Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2341/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı «X5» MMC-nin nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı «X5» MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X5» MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********285500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********285500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən "X6" MMC-yə (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 41599 manat mənfəət vergisi hesablanmışdır. Hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 174550,9 manat dəyərində əldə edilmiş elektron-qaimə fakturaların vergi orqanı tərəfindən qəbul edilməməsi olmuşdur. Aşağıda qeyd olunanlara əsasən iddiaçı kameral vergi yoxlamasının nəticələri ilə razılaşmır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. İddiaçı bildirir ki, İddiaçı MMC ilə riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alqısatqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən malların dəyəri İddiaçı MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “malların təhvil-qəbul aktı” ilə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Həmçinin qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. İddiaçı MMC həmin ödəyicilərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə İddiaçı MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əassızdır. Bundan başqa İddiaçı MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar şərti olaraq riskli əməliyyat kimi qəbul edilsə belə,vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər yalnız ƏDV-yə münasibətdə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasının mənfəət vergisi məqsədləri üçün nəzərədə tutulan 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (islərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər (əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər) mənfəət vergisi məqsədləri üçün xərc sənədləri hesab edilməsə də, ən azı həmin malların dəyəri Vergi Məcəlləsinin 14-cü (bazar qiyməti), 14-1-ci (transfer qiyməti) və 67ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) maddələrinə əsasən müəyyən edilən dəyər ilə xərc hesab edilərək gəlirdən çıxılmalıdır. Vergi orqanı mənfəət vergisi hesablayan zaman ən azı qeyd olunan maddəni tətbiq edərək vergi ödəyicisinin xərclərini malların bazar qiyməti müəyyənləşdirərək nəzərə almalı idi. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi araşdırılarkən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 174550,9 manat xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində yaranan xalis mənfəət məbləği ilə həmin bəyannamənin 1 nömrəli əlavəsində hesabat dövrünün xalis mənfəəti sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda göstərilmiş məbləğ arasında kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********596400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və məktubda qeyd edilən müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması təklif edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla, dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 34910,18 manat vergi hesablanmış və xx.xx.2023-cü il tarixli **********574000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2023-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində kənarlaşma aradan qaldırılmadığı üçün, həmçinin 74979,23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli **********218800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri" (221.4cü), “Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), "Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri" (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 412381.79 manat), müəssisə tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 Ns-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (337402.56 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 337402.56 manat) bəyannamənin 1 Ne-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (337402.56 manat) məbləğin müqayisəsi nəticəsində 74979.23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən məktubda qeyd edilmiş uyğunsuzluq aradan qaldırılmaqla vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyindən 41599,20 manat hesablama aparılmış və xx.xx.2023-cü il tarixli **********285500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqlan pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, habelə cavabdeh tərəfindən də iddiaçının bu dəlillərini təkzib edən hal müəyyən olunmasa da, qərar 30 gün müddət ötürülməməklə məhkəmə qaydasında mübahisələndirilmişdir. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********285500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, 2022-ci ilin bəyannamə və hesabat dövrü üzrə aparılan araşdırma zamanı 2022-ci il ərzində təqdim edilmiş qaimə-fakturalar üzrə 174550,9 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yarandığı, hesablama metodu ilə təqdim edilmiş bəyənnamədə 74979.23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilərək 41599 manat əlavə vergi məbləği hesablanmışdır. -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli (dəqiqləşdirlmiş) məktublardan görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə istinad edilməklə kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********574000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, 2022-ci ilin bəyannamə və hesabat dövrü üzrə aparılan araşdırma zamanı əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində təqdim edilmiş elektron qaiməfakturalar üzrə 174550,9 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yarandığı müəyyən edilərək 34.910,18 manat əlavə vergi məbləği hesablanmışdır. -«X5» MMC (VÖEN:**********) tərəfindən 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş (kameral vergi yoxlaması) mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin malların təqdim edilməsindən, topdan satışdan və ümumi gəliri 375,391.51 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 167,395.50 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 4,350.00 manat, sosial sığorta haqqları 929.25 manat, malın dəyəri 160,224.97 manat, bank xidmətləri üzrə xərclər 1,891.28 manat bəyan edilmişdir. İddiaçı MMC-nin 2022-ci il üzrə mənfəət vergisinin hesablanması zamanı xərc sənədlərinin tanınmasının əsası kimi əmtəəsiz əməliyyatların aparılması göstərilmişdir. Bununla bağlı həmin əmtəəsiz əməliyyatların aparıldığı tarix və vergi ödəyiciləri barədə məlumat verilməsi və iddiaçı ilə əmtəəsiz əməliyyat apardığı bildirilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunmasına barədə qərarların təqdim edilməsi üçün cavabdeh vergi orqanına sorğu verilmişdir. Sorğuya əlavə edilmiş sənədlərdən görünür ki, -AR İN yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli **********639300 nömrəli Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -AR İN yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli **********990300 nömrəli Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -AR İN yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli **********139200 nömrəli Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -AR İN yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli **********512200 nömrəli Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunanlardan belə aydın olur ki, iddiaçı «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı ümumilikdə 174550,9 manat məbləğində xərc öz təsdiqini tapmadığından, iddiaçıya 41.599,20 əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli **********285500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı mübahisələndirir və hesab edir ki, mal aldığı hüquqi şəxslər - «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-yə məxsus malların alışına dair təsdiqedici sənədlərin mövcud olubolmadığını müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və mallar faktiki olaraq alınaraq (hazırki halda ödəniş tapşırılıqları, malların təhvil-qəbul aktları əsasında) qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı «X5» MMC ilə «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə 174550,9 manatın mənfəət bəyənnaməsində xərc sənədi kimi nəzərə alınmaması və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair qeyd olunan 174550,9 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, «X5» MMC ilə «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdi. Bundan başqa, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə əsasən «X5» MMC ilə «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC -dən alınmış mallar ilə bağlı iddiaçının xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməli olduğu halda, iddiaçı «X5» MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı 174550,9 manat məbləğində xərci kameral vergi yoxlaması nəticəsində tam şəkildə silmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Məhkəmə o cümlədən qeyd edir ki, qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyat olaraq qiymətləndirilmişdirsə, o halda vergi orqanı iddaçının qeyd olunan mallardan gəlir (mənfəət) əldə etmədiyini də müəyyən etməli idi. Lakin göründüyü kimi bu hal baş vermədiyindən, iddiaçının həmin malları faktiki əldə edərək satmasını cavabdeh tərəfindən dolayı yolla qəbul edildiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı «X5» MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında "xxxx", "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********285500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********285500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********285500 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2341/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2341/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver