Məhkəmə qərarları › İş №e-2-1(112)-2319/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2319/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2319/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi) qarşı “Qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki adı Bakı şəhəri X4 üzrə Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1 kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********281700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci ilin 4cü rübü üçün 2.410,56 manat ödəmə mənbəyuindən tutulan vergi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 avqust 2023-cü ul tarixli **********281700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkəti vasitəsilə Koreya Respublikasından ikinci və üçüncü əl işlənmiş avtomobillərin idxalı ilə məşğul olmuşdur. Beynəlxalq yükdaşıma xidməti üzrə qeyri-rezident şəxslərə ödənilməli olan 51255.85 (əlli bir min iki yüz əlli beş manat səksən beş qəpik) AZN pul məbləğindən bank ödənişi əsasında 11079,87 (on bir min yetmiş doqquz manat səksən yeddi qəpik) AZN (6508 USD) ödəniş edilmişdir. Təqdim edilən ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə əlavə olunmuş bank ödəniş sənədləri vasitəsilə bu fakt öz təsdiqini tapmışdır. 40175.98 AZN məbləğində ödəniş isə hələ ki onun tərəfindən qeyri-rezident şirkətə ödənilməmişdir və borc məbləği olaraq yaxın zamanda ödənilməsi barədə şirkətlə razılığa gəlinmişdir. Belə olan halda ödənilmiş məbləğə uyğun olaraq təqdim olunmuş ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində vergi ödəyicisi tərəfindən 664,79 AZN məbləğində vergi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən əlavə olaraq 241,56 AZN məbləğində verginin müəyyən edilməsi tamamilə əsassız olmaqla, sadəcə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə süni şəkildə maneə yaradılmasından ibarətdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı inzibati araşdırma çərçivəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixi **********702200 nömrəli müraciətə əlavə edilmiş təsdiqedici sənədlərə əsasən 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyri-rezident şəxslərin 51255,85 manat dəyərində işləri icra etdikləri, bu məbləğdən 11063,6 manat hissəsinin 2022-ci il ərzində bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız qaydada ödənildiyi müəyyən edilmiş, 40192,25 manat məbləğin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər araşdırmaya təqdim olunmamış, ödənildiyi iddia edilən 51255,85 manat məbləğə görə həmin hesabat dövrləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. İnzibati araşdırma nəticəsində qəbul edilmiş 17 may 2023-cü il tarixli, **********172100 nömrəli qərarda qeyd edilmişdir ki, 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyri rezident şəxslərə ödənildiyi iddia edilən 51255.85 manat məbləğə (11063.6 manat hissəsinin bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız, 40192,25 manat məbləğ nağd qaydada) görə mövcud təsdiqedici sənədlər üzrə araşdırma aparılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlər görülməlidir. Bununla əlaqədar vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti təhlil edilmiş, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti üzrə vergi ödəyicisi tərəfindən qeyri-rezident şəxslərə 51255,85 manat xərclərin çəkildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********314500 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü maddələrinə və İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********172100 nömrəli Qərarın 3.2-ci bəndinə əsasən kameral vergi yoxlaması ilə 51255.85*6%=3075.35 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********017700 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında həmin qərarın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim etmişdir. İddiaçı həmin iclasda iddia tələbini dəqiqləşdirərək, sonuncu qərarın ləğv edilməsini tələb edərək, qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2410,56 manat ÖMV hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh hesab edir ki, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti üzrə iddiaçı tərəfindən qeyri-rezident şəxslərə 51255,85 manat xərclərin çəkildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh 51255,85 manat məbləğə görə, 6% ilə iddiaçıya 2410,56 manat ÖMV hesablamışdır. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkətinə ödənilməli olan 51255.85 AZN pul məbləğindən bank ödənişi əsasında 6508 USD (11079,87 AZN) ödəniş edilmişdir. İddiaçı təqdim etdiyi bəyannamədə, qeyri-rezidentə ödənilən 11079,87 AZN məbləğə 6% ilə 664,79 manat ÖMV hesablamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 82.1. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: .... 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir... Maddə 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Maddə 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Maddə 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Maddə 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının qeyri-rezidentə faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN olmuçdur. Belə olan halda həmin məbləğin 6 faiz məbləğində verginin 664.79 AZN müəyyən edilməsi ilə qanunun tələbinə müvafiq düzgün hesablama həyata keçirilmişdir. İddiaçı kiçik sahibkar kimi gəlirlərin və xərclərin uçotunu kassa metodundan istifadə edərək aparmışdır. AR Vergi Məcəlləsinin 133-cü maddəsinə görə “vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır”. Qanunun tələbindən bəlli olur ki, vergi ödəyicisinin faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN (6508 USD) olduğu üçün bəyannamə və hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 664,79 AZN məbləğində verginin müəyyən olunması ə əsaslıdır. Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir: vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt. Bu maddənin tələbindən də göründüyü kimi ödəmə mənbəyindən verginin tutulması öhdəliyi iddiaçı tərəfindən nağdsız ödəmə zamanı 11079,87 AZN (6508 USD) pul vəsaiti köçürüldüyü zaman yaranmışdır və buna əsasən hələ ödənilməmiş qalan məbləğə münasibətdə hər hansı ödəmə mənbəyində verginin tutulması öhdəliyindən söhbət gedə bilməz. Cavabdeh iddiaçı tərəfindən qeyri-rezidentə 51255,85 manat xərclərin çəkilmləsini qeyd etməsində baxmayaraq iş materillarına əsasən bu hal təsdiq olunmamaqla cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin (hazırkı adı Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi) 04 avqust 2023-cü il tarixli **********281700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar