Məhkəmə qərarları › İş №e-2-1(112)-2324/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2324/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2324/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0.12 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planölçüsü” sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi ev tikintisi üçün 22 mart 2006-cı il tarixdə 9 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlamaqla Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0,12 ha torpaq sahəsini almışdır. Buna dair, o dövrdə müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası DTXK-si (Torpaq Komitəsi) tərəfindən JN-29488D, KOD 00306016 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Sahəni əldə edən zaman ona naturada təhvil verilmiş və mütəxəssislər yerində nəzarət qaydasında ölçmə işləri aparmaqla adına yenidən texniki sənədlər işlənilməklə şəhadətnamə verilmişdir. Torpaq sahəsi həmin tarixdən fasiləsiz istifadəsindədir. Qeyd olunan şəhadətnamə mülkiyyət sənədi olmaqla onun əsasında xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Lakin, torpaq sahəsinin yerləşməsini müəyyən edən sənədi olan “torpaq sahəsinin plan-ölçüsünü” almaq istədikdə cavabdeh haqsız olaraq bundan imtina etmişdir. Onu da qeyd edir ki, həmin dövrdə onun sahəsinə yanaşı sahələri alan şəxslərə belə sənədlər verilmişdir. Cavabdeh xx.xx.2023 tarixli imtina məktubunda yanlış olaraq şəhadətnamənin nömrəsini JN- 24449D göstərməklə qeyd etmişdir ki, ona məxsus sahə şəhadətnamədə göstərilən yerdən aralı sahədə yerləşmişdir və guya başqa şəxslərin yeri onun faktiki olan yerinin üstünə düşür. Müəyyən sorğu-araşdırma apardıqdan sonra o, bir daha cavabdehə müraciət etmiş və o, xx.xx.2023 tarixli məktubu ilə xx.xx.2023 tarixli məktubuna istinad edərək eyni əsaslarla bir daha müraciətinə imtina etmişdir. Hesab edir ki, cavabdehin hərkəti qanunsuz və əsassızdır. Cavabdeh qurum öz sənədlərində texniki uyğunsuzluğu aradan qaldırılmalıdır və onun mülkiyyət hüququnu pozmamalıdır. Ona məlum olmuşdur ki, 2006-cı ildə işlənilən koordinat-ölçə işləri bir qaydada aparılırdı, daha sonra başqa, daha mükəmməl koordinat-ölçmə sistemi əsasında aparılıb (əvvəl sovetlərdən qalmış “Pulkovol1942, sonra isə WGS-84 sistemi işlənməyə başlayıb). Bu da, cavabdehin üzərinə öz məlumat bazasında uyğunlaşdırma işini aparmalı və mülkiyyətçini bu cür cavablarla çıxılmaz vəziyyətə salmamalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********61 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən keçmiş X3 Komitəsi tərəfindən verilən JN-24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, şəhadətnamənin yerləşməsi faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1480 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 1200 kv.m hissəsi X2 və X4 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi, **********29 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.

8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29488D KOD 00306016 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri 09 saylı Dövlət Notariat Kontorunun 22 mart 2006-cı il tarixli 4-Ə-1/190 saylı alğı-satqı müqaviləsi ilə satılmış 0.12 ha ölçüsü olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Şəhadətnamə 25216 nömrə ilə kitabda qeydə alınmışdır.

9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-5661/2023 **********61 nömrəli məktuba əsasən, iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən keçmiş X3 Komitəsi tərəfindən verilən JN- 24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. Həmçinin tərəflərindən göstərilən sahənin daxilində digər fiziki şəxslərə məxsus özəl sahələr mövcuddur. Bu səbəbdən plan-ölçünün tərtib edilməsi mümkün olmamışdır.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-39636/2023 **********36 nömrəli məktubla İddiaçı adına verilmiş **********29 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-39636/2023 **********36 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, rayonu, Şüvəlan qəsəbəsi (yeni Qaydalarla: ünvan 2 ünvanında yerləşən X4 və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən X2 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair sənədlərin surətlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini Bakı şəhəri 09 saylı Dövlət Notariat Kontorunda 22 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29488D KOD 00306016 nömrəli şəhadətnamə vermişdir. Sonradan iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də, “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi oa istinad edilmişdir ki, keçmiş X3 Komitəsi tərəfindən verilən JN-24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1480 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 1200 kv.m hissəsi X2 və X4 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ...

20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.59. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq; ...

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. Daşınmaz əmlak barəsindən notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ...

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Beləliklə işin mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələrinə dair hər birinin adına artıq cavabdeh inzibati orqan tərəfindən ayrıca çıxarışlar tərtib edilmişdir. İddiaçının adına elə cavabdehin özü tərəfindən verilmiş (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi) “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 29488D KOD -00306016 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə tərtib edilərkən iddiaçıya məxsus torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmiş, torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən torpaq sahəsinin faktiki ölçüsünün 1480 kv.m olmasına istinad edilsə də, iddiaçının həmin əlavə torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası yoxdur. Onun tələbi elə özünün xüsusi mülkiyyətində olan 0.12 ha hissəyə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Əlavə olaraq elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsinin X2 və X4 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal-kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh iddiaçıya və digər şəxslərə məxsus torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı təqdirdə və iddiaçının mülkiyyətində olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də, torpaq sahəsi ilə bağlı hazırda həmin şəxslərlə iddiaçı arasında hər hansı bir məhkəmə mübahisəsi mövcud olmadığı təqdirdə, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki, mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə şəhadətnamə eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun hərəkətləridir.

24. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməməsi əsaslı olmamışdır. Çünki istinad olunan hallar (torpaq sahəsinin faktiki olaraq daha çox olması, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi) imtina üçün əsas deyildir.

25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

27. Məhkəmə Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.

28. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və planölçü sənədinin verilməsi də təmin edilməlidir.

29. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.

30. Məhkəmə qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.

31. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, cavabdehin iddiaçıya plan-ölçü sənədinin verilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır və sözügedən uyğunsuzluq elə cavabdehin özü tərəfindən də, aradan qaldırılmalıdır.

32. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1138/2023 saylı xx.xx.2032-cü il tarixli qərarında sərgilənmişdir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsinə dair “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar