Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2396/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət həyat yoldaşı X6 vəfatından sonra sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə qanuna uyğun olaraq ona pensiya təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbi iddiaçının həyat yoldaşı X6 vəfatından sonra sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə qanunauyğun olaraq ona təyin edilmiş pensiyanın 2023-cü ilin avqust ayından bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 vəfatından sonra ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Hazırda həmin növ pensiyası üzrə ödənişlər dayandırılmışdır. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 10 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda mərhum X6 Gürcüstan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Bununla əlaqədar mərhum Şakir Quliyevin sözügedən Respublikada fəaliyyət dövrünün dövlət qulluğu staji kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Lakin bu iddia ərizəsində təqdim etdiyi sənədlərdən görünür ki, onun həyat yoldaşı X10 1967-ci ildən etibarən Gürcüstan Sovet Sosialist Respublikasında partiya orqanlarında xidmət etmişdir: 1967-ci ilin 02-11 aylarında Marneuli RK LKSM - təşkilat şöbəsinin müdiri, 1967-1971-ci illərdə Bolnisi RK LKSM - ikinci katib, 1971-1975-ci illərdə Bolnisi RK KP-təşkilat şöbəsinin instruktoru, 1975-1976-ci illərdə Bolnisi RK KP - təşkilat şöbəsinin müdiri, 1976-1981 -ci illərdə Bolnisi RK KP katibi, 1981-1989-ci illərdə Bolnisi Rayon Xalq Deputatları Sovetin İcra Hakimiyyətinin sədri vəzifəsində. İddiaçı hesab edir ki, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun mərhum həyat yoldaşı X6 əmək stajının hesablanmasında yalnışlığa yol vermiş və nəticədə iddiaçı qanunla müəyyən olunmuş sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə pensiya ala bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Fondun Xaçmaz rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusunun ailə üzvi kimi ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilərək pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (artıqödəmə haqqına qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı, həmin qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərə alınaraq xx.xx.2023-cü il tarixdən ona ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən ona əri X7 vəfatı ilə əlaqədar iddiaçıya xx.xx.2020-ci il tarixdən 269.63 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4- cü maddəsinə əsasən 327,24 manata, eyni zamanda qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 375,35 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməli olan əmək pensiyasının məbləği artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7- ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda mərhum X6 Gürcüstan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Bununla əlaqədar mərhum X2 Respublikada fəaliyyət dövrünün dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdeh “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3, 1.1.4-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli 3-17-1/2-Q-18103 saylı məktubdan görünür ki, iddiaçının ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının dayandırılması ilə bağlı müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Yasamal RPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, AZ-İ № 779314 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə ölmüş, bu barədə xx.xx.2016-cı il tarixdə 140 №li akt qeydi aparılmışdır. -Gürcüstan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş Azərbaycan dilinə tərcümə edilmiş 29 dekabr 2023-cü il tarixli AA**********0-05 saylı Arxiv Arayışında aşağıdakılar qeyd olunmuşdur: “X14, Bolnisi komsomolu, Bolnisi partiyasının raikomu, Bolnisi rayon icra hakimiyyəti, İş yerinin (təşkilatın ) ünvanı: Bolnisi Yuxarı orqanı: Xronoloji olaraq iş illəri: 1967-1971,1971-1975,1975-1976-cı illər, 1976-1981-ci illlər, 1981-1989-cu illər. Vəzifə: Bolnisi komsomol raikomitəsinin 2-ci katibi-1967-1971-ci illər, Bolnisi partiyasının rayon icra komitəsinin təşkilat şöbəsinin instruktoru 1971-1975-ci illər, Bolnisi partiyasının rayon icra komitəsinin təşkilat şöbəsinin sədri 1975-1976-cı illər, Bolnisi partiyasının rayon icra komitəsinin 3-cü katibi 1976- 1981-ci illər, Bolnisi rayon icra komitəsinin sədri 1981-1989-cu illər. əlavə təqdim olunan : (28 dekabr 2023-cü il 10:37:45) tələbi dəqiqləşdirir: 1981-1989-cu illərin stajı haqqında, Bolnisi ra-yon şurasının icra komitəsi sənədlərində məlumat axtarıb tapasınız. Kvemo Kartli regional arxivində Bolnisi rayonu xalq deputatları icra komitəsinin ( sənəddə belədir) 1981- 1989-cu illərin maaş kartları ilə vətəndaş Kuliyev Ş.M.-nın (sənəddə belədir, sənəd rus dilindədir) rayon icra komitəsinin sədri vəzifəsində işlədiyi fakt təsdiq olunur (qeyd edilən illərdə götürdüyü maaşın miqdarı arxiv çıxarışında göstərilib)” -Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki: -X1 şəxsi uçot vərəqindən görünür ki, o, 1967-ci ilin 02-11 aylarında Marneuli RK LKSM - təşkilat şöbəsinin müdiri, 1967-1971 -ci illərdə Bolnisi RK LKSM - ikinci katib, 1971- 1975-ci illərdə Bolnisi RK KP-təşkilat şöbəsinin instruktoru, 1975-1976-ci illərdə Bolnisi RK KP - təşkilat şöbəsinin müdiri, 1976-1981 -ci illərdə Bolnisi RK KP katibi, 1981-1989-ci illərdə Bolnisi Rayon Xalq Deputatları Sovetin İcra Hakimiyyətinin Sədri vəzifəsində işləmişdir. -Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ARƏƏSMN-nin müvafiq qurumuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “18 avqust 2023-cü il tarixli 3-17-1/1 -Q-204896/2023 nömrəli məktuba Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmışdır. Bildiririk ki, İddiaçı Fondun Xaçmaz rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2- ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda mərhum X6 Gürcüstan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Bununla əlaqədar mərhum Şakir Quliyevin sözügedən Respublikada fəaliyyət dövrünün dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək censiyasına əlavələr almaq hüququ vardır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhum Şakir Quliyevin dövlət qulluğu stajı olmadığı halda, İddiaçı qanunvericiliyə zidd qaydada sabiq dövlət qulluçusunun ailə üzvü kimi əmək pensiyası təyin edilərək ödənilib. Buna görə də pensiya ödənişi 1 avqust 2023-cü il tarixindən dayandırılıb. Əlavə olaraq bildiririk ki, müvafiq sosial ödənişin təyin edilməsi üçün İddiaçı pensiya işinə dair sənədləri aidiyyəti üzrə sizə göndərilib. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 12.1-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əssaən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyası) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinin 01 iyul 2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları, 2-ci bəndində 1991-ci il oktyabrın 18dən dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları qeyd olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçının sabiq dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası hüququnun olmadığı qənaətinə gələrək, xx.xx.2023-cü il tarixdən pensiya ödənişini dayandırmışdır. Cavabdehin dəlilinə görə iddiaçının mərhum əri X8 Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda nəzərdə tutulmamışdır. Bununla əlaqədar mərhum Şakir Quliyevin sözügedən Respublikada fəaliyyət dövrünün dövlət qulluğu staji kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından iddiaçının sabiq dövlət qulluqçusu kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. İşin mübahisəli halının araşdırılması ilə əlaqədar mərhum X5 işlədiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət quluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusundakı hansı vəzifələrə uyğun gəlməsi barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmişdir. X12 20 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: “1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1967-ci ildə X3 rayon Komitəsinin Təşkilat şöbəsinin müdiri, 1967- 1981-ci illərdə X4 rayon Komitəsində ikinci katib, katib, Təşkilat şöbəsinin instruktoru və müdiri vəzifələrində iş müddətilə bağlı bildiririk ki, Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayor Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1967-ci ildə X3 rayon Komitəsinin Təşkilat şöbəsinin müdiri, 1967-1981-ci illərdə X4 rayon Komitəsində ikinci katib, katib, Təşkilat şöbəsinin instruktoru və müdiri vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1981-1989-cu illərdə Bolnisi rayon X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Siyahının 1.17-ci bəndində rayon (şəhər) X9 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1981-1989-cu illərdə Bolnisi rayon X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.” Göründüyü kimi, mərhum X13 SSR-də 1967-1989-cu il tarixlərdə partiya orqanlarında işlədiyi vəzifələr müvafiq Siyahının 1.6 və 1.7-ci bəndlərində nəzərdə tutulmuş vəzifələrə uyğunlaşdırıldığından dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmalı olduğundan, cavabdeh inzibati orqan iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi təyin edilmiş pensiyanın əmək pensiyası dayandırılmasında haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Cavabdeh əmək pensiyasının dayandırılması üçün əsaslar müəyyən etdikdə əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı həyat yoldaşı X6 vəfatından sonra xx.xx.2016-cı il tarixdə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 2023-cü ilin avqust ayından bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 2023-cü ilin avqust ayından bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2396/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2396/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver