Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2327/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və hal-hazırda cavabdeh vergi orqanının qərarlarına əsasən sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. İddiaçının fəaliyyəti avto ehtiyyat hissələrinin alışı və satışından ibarət olmuşdur. O malları müxtəlif yerlərdən alaraq mağazada e-qaimə və onlayn kassa vasitəsi ilə satmışdır. Gəlirləri barədə vergi orqanına bəyannamələr vermiş və vergiləri ödəmişdir. Bunlara baxmayaraq vergi orqanı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarına əsasən onu riskli vergi ödəyicisi hesab etmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil etmişdir. Bundan başqa vergi orqanı iddiaçı barəsində 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablamış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarları qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci və 2023-cü illər üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi üçün şikayət etmişdir. Şikayətə baxılıb yekunlaşmamasına baxmayaraq xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ilə məbləğlər bərpa edilmişdir. Bundan başqa vergi orqanı **********794600 nömrəli məktubla 2023-cü ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim etməyi bildirmiş, iddiaçı tərəfindən bəyannamələr təqdim edilmiş, ancaq buna baxmayaraq vergi orqanı tərəfindən 2023-cü ilin 1-ci rübü üzrə gəlir vergisi hesablanmışdır. Vergi orqanı qərəzli mövqe aparmışdır. Vergi orqanının qərarları əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərarlar vermişdir. İddiaçı malları alarkən sənədlər ala bilməmiş, ancaq həqiqətən də satdığı malları alaraq satmışdır. Vergi orqanı baxış keçirmədən, X2 tədbirləri həyata keçirmədən, xronometraj metodu ilə müşahidə aparmadan, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmadan iddiaçının fəaliyyətini məhdudlaşdıran qərarlar qəbul etmişdir. Bundan başqa vergi orqanı qərarlar qəbul edərkən bərabərlik prinsipini və işin hallarının obyektiv araşdırılması normasını da pozmuşdur. Çünki vergi orqanı onu digər, yəni əsl riskli vergi ödəyiciləri ilə bərabər tutmuşdur. Əlavə olaraq vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən yuxarı vergi orqanına müraciət edilmişdir. Daha sonra həmin dövrlər üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Həmin qərarlardan da şikayət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi üçün yuxarı vergi orqanına müraciət edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarda bununla bağlı heç bir münasibət bildirilməmişdir. Vergi ödəyicisinin xərc sənədləri olmadığı üçün vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən hesablanmalı idi. Ancaq vergi orqanı vergiləri Vergi Məcəlləsinə zidd olaraq ümumi dövriyyəyə 20% tətbiq etməklə hesablamışdır. Belə hesablama metodu isə Vergi Məcəlləsində yoxdur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 23:44:13-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Odur ki, iddia tələbi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Kameral vergi yoxlamasına münasibətdə isə bildirilir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olduğu və vergi orqanında qeydiyyatda alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, fərdi sahibkar tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində göstərilmiş cəmi 132366,0 manat gəlir məbləğinin hesabat dövrü ərzində onlayn kassa aparatı ilə müəyyən edilən (9572,5 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (130473,0 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 140045,5 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2ci ("Sair debitor borcları") sətrinin "Hesabat dövrünün sonuna” olan 0,0 manat məbləği ilə "Hesabat dövrünün əvvəlinə” olan 0,0 manat məbləğinin fərqi 0,0 manat məbləğin çıxılması nəticəsində yaranan 7679,5 manat məbləğdən az əks etdirilməsi, 2022-ci ildə təqdim edilmiş malların əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərinin olmamasına baxmayaraq fərdi sahibkar tərəfindən bəyan edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq üzrə 75 faiz güzəşt məbləğinin tətbiq edilməsi, eyni zamanda 2023-cü ildə onlayn kassa aparatı ilə müəyyən edilən (5967,0 manat) dövriyyəsinin olmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq olunması mümkün deyildir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********795500 nömrəli, xx.xx.2023-cü il tarixli **********413800 nömrəli və xx.xx.2023-cü il tarixli **********796400 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022ci və 2023-cü illər üçün dəqiqləşmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlarından xx.xx.2023-cü il tarixli **********999500 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********431000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2022-ci il üzrə 21988,93 manat əlavə vergi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2023-ci il üzrə 910,06 manat əlavə vergi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarla, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9052 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına və ekspert qarşısında qoyulmuş suallara əsasən bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Baş idarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********431000 və **********437200 nömrəli qərarlara əsasən hesablanmış vergi məbləğlərinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı müəyyən olundu. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 58.16. Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. (xx.xx.2024-dək qüvvədə olan redaksiya) 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (xx.xx.2024-dək qüvvədə olan redaksiya) 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (xx.xx.2024-dək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri). Göründüyü kimi, mənfəət vergisi mənfəətlə xərc arasındakı fərqdən hesablanır. Vergi ödəyicisinin isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə). Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən onun gəlirini xalis mənfəət hesab etmişdir. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri). Məhkəmə razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarlar qanunsuzdur və ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir. Qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.1 və 3.1.1-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları (xidmətləri) satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Sözügedən normanın malın (xidmətlərin) alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Satışında olmasına baxmayaraq, alışında və ya idxalında malların müəyyən edilməməsi meyarların 3.1.1-ci bəndinin tətbiqinə əsas vermir. Həmin bənd fərqli mal çeşidlərinin təqdim edilmiş elektron qaimə-fakturalarda göstərilməsi ilə bağlıdır. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (X2) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 nömrəli və 19 iyul 2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, xx.xx.2023-cü il tarixli **********001800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarlar ləğv edilməlidir. Məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 100 manat məbləğində pul cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 nömrəli və 19 iyul 2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, xx.xx.2023-cü il tarixli **********001800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarlar ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2327/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2327/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver