Məhkəmə qərarları › İş №e-2-1(112)-2330/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2330/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2330/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X5 Limited” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3, üçüncü şəxs “X5 Limited” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X5 Limited” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli 42 nömrəli əmrinə, Bakı şəhəri XDS İK-nin qərarına əsasən İddiaçı (bundan sonra iddiaçı) fərdi ev tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Suraxanı rayonu 1 nömrəli Zeytun sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə dair 1997-ci ildə İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasportda inventar nömrəsi 32, reyestr nömrəsi 6547 göstərilmişdir. xx.xx.1998-ci il tarixli Abşeron Rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Suraxanı rayonu 1 nömrəli Zeytun sovxozunda yerləşən 3 yaşayış otaqlı, yaşayış sahəsi 69,2 kv.m, köməkçi sahəsi 21,1 kv.m olan 48 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Reyestr kitabı № 6547, inventar işi № 32. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Müraciətiniz ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ciil tarixli 2866 saylı Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan Binəqədi, Xəzər (Əzizbəyov), Xətai, Sabunçu, Suraxanı rayonlarının inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır.” İddiaçı 1 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və uyğunsuzluq mövcuddur. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X6 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmışdır. Torpaq sahəsinin daşınmaz əmlakın reyesterində İddiaçı adına qeydə alınması, buna dair çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin İdarə elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini və texniki-pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında primetrik ölçü fərqinin olmasını iddia edərək müraciət üzrə tələbin icra edilməsindən imtina etmişdir. SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X6 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixdə 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 69.2 kv.m, köməkçi sahəsi 21.1 kv.m olmaqla, ümumi sahəsi 90.3 kv.m olan 48 nömrəli fərdi yaşayış evi Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 6547 nömrəli reyestr kitabına 32 inventar nömrəsi ilə daxil edilməklə verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı 1989-cu il tarixdən hazırkı tarixədək (təxminən 35 il müddətinə) ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində məskunlaşmış və torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Sözügedən fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılmasını təsdiq edən bütün sənədlər, o cümlədən 1 №-li Zeytun sovxozu fəhlə həmkarlar təşkilatının iclasının protokolundan çıxarış, ilkin plan-sxemlər və texniki pasport mövcuddur. İddiaçıya ayrılmış torpaq sahəsinin ətrafı müxtəlif vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri, onlara məxsus torpaq sahələri ilə əhatələnmiş, bu illər ərzində həmin ərazi çoxsaylı insanların yaşadığı böyük məhəlləyə çevrilmiş, insanların rahat yaşayışının təmin edilməsi üçün elektrik, qaz, su və kanalizasiya xətləri ilə təchiz edilmişdir. Bir sıra şəxslər isə özlərinə məxsus olan torpaq sahələrinin, o cümlədən fərdi yaşayış evlərinin daşınmaz əmlakın reyestrində qeydə alınmasına nail olmuşdular (çıxarışlar ərizəyə əlavə edilir). Lakin, Novruz Məcidov qanuni əsaslarla ona mənsub olan torpaq sahəsinə 35 il müddətində sahiblik etsə də, həmin torpağa və onun üzərində yerləşən fərdi yaşayış evinə dair istənilən vergi, kommunal və digər ödənişləri vaxtlı-vaxtında həyata keçirməklə, bütün borclarını icra etsə də, onun torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, buna dair çoxsaylı müraciətləri nəticəsiz qalmışdır.. Cavabdehin imtina üçün əsas gətirmiş arqumentdərdən biri 35 ildir sahibliyində olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi olmuşdur ki, bu arqument tamamilə əsassızdır. Belə ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsində də nüsxələri mövcud olan müvafiq təsdiqedici sənədlər əsasında, tam qanuni yolla 1989-cu ildə İddiaçı ayrılmışdır və həmin torpaq sahəsinə dair hər hansı üçüncü şəxsin iddiası olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi iddiaçıya ayrıldığı zaman Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimi hər hansı müəssisə mövcud olmamışdır. Sonradan iddiaçıya heç bir məlumat vermədən tam qanuni əsaslarla onun adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi, ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış torpaq sahəsinin hər hansı şirkətin və ya dövlət şirkətinin istifadəsinə ayarılması, bu cür ayrılmanın əsas gətirilərək həmin torpaq sahəsinin onun adına qeydə alınmasından imtina edilməsi tam əsassızdır və iddiaçının hüquqlarının müvafiq dövlət orqanları tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Belə ki, həmin torpaq sahəsi həqiqətən Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdisə, onun yerləşdiyi ərazidə olan digər sahələrdə də fərdi yaşayış evlərinin tikilməsinə, onaların elektrik, qaz, su təchizatı İlə təmin edilməsinə və əhalinin normal yaşayışının təmin edilməsi üçün digər şəraitin qurulmasına imkan verilməzdi. Cavabdehin imtina üçün 2-ci arqumenti isə texniki-pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında primetrik ölçü fərqinin olması olmuşdur ki, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, uyğunsuzluğun hansı hissə ilə əlaqədar olması və hansı ölçüdə olması qeyd edilməmişdir. Bundan başqa, iddiaçının tələbi qanuni əsaslarla ona mənsub olan torpaq sahəsinə dair çıxarışın verilməsi ilə əlaqədar olduğundan qeyd edilən arqument əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının müvafiq aktda göstərilən torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin cizgisi arasında konfiqurasiya fərqinin olması həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmamasına əsas ola bilməz. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X5 Limited” Əməliyyat Şirkəti üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “SSRİ Dövlət Aqrar- Sənaye Komitəsinin 16 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsində olan ərazilərin hüdudları daxilində olub-olmadığına dair məlumat verilməsi barədə Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, X Y 421852.2770 4471228.4270 421843.7040 4471244.6190 421843.3070 4471244.3810 421838.4650 4471255.2550 421882.5190 4471275.4960 421888.9480 4471262.5570 421893.0760 4471253.1920 421895.2180 4471247.8730 421874.4220 4471238.9040 koordinatlarında olan sözügedən 1451 m2 torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X5 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22- ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanununun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxslərin nümayəndələri iddiaya etiraza uyğun izahat verərk, iddianın təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı (torpaq sahəsinin ayrılması barədə qərar Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli 42 nömrəli əmrinə, Bakı şəhəri XDS İK-nin qərarına əsasən qəbul edilmişdir.) Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur. Cavabdehin imtina üçün dəlili “elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi” ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, ortofoto planından müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir, ərazidə avtomobil yolları var, yolların hər tərəfi yaşayış evlərindən ibarətdir. Ən əsası həmin torpaq sahəsində yerləşən 3 yaşayış otaqlı, yaşayış sahəsi 69,2 kv.m, köməkçi sahəsi 21,1 kv.m olan 48 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış, bununla bağlı Abşeron Rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, məhkəmənin bu mövqeyini məhkəmə sorğusuna əsasən təqdim edilmiş ayrı-ayrı şəxslərə aid çıxarışlar da təsdiq edir. Belə ki, iş materiallarında olan X10, X2, X1, X11 və Babırov Babıra aid çıxarışlardan görünür ki, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torapaq sahələri kateqoriyasına görə cavabdehin və üçüncü şəxslərin iddia etdikləri kimi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” deyil, “yaşayış məntəqələrinin torpaqları”dır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd edilmişdir ki, həmin Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdeh elektron baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazidə yerləşməsini iddia etsədə, məhkəmə sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahəsinin üzərində X8 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.1990-cı il tarixdə iddiaçıya torpaq sahəsi ayrılan vaxt həmin torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi iş materialları ilə təsdiq olunmamış, cavabdeh və üçüncü şəxslər bunu təsdiq edən dəlil təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh və üçüncü şəxslər də bu protokolu (qərarı) mübahisələndirmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüququnun və qanunla qorunan mənafeyinin pozulmasına yol verilməsi barədə mövqeyini əsassız hesab edir. Məhkəmə cavabdehin “texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və uyğunsuzluq mövcuddur” dəlili ilə bağlı isə qeyd edir ki, bu hal iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Torpaq sahəsi 1990-cı ildə iddiaçıya ayrılmışdır, onun qanuni istifadəsindədir, həmçinin həmin torpaq sahəsində yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və uyğunsuzluğun olması iddiaçıdan asılı olmayan hallardır. Uyğunsuzluğun mövcud olması imtina üçün əsas hesab edilə bilməz. Hər hansı uyğunsuzluq olsa belə, onun aradan qaldırılması cavabdehin vəzifəsidir (“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndi). “X.Mustafayevanın şikayəti şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2364/2024 saylı xx.xx.2024, 2-1(102)-448/2025 saylı xx.xx.2025 tarixli qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar