Məhkəmə qərarları › İş №e-2-1(112)-2351/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2351/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2351/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1rşı “cavabdehin xx.xx.2006-cı il tarixli, 192 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki torpaq sahəsinin yeri ilə dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 192 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin faktiki torpaq sahəsinin yeri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri Binəqədi rayonu X5 bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarından çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X5 bələdiyyəsinin mülkiyyətində olan ev tikmək və kommersiya məqsədilə tikinti aparılması üçün 150 kv.metr torpaq sahəsi əvəzi ödənilməklə iddiaçıya satılmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi rayonunda yerləşən 150 kv.metr sahəyə olan torpaq sahəsi üzərində qeyri-yaşayış obyektinin tikilməsi barədə çizgi plan Bakı şəhəri Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən təsdiq edilmişdir. Bələdiyyə torpaqlarının idarə olunması haqqında Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə lınmaqla aşkarlıq şəraitində bağlanılır. O da qeyd olunmalıdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya satılmış 150 kv.metr sahəyə malik olan torpaq sahəsi həmin vaxtdan etibarən onun faktiki istifadəsindədir. İddiaçı uzun müddət ona verilmiş 150 kv.metr sahəyə malik olan torpaq sahəsindən istifadə etmiş, mülkiyyət hüquqlarının realizəsinə yönələn hüquqauğun addımlar atmışdır. Lakin ona daha sonra məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayonunda yerləşən 150 kv.metr sahəyə malik olan torpaq sahəsi üzərində qeyri-yaşayış obyektinin tikilməsi barədə çizgi planda qeyd edilmiş və faktiki ona verilmiş torpaq sahələri fərqlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu, X5 bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolu qərarındakı çıxarışa əsaəsən X5 bələdiyyəsi ərazisində 150 kv.metr torpaq sahəsinə malik ərazidə yerləşən fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi planında sol tərəfdə olduğu qeyd olunmuşdur. Halbuki, bu gün faktiki olaraq ona verilmiş torpaq sahəsi sağ tərəfdə yerləşir. Eyni zamanda, ona məxsus torpaq sahəsinin əhatəsidnə yerləşən torpaq sahələri də sahibləri tərəfindən istifadə edilməklə hasarlanmışdır. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin ərazi planının dəyişdirilməsinə zərurət vardır. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibətdə qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 150 kv.m. torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 192 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən qərar və qərarın verilməsinə əsas olmuş digər sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənədlər olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 192 nömrəli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14, mənzil 45-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 150 kv.m. lorpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2006-cı il tarixli, 06 saylı iclas protokolunun qəranna əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 150 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi (hər kv.m. üçün 4 manat, 16 qəpik ödəmək şərtilə) qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 150 kv.m. torpaq sahəsini İddiaçı satmışdır. Kassa mədaxil orderindən görünür ki, İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyəyə ödəmişdir. Ərazi planından görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidə olan 150 kv.m. torpaq sahəsininə dair bələdiyyənin sədr müavini və nəzarət şöbəsinin memarı tərəfindən plan tərtib edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/H-155 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin ayrılması barədə qəbul olunmuş qərarlar və onların qəbul edilməsinə əsas olan sənədlər (torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin ərazi planı və s.) “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Odur ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 192 saylı qərarı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş ərazi planının hazırda dəyişdirilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsinin sərhədləri iki tərəfdən qonşu sahələrin sərhəddi olan mişar daş hasarla, iki tərəfdən şərtidir. Faktiki sahəsi 200.0 kv.m təşkil edir. Üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Həmçinin sözügedən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnaməyə görə:

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbin mahiyyəti Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 192 nömrəli qərarı əsasında ona ayrılmış torpaq sahəsinin əvəzinə, faktiki istifadəsində olan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi, dolayısı ilə həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlıdır. Məhkəmə vurğulayır ki, cavabdeh qismində çıxış edən bələdiyyə orqanı müvafiq bələdiyyə qərarına əsasən ayrılmış torpaq sahəsinə dair yerquruluşu işlərinin aparılması və yerləşmə cizgisinin tərtib edilməsində səlahiyyətli olsa da, bu səlahiyyətin həyata keçirilməsi yalnız həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyət sərhədləri daxilində yerləşməsi şərti ilə mümkündür. Başqa sözlə, bələdiyyənin mülkiyyət hüdudlarından kənarda yerləşən torpaq sahələrinə (bələdiyyənin inzibati aktının olması şərti ilə) dair belə bir yerləşmə cizgisinin təqdim edilməsi hüquqi əsasdan məhrumdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının hazırda faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsindən fərqlidir. Bu isə o deməkdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair həmin bələdiyyə qərarına əsasən yerləşmə cizgisinin verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara ziddir. Çünki bələdiyyə qərarı konkret torpaq sahəsinə şamil edilir və yalnız həmin sahəyə münasibətdə yerləşmə cizgisinin verilməsini nəzərdə tutur. Hal-hazırda isə bələdiyyə tərəfindən məhz qərarda göstərilmiş torpaq sahəsinə dair yerləşmə cizgisi artıq təqdim edilmişdir. Bununla yanaşı, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. Bu məqam hüquqi baxımdan həlledici əhəmiyyət kəsb edir. Belə ki, bələdiyyənin mülkiyyət hüququna malik olmadığı torpaq sahəsinə dair yerləşmə cizgisi vermək səlahiyyəti yoxdur. Nəticə etibarilə, cavabdehin bələdiyyə qərarı əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə yerləşmə cizgisinin verilməsini təmin etməsi mümkün deyil. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının yerləşmə cizgisinin verilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar