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”nın arxiv surətindən müəyyən olunur ki, ünvan 3ndə yerləşən 0.028209 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-05911/2023 №-li məktubu ilə Azərbaycan Respublikası Xətai rayon İcra Hakmiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 №li Sərəncamının surəti məhkəməyə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 49191/2024 №-li və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6838/2025 №-li cavab məktublarından müəyyən olunur ki, “...müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. - Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir. - Bildirilmişdir ki, müraciətdə qeyd olunan məlumatın coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi idarənin salahiyyətləri xaricindədir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikninti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2728 №-li məktubunda təqdim edilmiş 19 iyun 2025-ci il tarixli, 10/2728 №li ekspert rəyindən müəyyən olunur ki; - Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış və hazırda onun tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 Nə-li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları üstüstə düşmədiyi müəyyən olunmuşdur. Buna səbəb göstərilən torpaq sahəsinin başqa küçədə, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşməsidir. X= 402252.0 Y=495605.0 - İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə 3-cü şəxslərin adına hər hansı hüquqla (istifadə, icarə, mülkiyyət) qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 300 kv.metr (15 mx 20m) təşkil edir. - Baxış zamanı, İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli, sərəncamı ilə ona Bakı şəhəri, Xətari rayonu, Əhmədli qəsəbəsi, Kaımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin ətrafında hər hansı qaz xətti və ya elektrik xətti aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina ... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. MƏHKƏMƏNİN MÖVQEYİ. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Xətari ryaon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrımış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə cavabdehin imtina və etirazında göstərdiyi əsasların araşdırılması məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Təqdim olunmuş ekspert rəyindən məlum olur ki, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış və hazırda onun tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 Nə-li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Həmçinin göstərilən torpaq sahəsi başqa küçədə, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşir. Ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biri hesab edildiyindən məhkəmə sözügedən sübut növü əsasında qeyd edir ki, iddia tələbində göstərilən torpaq sahəsi ilə işin materiallarında qeyd edilən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki olaraq üst-üstə düşmür və bu halda iddiaçı sözügedən sərəcamla, sərəncamda göstərilməyən, yəni başqa ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Məhkəmə nəzərə çatdırılmasını vacib hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən torpaq sahəsinin ona ayrılmasına dair müvafiq qanunvercilik aktlarında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusilə həmin qanunun 8.0 bəndində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün göstərilmiş əsaslara sahib olmasını sübuta yetirən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Daşınmaz əmlak üzəridə hüquq yaradan eyni sənəd (mövcud inzibati işdə Bakı şəhər Xətari rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 saylı Sərəncamı) ilə yalnız bir torpaq sahəsinə (sərəncamda göstərilən) dair hüquqların dövlət qeydiyyatı aparıla bilər. Çünki dövlət reyestrində hər bir daşınmaz əmlak obyekti üzrə ayrıca qeydiyyat bölməsi açılır və hüquqlar yalnız həmin obyektə dair sənədlər əsasında rəsmiləşdirilir. Bir sərəncam əsasında artıq bir torpaq sahəsi üzrə qeydiyyat aparılıbsa, artıq həmin sərəncamın ikinci dəfə başqa torpaq sahəsinə tətbiqi hüquqi əsası aradan qalxmış hesab edilməlidir. Bu hal isə öz-özlüyündə dövlət qeydiyyatından imtina üçün əsas ola bilər. Bundan başqa 3-cü şəxsin torpaq sahəsinə dair dövlət qeydiyyatı aparılarsa, həmin torpaq üzərində hüququ olan üçüncü şəxsin mülkiyyət, istifadə və ya icarə hüquqları pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3.-cü bəndlərinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə iddia edilən torpaq sahəsin hər hansı 3-cü şəxslərin hüquqlarına toxunub-toxunmaması halının araşdırılmasını zəruri hesab etmişdir. Lakin məhkəmənin aiddiyyatı üzrə təyin etdiyi yuxarıda qeyd edilən ekspertizanın nəticələrindən müəyyən olunur ki, iddia tələbinin əsası olmuş torpaq sahəsinin koordinatları ilə üzərində digər şəxslərin 3-cü şəxslərin adına hər hansı hüquqla (istifadə, icarə, mülkiyyət) qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bu halqa digər şəxslərin subyektiv və s. yuxarıda qeyd edilən hüquqların pozulması halı müəyyən edilmir. Digər tərəfdən qeyd edilməsi zəruridir ki, cavabdehin imtinası və etirazında qeyd etdiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”nün, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sonradan özgəninkiləşdirilməsi əsaslıdır eləcə də iddia tələbindən imtinaya əsas olan hal kimi qeyd edilə bilər. Belə ki, məhkəmənin imtinada və etirazda qeyd edilən əsasın əsaslı olubolmamasını müəyyənləşdirmək üçün müvafiq sorğu ilə cavabdehə müraciətinə cavab məktubunda təqdim edilmiş və işin materiallarında yer alan sənədlərdə göstərilmişdir ki, İddiaçı adına Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 271 №li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi ayrılmışdır və müvafiq dövlət qeydiyyatı aparılmışdır. Lakin həmin torpaq sahəsi xx.xx.2008-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında iddaçı (etibarnamə üzrə nümayəndəsi) tərəfindən 3-cü şəxs – X3 mülkiyyətinə satılmışdır. Sonradan təkrarən sözügedən 3-cü şəxs tərəfindən AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında digər şəxs – X1 tam mülkiyyətinə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ******* №-li müvafiq çıxarışına əsasən sözügedən torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən faktlar xx.xx.2000-ci il tarixli, 271 №li Sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsinin özgəninkiləşdirilməsi əsasını təsdiq edir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində xüsusi mülkiyyətdə olan torpaqlar torpaq bazarının obyektləri və subyektləri sırasında göstərilmişdir. Həmin qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqlarını bilavasitə satdıqda tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri bağlanılır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 93cü – “Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi” maddəsindən başa düşülür ki, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Sözügedən müqavilələrin bağlanması zamanı diqqət yetirilməli bir sıra vacib məqamlar var ki, Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, mülkiyyət hüququnun alıcıya keçməsi üçün bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Hazırki iş üzrə iş materiallarında yer alan sənədlərlə əsasən iddia tələbinin əsası kimi göstərilmiş sərəncamda göstərilən torpaq sahəsi cari vəziyyətdə X1 tam mülkiyyətinə satılmışdır və onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia təmin olunmamalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçıdan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-2287/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2287/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver