Məhkəmə qərarları › İş №e-2-1(112)-2396/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2396/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2396/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “imtinanın qanunsuz hesab ediməsi mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 18A saylı mənzilin adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyininin cavabdeh Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2681/2021 saylı qətnaməsinə əsasən ünvan 2 saylı mənzilinə İddiaçı istifadə hüququ tanınmışdır. Həmin qətnamənin icrası əsasdan iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə 08/2 saylı sərəncam verilmişdir. Bununla da iddiaçı uzun müddət qeydiyyatsız yaşadığı mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşamaqda davam edir. Mənzil və kommunal xidmətlər haqqını vaxtı-vaxtında ödəyir, heç bir borcu yoxdur. Mənzil mübahisəli deyil və heç vaxt olmamışdır. İndi isə mənzili özəlləşdirmək istəyir. İddiaçı adı çəkilən mənzilə qanuni əsasla əldə etdiyim hüququ qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubla bildirilmişdir ki, mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun huquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana rəsmi olaraq müraciət edilərkən mənzilə istifadə hüququnun qeydiyyata alınmasına dair çıxarış, mənzilin texniki pasportu, Bakı şəhər İcra Hakimmiyətinin sərəncamı və yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əlavə edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya çıxarışın verilməsindən əsassız olaraq imtina olunmuşdur. Həmin mənzilə dair digər şəxslər tərəfindən hər hansı mübahisə və ya iddia yoxdur. Habelə uzun müddət istifadə və sahiblik hüququ əsasında iddiaçıya məxsus olan mənzilə dair gözlənilən mülkiyyət hüququnun əldə edilməsinin məhdudlaşdırılmasına əsas ola bilməz.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 24.072024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 08/2 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 18A saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın döviət reyestrində istifadə hüquqlarınızın qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 18A saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 50 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 1C saylı evin, 24 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqların qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azerbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qevdivvatı üçün qanunla müəvvən edilmiş tələblərə uvqun olmalıdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 18A saylımənzilin adıma qeydə alınması və həmin mənzilə dair adıma hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********71 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 08/2 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 18A saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 18A saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 79 saylı evin 18A saylı mənzilinə istifadə hüququ tanınmışdır.

6. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 18A saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2022-ci il tarixli, 08/2 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, ümumi sahəsi 52,9 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr olan 2 otaqlı 18A saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanmışdır və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.

7. ünvan 2 ünvanında yerləşən mənzilə dair Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Texniki Pasport tərtib edilmişdir (tərtib edilmə tarixi: xx.xx.2022).

8. Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair istifadə hüququ xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (Əsas öhdəliyin mahiyyəti və icra müddəti: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 08/2 saylı, xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən verilmişdir).

9. 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli Arayışa əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Müvafiq ünvan 2005-ci ildən İddiaçı istifadəsindədir.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79 ünvanında yerləşən binada mülkiyyət hüquqları qeydiyyata alınmış mənzillər mövcuddur. Lakin həmin mənzillər üzərində şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər adətən qeydiyyat vəsiqələridir, analoji sənədlər əsasında mülkiyyət hüququ qeydiyyata alınmış mənzillər mövcud deyil.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

18. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

22. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 79 saylı evin 18A saylı mənzilinə istifadə hüququ tanınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 18A saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2022-ci il tarixli, 08/2 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, ümumi sahəsi 52,9 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr olan 2 otaqlı 18A saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanmışdır və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - ünvan 2 ünvanında yerləşən mənzilə dair Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Texniki Pasport tərtib edilmişdir (tərtib edilmə tarixi: xx.xx.2022). - Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair istifadə hüququ xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (Əsas öhdəliyin mahiyyəti və icra müddəti: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 08/2 saylı, xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən verilmişdir).

24. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair hüquqlarını (istifadə hüququnu) təsdiq edən ilkin hüquq müəyyənedici sənəd Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsi ilə iddiaçının mənzilə dair mülkiyyət hüququ deyil, istifadə hüququ tanınmışdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 2681/2021 nömrəli Qətnaməsində İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun yaranması əsasları barədə sənədlərə istinad edilmir.

25. Digər tərəfdən məhkəmə müəyyən edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsində İddiaçı izahatına əsasən mübahisələndirilən mənzildə iddiaçının sözlərinə əsasən 2008-ci ildən etibarən yaşadığı müəyyən edilsə də, məhkəməyə təqdim edilmiş Arayışda (141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli Arayışda) iddiaçının həmin mənzildə 2005-ci il tarixdən yaşadığı qeyd edilmişdir.

26. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilən mənzilə dair istifadə hüququnun yaranması əsasları aşkar edilməməklə yanaşı, hansı tarixdən etibarən həmin mənzildə yaşamağı barədə ziddiyyətlər mövcuddur və bu faktı təsdiq edən etibarlı sübut məhkəməyə təqdim edilmişdir.

27. Eyni zamanda məhkəmə nəzərə alır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2681/2021 nömrəli Qətnaməsi əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş müvafiq sərəncam xx.xx.2022-ci il tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsiri dairəsinə düşmür və sərəncamda həmin mənzilin iddiaçının istifadəsinə verildiyi müəyyən olunur.

28. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mübahisələndirilən mənzilə dair istifadə hüququ (mülkiyyət hüququ deyil) qeydiyyata alınmışdır.

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79 ünvanında yerləşən binada mülkiyyət hüquqları qeydiyyata alınmış mənzillər mövcuddur. Lakin həmin mənzillər üzərində şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər əsasən qeydiyyat vəsiqələridir, analoji sənədlər əsasında mülkiyyət hüququ qeydiyyata alınmış mənzillər mövcud deyil. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar müəyyən edilmir.

30. Mənzil Məcəlləsindən: 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.

31. Odur ki, iddiaçıya münasibətdə mənzil münasibətlərinin yeni Mənzil Məcəlləsi qüvvəyə mindiyi vaxtdan əvvəl yaranmasını sübut edən hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ona münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunun müddəaları tətbiq edilə bilməz və istifadəsinə verilmiş mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsasında duran maddi hüquq norması mövcud deyil, əksinə, qeyd edilən halda (iddiaçının situasiyasında) hüququn qeydiyyatı istisna edilir.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar