Məhkəmə qərarları › İş №e-2-1(112)-237/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-237/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-237/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail bələdiyyəsinin 449 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən ona satılmış, sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və və müvafiq reyestr çıxarışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Səbail bələdiyyəsinə müraciət edərək, fərdi evin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən və Səbail bələdiyyəsinin (VÖEN: **********) mülkiyyətinə aid olan ərazidə müraciətdən əvvəl öz şəxsi vəsaiti hesabına abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi uzun müddət istifadəsində və sahibliyində olan Salyan şossesi, 32 ünvanda yerləşən 600 (altı yüz) kv.m. torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunlarına və Səbail bələdiyyəsinin Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Bələlədiyyə torpaqlarının idarə edilməsi haqqında», «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunlarına, Səbail bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci tarixli iclasının 29 saylı protokoluna əsaslanaraq Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən 449 saylı xx.xx.2005-ci il tarixli qərar verilmişdir. Qeyd olunan torpaq sahəsi yerində göstərilərək, plan-sxem tərtib olunaraq ona təhvil verilmiş və ətraf ərazinin texniki-sanitar normalara uyğun təmiz saxlanılması tapşırılmışdır. Səbail bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olumuş və imzalanmışdır. Torpağın alqı-satqısı ilə əlaqədar iddiaçı tərəfindən Səbail bələdiyyəsinin hesabına 2.496 (iki min dörd yüz doxsan altı) manat ödənilmişdir. Bu halı Səbail rayonu Səbail bələdiyyəsi tərəfindən apardığı ödənişə görə iddiaçıya təqdim edilmiş Bİİ seriyalı 027736 saylı kassa mədaxil orderinin qəbzi təsdiq edir. Fərdi evin tikintisi üçün qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsi Səbail bələdiyyəsinin hüdudları daxilində yerləşir, yalnız onun sahibliyində və istifadəsindədir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Səbail rayonunun Səbail bələdiyyəsinin ehtiyat fondundan fərdi ev tikmək üçün İddiaçı göstərilmiş plan-cizgi əsasında 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail bələdiyyəsinin 449 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən ərizəçiyə satılmış, ərizəçinin sahibliyində və istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması və müvafiq reyestr çıxarışının verilməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etsə də, nəticə olmamışdır. İddiaçı hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasına və müvafiq reyestrdən çıxarışın verilməsindən imtina əsassız, qanunsuz və ədalətsiz olmaqla onun konstitusion hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Şərti sərhədlərlə göstərilən ərazi dövlət mülkiyyətidir, torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən cizgidə dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahənin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, göstərilən sahə digər fiziki şəxslərin müraciət etdikləri sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin daxilindən ümumi istifadədə olan torpaq yol kimi istifadə olunur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********14 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə Səbail bələdiyyəsi və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər (onların nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 449 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Səbail bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci il tarixli iclasının 29 saylı protokoluna müvafiq olaraq Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. -Kassa mədaxil orderindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. -Səbail bələdiyyəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair hər hansı bir məlumat və ya sənəd aşkar edilməmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş cavab məktubundan görünür ki, Səbail bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli, 449 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. -Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçının nümayəndəsi tərəfindən faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsi ümumi ərazi daxilində olmaqla, sərhədləri hər tərəfdən şərtidir (sahənin daxili bir hissəsi ümumi istifadə olunan gediş-gəliş yolu kimi istifadə olunur). Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilmiş 600.0 kv.m torpaq sahəsinin bir hissəsinə ********** nömrəsi ilə X3 tərəfindən müraciət olmuşdur (imtina edilib). Sahə ümumi ərazinin bir hissəsi olmaqla, dövlət mülkiyyəti torpağıdır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsi ümumi ərazi daxilində olmaqla sərhədləri hər tərəfdən şərti olaraq göstərilir. Göstərilən sahənin bir hissəsi ümumi istifadə olunan gediş-gəliş yolu kimi istifadə olunur. Faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsinin (x,y) koordinatları əlavə olunur. X Y

1. 397918.770 4463255.660

2. 397915.430 4463230.670

3. 397892.270 4463229.013

4. 397892.876 4463246.272

5. 397893.254 4463253.540 Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən ərazi dövlət mülkiyyətidir, torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən cizgidə dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahənin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, göstərilən sahə digər fiziki şəxslərin müraciət etdikləri sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin daxilindən ümumi istifadədə olan torpaq yol kimi istifadə olunur. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 449 saylı qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini istəyir. Müvafiq tələb üzrə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:

1. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. 2. Yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. 3. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. 4. Göstərilən sahə digər fiziki şəxslərin müraciət etdikləri sahə ilə üst-üstə düşür. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin və Səbail bələdiyyəsinin nümayəndələri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 449 nömrəli qərarı ilə İddiaçı ayrıldığı bildirilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin planı üzrə yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.

2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilsin.

3. İddiaçıya ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cizgisi ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşürmü? Həmin torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiyası ilə faktiki vəziyyəti arasındakı fərq varmı? Əgər varsa ölçüləri müəyyən edilsin.

4. Göstərilən torpaq sahəsinin təyinatı və mülkiyyət növü müəyyən edilsin. Əgər bələdiyyə mülkiyyəti torpağıdırsa, həmin sahə Səbail bələdiyyəsinin hüdudları daxilinə düşürmü?

5. Göstərilən torpaq sahəsi faktiki olaraq digər şəxslərin hüquqları qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşürmü? Göstərilən torpaq sahəsi yol sahəsinə düşürmü? Düşdüyü halda hansı hissədə və ölçüdə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3630 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: Göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.metr təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsi ümumi ərazi daxilində olmaqla sərhədləri hər tərəfdən şərti olaraq göstərilir. Göstərilən sahənin bir hissəsi ümumi istifadə olunan gediş-gəliş yolu kimi istifadə olunur. Faktiki olaraq göstərilən 600.0 kv.metr torpaq sahəsinin (x.y) koordinatları əlavə olunur.

X Y 397918.770 4463255.660 397915.430 4463230.670 397892.270 4463229.013 394892.876 4463246.272 397893.254 4463253.540

Qərardadın üçüncü, dördüncü və beşinci sualları üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən ərazi dövlət mülkiyyətidir, torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən cizgidə dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahənin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilən sahə digər fiziki şəxslərin müraciət etdikləri sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin daxilindən ümumi istifadədə olan torpaq yol kimi istifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Bu mənada ki, həmin maddənin dispozisiya şərtindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Səbail bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da nəzərə alır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı və digər sənədlərin arxiv əsasları nə Səbail bələdiyyəsinin özündə, nə də dövlət arxivində aşkar edilməmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisini) təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sxemdə iddiaçıya ayrıldığını bildirdiyi sahə ərazinin ümumi planında (Google Earth proqramından əldə olunmuş görüntü təəssüratı yaradır) adi yazı qələmi ilə işarələnmiş, hər hansı koordinatlar və döngə nöqtələri göstərilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə yanaşı torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır. Yerləşmə cizgisində dəqiq istinad məlumatı, istinadlararası məsafə ölçüləri, sahənin kontur ölçüləri qeyd olunmadığından ekspertiza qarşısında qoyulmuş suallara ətraflı cavab verilməsi mümkün olmamış, yalnız iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları müəyyən edilmiş, hansı ki, həmin torpaq sahəsinə digər şəxslərin müraciətinin qeydə alındığı sahə ilə üst-üstə düşdüyü təsdiqlənmişdir. Bu xüsusatlar, iddiaçıya torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi, bununla yanaşı iddia olunan sahənin məhz Səbail bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış sahə olması qənaətinə gəlməyə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Səbail bələdiyyəsinin 449 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən ayrıldığı bildirilən 600 kv.m torpaq sahəsi həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından və torpaq ayrıma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyindən, bu xüsusda iddia olunan sahənin məhz Səbail bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış sahə olması qənaətinə gəlməyə əsas verən tutarlı sübutlar təqdim edilmədiyindən cavabdehin imtina əsasları (torpaq sahəsindən ümumi istifadə olan yolun keçməsi və s.) digər hissələrdə əsassız olsa belə, vəziyyəti iddiaçının lehinə dəyişmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının yanaşı torpaq sahələrinə hüququn qeydiyyata alınması ilə bağlı dəlillərinə də münasibət bildirməyə zərurət qalmır. Çünki hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/8740 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi İddiaçı üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar