Məhkəmə qərarları › İş №e-2-1(112)-2395/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2395/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2395/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları əsasında iddiaçıya əlavə olaraq 52 023,82 manat mənfəət vergisi, 10 791,9 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilən ödəyici ilə aparılan əməliyyatlar çərçivəsində 52.023,82 (260.119,10x20%) manat mənfəət vergisi hesablanmışdır. Belə ki, riskli vergi ödəyicisi ilə aparılan əməliyyatlar iddiaçının xərci kimi nəzərə alınmamış və silinmişdir. Həmçinin 10.791,9 (59.955x18%) manat ƏDV əvəzləşməsi ləğv edilmişdir. "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDK 109460, EBDK 108972, EBDK 109237, EBDK 108700 saylı elektron qaimə-fakturalar əsasında ümumilikdə əsas məbləği 200.164,10 AZN, ƏDV-si 36.029,54 AZN olmaqla ümumi dəyəri 236.193,64 AZN olan metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı əsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Bundan əlavə "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 005020/23A nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDT 456686 saylı elektron qaimə-faktura əsasında ümumilikdə əsas məbləği 59.955 AZN, ƏDV-si 10.791,9 AZN olmaqla metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********396500 nömrəli qərarı əsasında "Asterden 2023” MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi ödəyicilər əməliyyatların aparıldığı tarixdən (xx.xx.2023) 6 ay sonra (xx.xx.2024) və (xx.xx.2023) 5 ay sonra (xx.xx.2024) riskli vergi ödəyicisi hesab edilmişdir və həmin vaxt iddiaçının gələcəyi görmək imkanı olmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10791,90 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 260119,1 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********193500 nömrəli, xx.xx.2024-cü il tarixli **********832200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün müddət axımı gözlənilməklə kameral vergi yoxlaması ilə 2024-cü il may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10791,90 manat əlavə vergi məbləği, 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 52023,82 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 10.791,90 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10791,90 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-46164/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 52 023,82 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 260119,1 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. İddiaçı ilə "Asterden 2023” MMC arasında xx.xx.2023-cü il tarixli, 005020/23A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "Asterden 2023” MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və Protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, iddiaçı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 005020/23A saylı alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşdırılması protokoluna əsasən malların ümumi dəyəri ƏDV daxil 70 746, 90 manat təşkil etmişdir. EBDT seriyalı, 456686 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Asterden 2023” MMC-yə 70 746, 90 manat pul məbləği ödənilmişdir. İddiaçı ilə "Relsdonam 2005” MMC arasında xx.xx.2023-cü il tarixli, 22/27 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "Relsdonam 2005” MMC mal satır, iddiaçı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. EBDK seriyalı, 109460 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Relsdonam 2005” MMC-yə 40596,8 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 109237 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Relsdonam 2005” MMC-yə 43922,43 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 108972 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Relsdonam 2005” MMC-yə 57274,37 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 108700 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Relsdonam 2005” MMC-yə 94400,00 manat pul məbləği ödənilmişdir. 22/27 №-li 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşdırılması protokoluna əsasən malların ümumi dəyəri ƏDV daxil 236 193, 64 manat təşkil etmişdir. "Relsdonam 2005” MMC ilə iddiaçı arasında malların təhvil-təslim edilməsinə dair 18 iyul 2023-cü il tarixli müvafiq Akt tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "Asterden 2023” MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********396500 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "Relsdonam 2005” MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Asterden 2023” MMC arasında aparılmış əməliyyatlar əmtəəsiz kimi qiymətlədirilərək 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə təqdim edilmiş qaimələr üzrə məbləğlər xərc sənədi kimi nəzərə alınmayaraq kənarlaşma yaranmış, nəticədə iddiaçıya həmin məbləğlərdə əlavə əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "Relsdonam 2005” MMC və "Asterden 2023” MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt həmin hüquqi şəxslər riskli vergi ödəyicisi olmamışlar. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "Relsdonam 2005” MMC və "Asterden 2023” MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən həmin hüquqi şəxslər riskli vergi ödəyiciləri siyahısına salınmışlar. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "Relsdonam 2005” MMC və "Asterden 2023” MMC arasında müqavilələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində bağlanmış və bununla bağlı qaimələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində verilmişdir. "Relsdonam 2005” MMC xx.xx.2024-cü il tarixində, "Asterden 2023” MMC isə xx.xx.2024cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmamışlar. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, "Relsdonam 2005” MMC-nin və "Asterden 2023” MMC-nin göstərdiyi xidmətlərə görə müvafiq mal və materialların onların alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmamaları iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxslər tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyicilərii arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu təsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar