Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2377/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə2, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı "əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-47-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrinə müvafiq olaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı imtinasının və müavinətin məbləğinin hesablanması ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müavəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair 14 dekabr 2020-ci il tarixindən 5 fevral 2021-ci il tarixinədək olan dövr üzrə müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Cinayət prosesi kafedrasının baş müəllimi vəzifəsində işləyir. O, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla “AAA” Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olur. İddiaçının xəstəliyi ilə əlaqədar ona 14 dekabr 2020-ci ildən 06 fevral 2021-ci ilədək SN 00006 933039 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin ödənilməsi üçün iddiaçının iş yeri Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Xəstəlik vərəqəsi ilə birlikdə iddiaçının əsas iş yerindən, habelə vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər haqqında “AAA” Vəkil Bürosu tərəfindən verilmiş arayış da cavabdehə təqdim edilmişdir. Çox uzun müddət keçdikdən və haqq-hesab cədvəli dəfələrlə qaytarıldıqdan sonra cavabdeh tərəfindən cari ilin may ayında 1050 manat müavinət hesablandığı və bu hesablama zamanı iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmadığı, nəticədə müavinətin düzgün hesablanmadığı məlum olmuşdur. Cavabdehin 05 iyun 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının Bakı Dövlət Universitetindən başqa hər hansı işəgötürənlə əmək müqaviləsi olmadığı məlum olmuşdur. Qüvvədə olan qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sadəcə əmək müqaviləsinin olması tələbi mövcud deyildir. “AAA” Vəkil Bürosu tərəfindən iddiaçının vəkillik fəaliyyətinə görə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, vergi orqanına müvafiq hesabat təqdim edilmişdir. Cavabdehin 05 iyun 2023-cü il tarixli imtinasından yuxarı inzibati orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə şikayət edilmişdir. İnzibati şikayətin qeydə alınmasından iki aya yaxın müddət keçdikdən sonra 26 avqust 2023-cü ildə daxil olmuş cavab məktubunda müraciətə 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı məktubla cavab verildiyi bildirilmişdir. Beləliklə, inzibati şikayətə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılmamış, lüzumsuz vaxt itkisinə yol verilməklə, eyni inzibati orqan tərəfindən, eyni mövqe nümayiş etdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı sığortaedən, Bakı Dövlət Universiteti tərəfinən 14 dekabr 2020-ci il tarixindən 5 fevral 2021-ci il tarixinədək olan dövrü əhatə edən SN 00006 seriyalı 933039 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında təyin olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) daxil edilən haqq-hesab cədvəlinin cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq emal edildiyi müəyyən edilmişdir. Əmək müqaviləsi əsasında iddiaçının əsas iş yeri olaraq çalışdığı Bakı Dövlət Universitetində əldə olunan gəlirləri əsasında həmin sığortaedən tərəfindən hesablanan 1150,04 manatdan 99,83 manat gəlir vergisi tutulmaqla, 1050,21 manat məbləğində müavinət 19 may 2023-cü il tarixində "xxxx" ASC-dəki ******************** nömrəli hesaba ödənişə göndərilmişdir. “Əmək və Məşğulluq” altsistemindən əldə olunan məlumatlara əsasən iddiaçının əsas iş yeri Bakı Dövlət Universitetidir və əlavə iş yeri yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndələri iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. “AAA” Vəkil Bürosunun 10 aprel 2023-cü il tarixli arayışına əsasən iddiaçının 2019-cu ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üzrə 2020-ci ilin iyul ayı üzrə gəliri 400 manat, 2020-ci ilin sentyabr ayı üzrə gəliri 20 000 manat, 2020-ci ilin oktyabr ayı üzrə 10945 manat təşkil etmişdir. Sığortaolunanın hesabından çıxarışa əsasən iddiaçının yanvar 2006 - dekabr 2023 dövr üzrə cəmi gəliri 186037,50 manat təşkil etmiş, ona 20745,40 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış, 15329,56 manat ödənilmişdir. SN 00006 seriyalı, 933039 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək COVİD-19 virusuna yoluxması ilə bağlı işdən azad edilmişdir. Cavabeh tərəfindən iddiaçının vəkil kimi fəaliyyət göstərdiyi “AAA” vəkil bürosu tərəfindən iddiaçının gəlirlərindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə cədvəl məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair 14 dekabr 2020-ci il tarixindən 5 fevral 2021-ci il tarixinədək olan dövr üzrə müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində sosial sığorta hadisəsi baş verdikdə ödənilməli olan sığorta ödəmələrindən biri kimi “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)” təsbit edilmişdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir (6.). Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst mediatorun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir sığortaolunana hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir (28). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi məcburi dövlət sosial sığorta haqqını fərdi qaydada ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri əsas götürülür. Həmin şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan əvvəlki tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, onlara əmək qaviliyyətinin itirilməsinə görə müavinət ödənilir. Cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının vəkil kimi fəaliyyət göstərdiyi “AAA” vəkil bürosunun iddiaçının gəlirlərindən 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi cədvəlindən görünür ki, iddiaçının 2020-ci iln aprel ayı üzrə gəlirinə 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Cədvəlin ödəniş ili qrafasından görünür ki, həmin məbləğ 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin may ayında iddiaçıya 168 manat məcburi dövlət sosial sığorta hesablanmış və həmin məbləğ də 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 160 manat məcburi dövlət sosial sığorta haqqı da həmin ildə deyil növbəti, yəni 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyul ayında hesablanmış 40 manat, sentyabr ayında 2000 manat, oktyabr ayında 1044,80 manat, noyabr ayında 761,75 manat məcburi dövlət sosial sığorta haqları üzrə borclar da növbəti illərdə ödənilmişdir. Buradan belə görünür ki, iddiaçının əmək qabiliyyətini itirdiyi xx.xx.2020-ci il tarixinədək onun məcburi dövlət sosial sığorta haqqı üzrə borcları tam ödənilməmişdir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də isə sərbəst peşə adamlarına əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanmasının onların əmək qabiliyyətini itirdikləri tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borclarının olmadığı halda ödənilməsi təsbit edilmişdir. İddiaçının isə həmin tarixə vəkillik fəaliyyətinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu tam ödənilmədiyindən ona əmək qabiliyyətinə görə müavinətin ödənilməsi mümkün deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı "əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-2377/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2377/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver