Məhkəmə qərarları › İş №e-2-1(112)-2378/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2378/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2378/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, № 226 saylı sərəncamı ilə Bakı şəhəri Xətai rayonu Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında yerləşən cizgidə göstərildiyi yerdə yerləşən, iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, № 226 saylı sərəncamı ilə ayrılmış, Bakı şəhəri Xətai rayonu Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında, cizgidə göstərilən yerdə yerləşən, iddiaçıya məxsus (9x12, 108 kv.metr) torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, №226 saylı sərəncamı ilə qərara alınmışdır ki, İddiaçı Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında yerləşən cizgidə göstərildiyi yerdə uzun illər dirrik sahəsi kimi istifadə etdiyi yerdə 9x12 kv.metr ölçülü torpaq sahəsi ona təhkim olunsun və fərdi yaşayış evi tikintisinə icazə verilsin. Həmin ərazidə İddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında yerləşən cizgidə göstərildiyi yerdə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) və dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı tələb olunan sənədləri təqdim etməsinə baxmayaraq cavabdeh tərəfindən dəfələrlə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisini təsdiqləyən şəxsin səlahiyyətli şəxs olduğu müəyyən olunmur. Həmçinin, cizgidə Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 226 nömrəli Sərəncamına istinad olunmamışdır. Eyni zamanda, cizgi ilə faktiki torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən hazırda təqdim olunan sənədlərlə əvvəlki müraciət zamanı (**********) hazırkı torpaq sahəsindən 60 metr kənarda, şimal-qərb istiqamətində olan digər sahə göstərilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hasarlanmışdır. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı tərəf iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 226 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Boru keçidi küçəsi 28/2 saylı evdə yaşayan İddiaçı Bunyad qızına Z.Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında yerləşən cizgidə göstərildiyi yerdə uzun illər dirlik sahəsi kimi istifadə etdiyi (9x12)m ölçüdə torpaq sahəsinin ona təhkim olunması və fərdi yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, tərəfinizdən təqdim edilən yerləşmə cizgisində Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 226 nömrəli Sərəncamına istinad olunmamışdır. Bundan əlavə, cizgi ilə faktiki torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, eyni sənəd əsaslarla əvvəlki müraciət zamanı hazırkı torpaq sahəsindən 60 m kənarda, şimal-qərb istiqamətində olan digər sahə göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 216,1 kv.metr təşkil edir.Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 109 kv.metr olan ikimərtəbəli yaşayış evi və tikintialtı sahəsi 1,6 kv.metr olan köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yerləşməsinə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən və perimetrik ölçü konfiqurasiya fərqlər olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün deyildir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, hər hansı işıq, su, qaz boru xəttlərinin mühafizəsinə düşmür. Hüquq torpaq məsələləri və ekspertiza Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli, 194 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 07 avqust 2000-ci il tarixli 226 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov küçəsi, “Ramin” şadlıq evinin arxasında yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, koordinatlarının faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsünə əlavə edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 07 avqust 2000-ci il tarixli 226 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov küçəsi, “Ramin” şadlıq evinin arxasında yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. İddia olunan torpaq sahəsi işıq, qaz, su boru kəmərlərinin mühafizə zonasına aid deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1345 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 216,1 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 109 kv.metr olan ikimərtəbəli yaşayış evi və tikintialtı sahəsi 1,6 kv.metr olan köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yerləşməsinə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, məsafələri qeyd edilmədiyindən və perimetrik ölçü konfiqurasiyada fərqlər olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün deyildir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, hər hansı işıq, su, qaz boru xətlərinin mühafizəsinə düşmədiyi müəyyən edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, № 226 saylı sərəncamı ilə ayrılmış, Bakı şəhəri Xətai rayonu Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında, cizgidə göstərilən yerdə yerləşən, iddiaçıya məxsus (9x12, 108 kv.metr) torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında yerləşən cizgidə göstərildiyi yerdə uzun illər dirlik sahəsi kimi istifadə etdiyi (9x12)m ölçüdə torpaq sahəsi Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 226 nömrəli Sərəncamına əsasən iddiaçıya təhkim olunmuşdur. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, cizgidə Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 226 nömrəli Sərəncamına istinad olunmamışdır. Eyni zamanda, cizgi ilə faktiki torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən hazırda təqdim olunan sənədlərlə əvvəlki müraciət zamanı (**********) hazırkı torpaq sahəsindən 60 metr kənarda, şimal-qərb istiqamətində olan digər sahə göstərilmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1345 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 216.1 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 109.0 kv.metr olan ikimərtəbəli yaşayış evi və tikintialtı sahəsi 1.6 kv.metr olan köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yerləşməsinə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, məsafələri qeyd edilmədiyindən və perimetrik ölçü konfiqurasiyada fərqlər olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün deyildir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, hər hansı işıq, su, qaz boru xətlərinin mühafizəsinə düşmədiyi müəyyən edilir. Cavabdeh, habelə Hüquq torpaq məsələləri və ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyləri ilə ekspert rəyi arasında ziddiyətlər mövcud olmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə sahəsinə və yerləşmə yerinə görə tam uyğunluq təşkil edir. Cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, № 226 saylı sərəncamı ilə ayrılmış, Bakı şəhəri Xətai rayonu Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında, cizgidə göstərilən yerdə yerləşən, iddiaçıya məxsus (9x12, 108 kv.metr) torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədlərinin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1345 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. İPM-də göstərilmişdir ki, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (108.1). Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (110.1). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, № 226 saylı sərəncamı ilə ayrılmış, Bakı şəhəri Xətai rayonu Zakir Yusifov küçəsi “Ramin” şadlıq evinin arxasında, cizgidə göstərilən yerdə yerləşən, iddiaçıya məxsus (9x12, 108 kv.metr) torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın və planölçü sənədlərinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar