Məhkəmə qərarları › İş №e-2-1(112)-2380/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2380/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2380/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, 98 saylı evin, 14 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh hüquqmüəyyənedici sənədin təqdim edilməməsini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, 98 saylı evin, 14 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departanmentinin 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışlardan da görünür ki, X2 xx.xx.1984-ci il tarixdə, X3 xx.xx.1987-ci il tarixdə və X1 xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxmışlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departanmentinin 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş forma 2 arayışdan da görünür ki, İddiaçı qanuni şəkildə ailə üzvləri ilə birlikdə 1994-cı ildən bu günə qədər fasiləsiz olaraq Ə.F Nemanzadə küçəsi 98 № li evin 14 № li mənzildə yaşayır, mənzilin idarəsi ilə məşqul olur, adıçəkilən mənzil ərizəçinin qanuni istifadə və sahibliyindədir. Ailə üzvləri də mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıqları vardır. İddiaçı nümayəndəsi vasitəsi ilə 22 iyul 2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Ə.F Nemanzadə küçəsi 98 № li evin 14 № li mənzilə dair ərizəçi İddiaçı mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. Lakin müraciət müsbət həllini tapmamış, çıxarış verilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, 98 saylı evin, 14 saylı mənzilinə dair İddiaçı tərəfindən təqdim olunan sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, yaşayış sahəsinin Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında xx.xx.1994-cü il tarixli, 334 saylı X5 Qaz İdarəsi tərəfindən verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, 98 saylı evin, 14 saylı mənzilinə dair İddiaçı tərəfindən təqdim olunan yaşayış sahəsinin Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında xx.xx.1994-cü il tarixli, 334 saylı X5 Qaz İdarəsi tərəfindən verilmişdir. İddiaçı hazırda həmin mənzili özəlləşdirmək istəyir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnunu:

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən istinad edilmiş X8 İdarəsi tərəfindən verilmiş sərəncam yuxarıda adıçəkilən qanunla siyahısı konkret olaraq müəyyən edilmiş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qanunun 8.0.11-ci maddəsində sərəncamın nəzərdə tutulması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş o sərəncamlar mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edə bilər ki, sərəncam müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azrbaycan Respublikası Prezidentinin 2014-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları başa düşülür. Hazırkı iş üzrə order iddiaçıya müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, X8 İdarəsi tərəfindən verilmişdir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər konkret olaraq müəyyən edilmişdir ki, müəssisə tərəfindən verilən order və onun verilməsinə əsas olmuş sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş orderi, sərəncamı və ya bağlanılmış kirayə müqaviləsini əvəz etmədiyindən yuxarıda adıçəkilən qanunun tələbləri baxımından mülkiyyət hüququ yaradan sənəd hesab edilə bilməz. Yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Bu zaman dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlə, yataqxanalardan istifadə edilməsi ilə bağlı verilən orderin fərqləndirilməsi baxımında 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarının da təhlili zəruridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş): Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1-ci fəslində mənzil fondunun qeyd olunan kateqoriyalarına aid yaşayış sahələrinin verilməsi qayda və prosedurları konkret olaraq qeyd edilmişdir. Həmin Fəslə daxil olan 46-cı maddədən göründüyü kimi ictimai mənzil fondu evlərində (Məcəllənin 4-cü maddəsinə əsasən ictimai mənzil fondu dedikdə kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri başa düşülür) yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq inzibati orqana məlumat verilir. 48-ci maddəyə əsasən isə istər dövlət, istərsə də ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq inzibati oqan tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi istər dövlət, istər ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında order vermək səlahiyyəti müvafiq inzibati orqana aid hesab edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün yeganə əsas qismində həmin orderin müəssisənin özü tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Müəssisə tərəfindən yataqxanalarla bağlı orderin verilməsinə dair qaydalar isə adıçəkilən Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1ci fəsli ilə deyil, yataqxanalardan istifadə adlanan 4-cü fəsil ilə müəyyən edilmişdir. Həmin fəslə daxil olan 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəyə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə dövlət və ya ictimai mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsinin verilməsi ilə bağlı orderlə, yataqxanalardan istifadə ilə bağlı verilən order arasında fərqləndirmə aparılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlər həmin maddədə adıçəkilən qüvvədən düşmüş Məcəllənin İİ bölmə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan 1-ci fəsil ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq verilmiş müvafiq inzibati orqanın verdiyi orderi nəzərdə tutur, yataqxanalardan istifadə ilə bağlı verilən order isə müəssisənin müdriyyəti tərəfindən verilir ki, adıçəkilən maddədə nəzərdə tutulan mülkiyyət hüququnun qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd hesab edilmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar