Məhkəmə qərarları › İş №e-2-1(112)-2290/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2290/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2290/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdən “sabiq dövlət qulluqçusu kimi” yaşa görə əmək pensiyası təyin edilib. 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavəsi 174,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,00 manat olmaqla ümumilikdə orta aylıq əmək haqqı 1544,50 manat təşkil etmişdir. Bundan sonra iddiaçının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı xx.xx.2023-cü il tarixli (sonuncu xx.xx.2023-cü il tarixli) məktubda qeyd edilmişdir ki, ona pensiya ödənişinin hesablanması zamanı yanlışlara yol verildiyindən ümumilikdə 27.565,56 manat məbləğində pul vəsaiti əsassız olaraq ona ödənilmişdir. Cavabdehin mövqeyi qanunsuz və əsassız olduğundan iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərarının ləğv olunması və əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən etibarən tam şəkildə - 2663.75 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv olunması və əmək pensiyamın tam şəkildə ödənilməsi və s. tələbinə dair” e- 2-1(112)- 4646/2024 saylı inzibati iş üzrə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə təmin edilmişdir. Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, iddia təmin edilsin və İddiaçı təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Cavabdeh həmin Qərardan apelyasiya şikayəti vermədiyindən artıq həmin qərar qanuni qüvvəyə minmişdir. Lakin, xx.xx.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinin qərarının nəticə hissəsinin bir qədər qeyri-müəyyən olmasından, yəni nəticə hissəsində cavabdeh orqanın konkret olaraq hansı qərarının (nömrəsi və tarixi göstərilməmişdir) ləğv edildiyi göstərilmədiyindən cavabdeh bu günədək də həmin qərarın icrasını həyata keçirmir və iddiaçının əmək pensiyasından qanunsuz tutulmalar davam etdirilir. Bu səbəbdən də İddiaçı əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavə 174,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,00 manat olmaqla orta aylıq əmək haqqı 1544,50 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1544,50 manat) 65 faizi-1003,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017- ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 12 il 6 ay 6 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 955,00 manat, qulluq stajına görə əlavə 191,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 143,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 318,33 manat olmaqla orta aylıq əmək haqqı 1687,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1544,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1687,58 manat) arasındakı fərq məbləğinin (143,08 manat) 41,67 faizi-59,62 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1003,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1063,55 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1435,00 manat, qulluq stajına görə əlavə 287,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 215,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 478,33 manat olmaqla orta aylıq əmək haqqı 2495,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizi-336,69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1063,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1400,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1766,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5382,36 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Cavabdeh tərəfindən iddia tələbinə əlavə etiraz onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarının 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının vaxtilə redaktor və böyük redaktor vəzifələrində işlədiyi xx.xx.1967-xx.xx.1981-ci il və xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlərin dövlət qulluğu stajına aid edilib-edilməməsi ilə bağlı X7 sorğu verilib. Müvafiq sorğumuza xx.xx.2023-cü ildə verilmiş cavab məktubunda iddiaçının vaxtilə redaktor və böyük redaktor vəzifələrində işlədiyi dövrlərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilib. İddiaçının mövcud dövlət qulluğu stajına (12 il 6 ay 6 gün (xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) uyğun olaraq əmək pensiyası yenidən hesablanmışdır. Göründüyü kimi iddiaçının əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində aşkarlanmış və həmin tarixdə də inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir, yəni iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində (xx.xx.2023-cü il) ləğv edilmişdir. İddiaçının nümayəndə-vəkili cavabdeh tərəfindən verilmiş əlavə etiraz ərizəsinə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv olunması və əmək pensiyamın tam şəkildə ödənilməsi və s. tələbinə dair iş üzrə aşağıda qeyd edilənlər baxımından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın etirazda göstərdiyi fikirlər tamamilə əsassızdır və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmalıdır: Əvvəla qeyd edilir ki, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın qanunsuz və əsassız olaraq dayandırıldığı əvvəlki məhkəmə araşdırması zamanı tam olaraq sübuta yetirilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv olunması və əmək pensiyamın tam şəkildə ödənilməsi və s. tələbinə dair” e-2-1(112)-4646/2024 saylı inzibati iş üzrə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə təmin edilmişdir. Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, iddia təmin edilsin və İddiaçı təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Cavabdeh həmin Qərardan apelyasiya şikayəti vermədiyindən artıq həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, artıq bir dəfə cavabdehin iddiaçıya təyin edilmiş pensiyanı qanunsuz dayandırması məhkəmə qaydasında sübuta yetirilmişdir. Qeyd olunur ki, idiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək - yəni, 2006-cı il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 1 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaranmışdır. Həmin maddəyə əsasən, bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla (2.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə əlaqədar işdən azad edilmiş dövlət qulluqçularına və onların ailə üzvlərinə bu Qanunla pensiya təyin olunmur) pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Bu səbəbdən də mübahisəyə hazırda qüvvədə olan “Əmək pensiyaları haaoında” AR Qanunun tələbləri baxımında yox, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 1 iyun 2004-cü il tarixli AR Qanununun tələblərinə uyğun olaraq baxılmalıdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə orta aylıq əmək haqqı 1544.50 manat təşkil etmişdir; “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq ona orta aylıq əmək haqqının 65%-i məbləğində, yəni 1003.93 manat pensiya hesablanmışdır. Bu hal ilə bağlı iddiaçı qeyd edir ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən həmin hesablanma düzgün həyata keçirilməmiş və iddiaçıya əmək pensiyası hələ 2013-cü ildən bəri düzgün hesablanaraq ödənilməmişdir. Belə ki, iddiaçı Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda dövlət sirlərinin mühafizəsi baş idarəsində aşağıdakı vəzifələrdə çalışmışdır: - xx.xx.1967 xx.xx.1979-cu illərdə “redaktor” (14 iMO-ay 22 gün); xx.xx.1979 - xx.xx.1981-ci illərdə “baş redaktor” (2 il 9 ay 17 gün); xx.xx.1981 - xx.xx.1982-ci illərdə “şöbə rəisi” (5 ay 12 gün); xx.xx.1982 - xx.xx.1990-cı illərdə “şöbə rəisi” (7 il 10 ay 27 gün); xx.xx.1990 - xx.xx.1994cü illərdə “şöbə rəisi” (4 il 1 ay 17 gün); xx.xx.1994 - xx.xx.1998-ci illərdə “baş redaktor” (4 il 1 ay 15 gün); Ümumilikdə qeyd edilən vəzifələrdə ümumi stajı 31 il 3 ay 30 gün təşkil etmişdir. Nəticə etibarı ilə iddiaçıya pensiya ödənişinin hesablanması 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının 65%-i məbləğində deyil, 31 il 3 ay 30 gün qulluq stajına görə orta aylıq əmək haqqısının 80%-i məbləğində, yəni 1235.60 manat müəyyən edilməli idi. İddiaçı qeyd edir ki, iddiaçının pensiya hüququ 2006-cı il tarixədək qüvvədə oian “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 1 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaranmışdır. Eləcə də həmirTQanununun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya təyin edilirdi. Beləliklə ilkin olaraq burada iddiaçının əmək pensiyasının məbləği yanlış hesablanmaqla onun sosial təminat hüququ pozulmuşdur. Həmçinin, məktubda qeyd edilir ki, 1 mart 2018-ci il tarixdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının orta aylıq əmək haqqısının məbləği yenidən hesablanaraq 1687,58 manat təşkil etmişdir. Bundan irəli gələrək əmək pensiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 yun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqısı ilə (1687,58 manat) əvvəlki orta aylıq əmək haqqısının (1544,50 manat) arasındakı fərqin (1687,58 - 1544,50 = 143,08), yəni 143,08 manatın 41.67%-i məbləğində, yəni 59,62 (143,08 * 41.67% = 59.62) manat artaraq 1063.55 (1003.93 + 59,62 = 1063.55) manata çatdırılmışdır. Halbuki, həmin vaxt iddiaçının əmək pensiyası yuxarıda göstərilən Fərmanın 2.3-cü bəndinə uyğun olaraq hesablanmalı idi. Belə ki, həmin bəndə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə - orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və .15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Yəni, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox (31 il 3 ay 30 gün) olduğuna görə, Fərmanın 2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqımla (1687,58 manat) əvvəlki orta aylıq əmək haqqısı (1544,50 manat) arasındakı fərqin (1687,58 - 1544,50 = 143,08), yəni 143,08 manatın 80%-i həcmində, yəni 114,46 (143.08 * 80% = 114.46) manat artırılmalı idi. Beləliklə də əmək pensiyasının məbləği ümumilikdə 1350,06 manat (1235,60 + 114,46 = 1350,06) olmalı idi. Beləliklə burada əmək pensiyası yanlış hesablanmaqla hər ay iddiaçıya 286.51 manat az pensiya hesablanmış və nəticədə onun sosial təminat hüququ pozulmuşdur. Həmçinin, məktubda qeyd edilir ki, 1 sentyabr 2019-cu il tarixdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar orta aylıq əmək haqqısının məbləği yenidən hesablanaraq 2495,58 manat təşkil etmişdir. Bundan sonra iddiaçının əmək pensiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqısı ilə (2495,58 manat) əvvəlki orta aylıq əmək haqqısının (1687,58 manat) arasındakı fərqin (2495,58 - 1687,58 = 808), yəni 808 manatın 41.67%-i məbləğində, yəni 336,69 manat artaraq 1400,24 (1063,55 + 336,69 = 1400,24) manata çatdırılmışdır. Halbuki, həmin vaxt iddiaçının əmək pensiyası yuxarıda göstərilən Fərmanın 2.3-cü bəndinə uyğun olaraq hesablanmalı idi. Yəni, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox (31 il 3 ay 30 gün) olduğuna görə, onun əmək pensiyası yenidən hesablanarkən orta aylıq əmək haqqısının artım məbləğinin, yəni 808 manatın 80%-i həcmində, yəni 646,40 manat artırılmalı idi. Beləliklə də əmək pensiyasının məbləği ümumilikdə 1996,46 manat (1350,06 + 646,40 = 1996,46) olmalı idi. Beləliklə burada əmək pensiyası yanlış hesablanmaqla hər ay iddiaçıya 596.22 manat az pensiya ödənişi ödənilmiş və nəticədə onun sosial təminat hüququ pozulmuşdur. Cavabdeh tərəf iddia ərizəsində irəli sürülən heç bir tələbi rədd edən arqumentlər irəli sürməmiş və öz etirazını əsaslandıra bilməmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yalnız xx.xx.2023-cü il tarixli (sonuncu xx.xx.2023-cü il tarixli) məktubda qeyd edilmiş əsassız mülahizələri sadecə olaraq etirazda təkrarlanmaqla kifayətlənmişdir. Əlavə olaraq qeyd olunur ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 37-ci maddəsinə əsasən, yalnız iki halda əmək pensiyasının yenidən hesablanması həyata keçirilə bilər: pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023- cü il tarixli qərarının 9-cu bəndində yenidən hesablanmanın səbəbi kimi “inventarizasiya” qeyd edilmişdir. Azərbaycan dilinin izahlı lüğətində “inventarizasiya” dedikdə, siyahiya alma, inventara daxil etmə (edilmə) mənaları başa düşülür. Eyni zamanda həmin lüğətə görə, hər hansı müəssisəyə, idarəyə, təşkilata məxsus olan əşyaların yerində olub-olmadığını hesablama ve siyahısım tutma yolu ila yoxlanması inventarizasiya anlayışını özündə ehtiva edir (Azərbaycan dilinin izahlı lüğəti, Bakı, Çıraq nəşriyyatı, 1999, səh 28 (412s)). Beləliklə, iddiaçı hesab edir ki, inventarizasiya əsası ilə əmək pensiyasının yenidən hesablanması qanunda nəzərdə tutulmadığından cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuşdur. İddia ərizəsində göstərilən arqumentlərə əsasən, iddiaçının əmək pensiyasının məbləğindən tutulmaların həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərar əlverişsiz inzibati aktdır və ləğv edilməlidir. İddiaçı “İnzibati icraat haqqında” AR Qanununun 61.1, 61,2-ci maddələrinə istinad edərək qeyd edir ki, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması iiə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razslığs ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun bu maddəsinə əsasən, pensiyaçının razılığı olmadıqda artıq ödənilmiş əmək pensiyasını tutmaq səlahiyyəti yalnız və yalnız məhkəməyə məxsusdur. Belə olan halda cavabdeh orqan öz səlahiyyət hədlərini aşaraq qanunun qadağan etdiyi hərəkət etmiş və iddiaçının əmək pensiyasını qanunsuz olaraq dayandırmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya ödənilən əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair qərar qanunsuz əlverişli inzibati akt olduğundan, yalnız Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda və sübuta yetirildikdə, həmin inzibati akt ləğv oluna bilər. Lakin, bu halların da heç biri sübut edilməmiş və iddiaçının pensiyasından tutulmaların həyata keçirilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2- 1(112)-4646/2024 saylı qərarında iddiaçının yenidən hesablama ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı üzrə hesablama artıq ödəmə məbləğinin tutulması, dayandırılmış və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı olmuşdur. Yenidən hesablama barədə qərarın ləğv edilməsi həmin iddianın predmeti olmamış və qərarın qanuniliyinə münasibət bildirilməmişdir. Odur ki, hazırkı iddia eyni əsaslar, eyni predmet və eyni cavabdehə qarşı iddia olmadığından mahiyyəti üzrə baxılmaqda maneə yoxdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -415905 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. -X4 xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, 1970-1995-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında X5 Mühafizəsi Baş İdarəsində, Azərbaycan SSR Nazirlər Soveti yanında və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər X1 X6 edən Baş İdarədə redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının hazırki pensiya məbləği 2663,75 manat, yenidən hesablanmış pensiya məbləği 1766,69 manat təşkil etmişdir. Hazırda iddiaçı onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və əvvəlki pensiya məbləğinin bərpa edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnu pensiya yaşına çatması və ya əlil olmasından, 5 il dövlət qulluğu stajı olmasından, həmçinin pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmamasından asılı etmişdir Məhkəmə, cavabdehin qəbul etdiyi ona görə razılaşmır ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 18 il sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “1970-1975-ci illərdə işləyən vəzifənin dövlət qulluğuna aid olmamasını” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin etməyə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh səhv məlumatın müəyyən olunmasını yalnız X9 tərəfindən daxil olmuş rəsmi sorğuya cavab məktubunun təqdim edilməsindən sonra mümkün olduğunu iddia edir. Lakin məhkəmə cavabdehin bu arqumentini də əsaslı hesab etmir. Belə ki, cavabdeh inzibati orqan olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiya təyin edərkən, onun iş stajına daxil edilən vəzifələrin dövlət qulluğuna uyğun olubolmamasını Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Qanunun tətbiqi Qaydalarına və bu çərçivədə formalaşdırılmış “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əsasən araşdırmalı və dəyərləndirməli idi. Həmin normativ hüquqi sənədlərə əsasən dövlət qulluqçusunun pensiyaya çıxması üçün əsas olan vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmaması xüsusilə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında tutulan vəzifələrin müvafiq siyahı üzrə uyğunlaşdırılması ilə müəyyənləşdirilir. Bu isə cavabdeh orqanın, yəni pensiya təyinatı həyata keçirən dövlət qurumunun birbaşa səlahiyyət və məsuliyyət sferasına aiddir. Məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıya pensiya təyin edilərkən onun tutduğu vəzifələrin həmin siyahıya uyğun gəlib-gəlməməsi məsələsini ilk mərhələdə araşdırmalı, zəruri hesab etdiyi halda isə bu barədə müvafiq rəy alınması üçün səlahiyyətli quruma sorğu göndərməli idi. Lakin cavabdeh bu hüquqi vəzifəni yerinə yetirməmiş, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun sabiq dövlət qulluqçusu olduğunu və buna uyğun pensiya hüququna malik olduğunu qəbul etmiş və bu əsasla pensiya təyinatı aparmışdır. Cavabdeh tərəfindən iddiaçının uzun müddət ərzində dövlət qulluqçusu kimi pensiya almasına şərait yaradılması, eyni zamanda bu statusun əvvəlki mərhələlərdə heç bir əsaslı şübhə doğurmaması faktı onun həmin təyinatla razı olduğunu və bunu qanuni hesab etdiyini göstərir. Bu baxımdan, cavabdeh yalnız illər sonra X3 daxil olmuş məktubuna istinad etməklə mübahisələndirilən dövrləri dövlət qulluğuna daxil etməməsi əsaslı ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663.75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçıya əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar