Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2342/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və xx.xx.2023-cü il tarixli **********105900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023cü il tarixli **********105900 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli **********881600saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 25295,31 manat gəlir vergisi hesablanmışdır. Hesablamanın əsası kimi, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün tələb olunan gəlir və xərclərinin uçotunun aparılmaması olmuşdur. Həmçinin Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən aparılan əməliyyatların (malların alış sənədinin təqdim edilməməsi) riskli əməliyyat hesab edilmiş və buna görə də bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli **********48000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərala hesablanmış 24272,50 əlavə vergi məbləği ümumi gəlirə xərclər nəzərə alınmadan gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamışdır, həmçinin xərclərin bütövlükdə nəzərə alınmaması olmuşdur. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınmasına xərc çəkilmişdir. Belə olan hallarda Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlər tam şəkildə olmadıqda şərti rentabellik norması əsasında gəliri müəyyən etmək olar. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq iddiaçı tərəfindən şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 130919,15 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Qeyri-ərzaq məhsulları, Ət məhsulları, Süd məhsulları, Lavaş sac və s. ” qeyd olunduğu müəyyən edilsə də, qeyd edilən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********105900 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı riskli vergi ödəyicisi olmasına baxmayaraq onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda 2022-ci il ərzində vergi ödəyicisinin bank hesablarına 147071,04 manat vəsait mədaxil edilməsinə, kassa metodu ilə təqdim edilmiş 2021-ci il gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna 10888,58 debitor borc göstərilməsinə baxmayaraq müvafiq dövrün gəlir vergisi bəyannaməsinin göstəricilərə uyğun təqdim edilməməsi və 126476,57 manat dəyərində sənədlərlə təsdiqlənməyən xərclər əks etdirilməsi müəyyən edilmişdir ki, bu da kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********317600 nömrəli və xx.xx.2023-cü il tarixli **********202200 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 25295,31 manat (157959,62 - 5156,45)*20%)- 5265,32) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********881600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən qeyd olunmuş “şərti rentabellik norması əsasında hesablama”ya münasibətdə isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş mənfəətin (gəlirin) hesablanması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərərk, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmış, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi üçün hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********105900 nömrəli, 29 mart 2023-cü il tarixli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixlərində cəmi 130919,15 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Qeyri-ərzaq məhsullari, Ət məhsulları, Süd məhsulları. Lavaş sac və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətiəndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Buna görə də iddiaçıdan müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi və qeyd olunanalarla bağlı müvafiq izahat məktubunun təqdim edilməsi tələb olunmuşdur. Həmçinin cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda isə göstərilmişdir ki, iddiaçı tərəfindən 22 iyun 2023 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1. Əvvəlki il üzrə təqdim olunmuş “Gəlir vergisinin bəyannaməsinin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li Əlavəsinin (Fiziki şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 10888.58 manat məbləğ + cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əksetdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 10888.58 manat məbləğində fərq müəyyən edilmişdir. 2. Əvvəlki il üzrə təqdim olunmuş “Gəlir vergisinin bəyannaməsinin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li Əlavəsinin (Fiziki şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 10888.58 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin 1 №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əksetdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 10888.58 manat məbləğində fərq müəyyən edilmişdir. 3.Təqdim edilən bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), "Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 129478.02 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (3001.45 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortasıvə ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən (3001.45 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks edilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (3001.45 manat) məbləğin müqayisəsi nəticəsində 126476.57 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxdan xərclər müəyyən edilmişdir. 4.Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (3001.45 manat) məbləğdən 3001.45 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 5.Tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə İcarə müqaviləsi bağlamağınıza baxmayaraq, 2023-cü il 1-ci rüb hesabat dövrünə “Ödəmə mənbəyində tutulan vergi” bəyannaməsini təqdim etməmisiniz. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh 2022-ci il vergi dövrü üzrə iddiaçıya 25295,31 manat əlavə gəlir vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, kameral hesablamadan sonra bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən kameral hesablama bərpa olunur. Hazırkı iş üzrə iddiaçı 2022-ci il üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarı mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən 2022-ci il üzrə 130919,15 manat dəyərində e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış, idaxl sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də, vergi orqanının gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkarlıq subyekti olan iddiaçıya sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinin gəlir vergisindən azad edilməsi barədə imtiyazı tətbiq etməməsini qanuni hesab etsə də, eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına:
1. vergi ödəyicisinin mənfəətini müəyyən etmək,
2. mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini müəyyən etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da, lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:- 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova