Məhkəmə qərarları › İş №e-2-1(112)-2323/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2323/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2323/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməməsi səbəbindən iddiaçıya, yəni İddiaçı qanunsuz olaraq əlilliyə görə sosial müavinətin verilməsi dayandırılmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən nəzərə alınmamışdır ki, X1 Sisteminin Əlillik altsisteminin xx.xx.2018-ci il tarixli müayinə çıxarışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ilkin olaraq 5 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək İİ dərəcə əlillik təyin edilmişdir. X1 Sisteminin Əlillik altsisteminin (xx.xx.2023-cü il tarixli göndəriş) xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən göndərişin natamam doldurulması (ekspertiza üçün əhəmiyyətli olan və metastazı təsdiq edən müayinə nəticələri qeyd edilməyib) səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. X1 Sisteminin Əlillik altsisteminin (xx.xx.2023-cü il tarixli göndəriş) xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən göndərişin natamam doldurulması (status localisdə diaqnostik müayinələr, əvvəlki ağırlaşmalar arasında uyğunsuzluq) səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. X1 Sisteminin Əlillik altsisteminin (xx.xx.2023-cü il tarixli göndəriş) xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizm funksiyalarının 90 faiz həcmində pozulması ilə əlillik təyin edilmişdir. Belə ki, iddiaçıya əlilliyin təyin edilməməsi səbəbindən əlilliyə görə sosial müavinətin verilməsinin dayandırılmasına heç bir qanuni əsas olmamışdır. İddiaçı bir vətəndaş kimi dövlət orqanının təyin etdiyi müavinətini xx.xx.2018-ci il tarixdən almış və onun bu işdə heç bir təqsiri olmadığı ücün xx.xx.2023-cü il tarixdən müavinətin verilməsi əsassız olaraq dayandırılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bir vətəndaş kimi qanunla ona düşən aylıq müavinət almaq hüququ kobud şəkildə pozulur. Qeyd olunmalıdır ki, bundan əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixdən qanunla müəyyən olunmuş əlilliyə görə aylıq sosial müavinətin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunsa da, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 cü il e-2-1(112)-6139/2024 saylı qərarı ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsi əsaslarından biri də göndərişin natamam doldurulması (ekspertiza üçün əhəmiyyətli olan və metastazı təsdiq edən müayinə nəticələri qeyd edilməyib) olmuşdur ki, bu da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqsiridir. Odur ki hesab olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş sosial müavinət birdəfəlik hesablanaraq ona ödənilməlidir. Həmçinin, 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, ödənilməmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (7 ay) aylıq sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsinə köməklik göstərilməsini xahiş olunsa da, bu günə qədər ona heç bir rəsmi cavab verilməmişdir. Buna görə də 09 avqust 2024-cü il tarixdə təkarən həmin idarəyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ona xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq, göndərişin rəsmiləşdirildiyi tarixdən əlilliyin təyin edilməsi barədə qərar qəbul etmişdir. İddiaçının iddia etdiyi tarixdə, yəni xx.xx.2023cü il tarixində hər hansı göndərişin rəsmiləşməsi qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əlilliyin təyinatı barədə qərarda iddiaçının əlilliyinin təyinat tarixinin dəyişdirilərək xx.xx.2023-cü il tarixindən hesablanması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əlilliyin təyinatı barədə qərarda iddiaçının əlilliyinin təyinat tarixinin dəyişdirilərək xx.xx.2023-cü il tarixindən hesablanması” tələbinə dair inzibati iş üzrə ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin olunmuş, iddia üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əlilliyin təyinatı barədə qərarda əlilliyin təyinat tarixinin dəyişdirilərək ilk göndərişin imzalandığı xx.xx.2023-cü il tarixindən hesablanması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İş materiallarında olan sənədlərə əsasən: TSEK-in qiymətləndirmə məlumatına əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə ilkin müayinə nəticəsində ümumi xəstəlik ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli göndərişə əsasən iddiaçıya qoyulan diaqnozlar aşağıdakı formada olmuşdur: Əsas diaqnoz: C50.2 Süd vəzisinin yuxarı-içəri kvadratının bədxassəli yenitörəməsi. Sağ süd vəzinin xərçəngi. T2M1N1 mər İV sklet sümüklərinə mts kimyəvi dərman müalicəsindən və şüaterapiyadan s/v. sklet sümüklərə mts. Ağırlaşma: M25.6 Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Hərəkət məhdudluğu. Yanaşı xəstəliklər: K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Qara ciyərin hepatasteatoz. F48. Digər neqativ pozuntular. Asteno Nevrotik vəziyyət. İ89.8 Limfa damarları və limfa düyünlərinin digər dəqiqləşdirilmiş qeyri-infeksion xəstəlikləri. Limtostaz. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi göndərişin natamam doldurulması qeyd edilmişdir. Növbəti qiymətləndirilmə nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə təkrar müayinə nəticəsində ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in qiymətləndirmə məlumatına əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında həmin tarixdən təkrar “Süd vəzisinin yuxarı-içəri kvadratının bədxassəli yenitörəməsi. Sağ süd vəzinin xərçəngi T2M1N1 mər İV sklet sümüklərinə mts kimyəvi dərman müalicəsindən və şüaterapiyasından s/v. Sklet sümüklərə mts.” ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizm funksiyasının pozulmasının 90% olmaqla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ona xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı. Məhkəmə hazırki iddia tələbinin mahiyyəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixində aparılmış ilkin müayinə nəticəsində, ümumi xəstəliklə bağlı olaraq, müəyyən edilmiş hüquqi və tibbi meyarlara uyğun şəkildə, müddəti 5 il olmaqla, ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunan əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik “Süd vəzisinin yuxarı-içəri kvadratında bədxassəli yenitörəmə, sağ süd vəzisinin xərçəngi T2N1M1, İV mərhələ (inkurabel), kimyəvi və şüa terapiyasından sonrakı vəziyyət” kimi diaqnostika olunmuşdur. Qeyd olunmalıdır ki, həmin əlillik müddətinin bitməsinə yaxın xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçı yenidən müayinədək keçmiş, lakin həmin göndərişin tərtib edilməsində formal tələblərin tam yerinə yetirilmədiyi (natamam doldurulması) əsas götürülərək, onun əlillik statusunun təyin olunmasından imtina edilmişdir. Nəticədə, iddiaçı üçün əlilliyin yenidən qiymətləndirilməsi yalnız xx.xx.2023-cü il tarixində həyata keçirilmiş və bu tarixdən etibarən onun orqanizmin faiz pozulmasının 90 % olması müəyyən edilmişdir. Bununla yanaşı, hüquqi və tibbi mülahizələr nəzərə alınaraq, qeyd olunmalıdır ki, iddiaçının orqanizmin funksional pozulma dərəcəsinin 90% olması barədə qərarın xx.xx.2023-cü il tarixində qəbul edilməsi, mahiyyət etibarilə, bu qərarın əsasını təşkil edən diaqnozun əvvəlki tibbi sənədlərdə – xüsusilə, forma 088 arayışında – əks olunmuş diaqnozun daha ağırlaşmış forması olması faktı ilə üst-üstə düşür. Belə ki, iddiaçıda müşahidə edilən xəstəlik əvvəlki dövrlə müqayisədə nəinki eyni səviyyədə qalmamış, əksinə, daha ağır kliniki mərhələyə keçmişdir. Bu isə onun sağlamlıq vəziyyətinin xx.xx.2018-ci il tarixində təyin edilən əlillik dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə pisləşdiyini təsdiq edir. Halbuki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya əlillik statusu təyin etmiş olmasına rəğmən, həmin diaqnozun daha ağırlaşmış forma olduğu və daha əvvəllər tərtib olunmuş xx.xx.2023-cü il tarixində təqdim olunmuş göndəriş ilə eynilik təşkil etdiyini nəzərə almamışdır. Cavabdeh tərəfindən ilkin instrumental müayinələrin düzgün həyata keçiriləcəyi təqdirdə göndərişdəki natamamlıqların aradan qaldırılması mümkün olmasına baxmayaraq, vəzifə səlahiyyətləri düzgün icra edilməmiş, yekun nəticədə sağlamlıq vəziyyəti daha da ağırlaşmış iddiaçıya münasibətdə məhrumiyyətlərə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyini xx.xx.2023-cü il tarixli qərar ilə həyata keçirilsə də, həmin diaqnozun xx.xx.2023-cü il tarixli göndərişdə göstərilən diaqnoz ilə eynilik təşkil etməsi, əlilliyin məhz xx.xx.2023-cü il tarixdən hesablanması üçün əsas verir. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyinat tarixinin formal əsaslardan çıxış edilərək süni şəkildə uzadılması, eyni diqanoz əsasında (daha ağırlaşmış vəziyyətdə) təkrar əlilliyi 6 aydan sonra təyin edilmiş iddiaçını maddi məhrumiyyətlərə məruz qoymuş, onun qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsinin istisna olunmasına gətirib çıxarmışdır. Odur ki, iddiaçının iddiası əsaslı olmuşdur. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddia təmin edilsin. İddiaçı münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əlilliyin təyinatı barədə qərarda əlilliyin təyinat tarixi dəyişdirilərək ilkin göndərişin imzalandığı xx.xx.2023-cü il tarixindən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar