Məhkəmə qərarları › İş №e-2-1(112)-2407/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2407/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2407/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş idarəsi tərəfindən çıxarılan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən çıxarılan “inzibati şikayətin təmin edilməməsi haqqında” **********696700 saylı 16 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********786200 saylı Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmaqla xx.xx.2012-ci il tarixdən əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olmuş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X2” ilə məşğul olur. Fəaliyyət göstərdiyi təsərüfat subyektində malların alışını Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzində yerləşən topdan satış məntəqələrindən əldə edir. Belə ki, həmin ticarət mərkəzinin satıcıları vergi orqanında vergi qeydiyyatına alınmalarına baxmayaraq satdığı malların elektron qayimələrini təqdim etmədiklərindən məcburiyyət qarşısında qalaraq həmin Ticarət mərkəzində fəalliyət göstərən satıcılardan topdan satış qiymətinə əldə edir. 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km bazarından və Dərnəguldən əldə edərək elektron qaimə əsasında müxtəlif şəxslərə satmış və müvafiq qaydada bəyanamələrini cavabdeh inzibati orqana təqdim etmişdir. İddiaçı tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar təqdim edilmişdir. Qeyd olunan mallarn alışı ilə bağlı “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km bazarından, Dərnəgüldən elektron qaimə verilmədiyindən vergi orqanına müvafiq alış qaimələri təqdim edilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi odəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək fərdi riskli vergi ödəyicisi olaraq barəsində xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmiş və kameral vergi yoxlaması təyin edilmişdir. Kameral vergi yoxlaması zamanı mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərtinin təsbit edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edildiyi müəyyən edilmiş, gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş gəlir və xərc məbləğləri dəyişdirilmədən müəyyən edilmiş güzəşt hüququ nəzərə alınmamış və 12301,96 manat əlavə gəlir vergisi hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tətbiq edilməməklə “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqları, malın dəyəri üzrə xərclə 84093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə təkrar kameral vergi yoxlaması aparılmış və guya 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarını qəbul edərək 13005,04 əlavə mənfəət vergisi hesablanmışdır. Qərarla tanış olduqdan sonra yuxarı vergi orqanına şikayət edilmiş və şikayətə baxılaraq inzibati araşdırma zamanı iddiaçının iştirakı təmin edilmiş və iddiaçı “Sədərək” Ticarət Mərkəzində yerləşən topdan satış məntəqələrindəki sahibkarların elektron qaimə vermədən mal satdıqlarını, malları kimlərdən və necə əldə etdiyi barədə ətraflı izahat vermişdir. İnzibati araşdırmanın nəticəsi olaraq inzibati şikayətin təmin edilməməsi haqqında **********696700 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İnzibatı orqan 101 927.05 manat dövriyəni 100% gəlir kimi qəbul edir. İddiaçı hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərar vergi qanunverciliyinin tələblərinə uyğun qaydada qəbul edilmədiyindən əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki cavabdeh Bakı səhəri X6 üzrə Baş İdarəsi iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. İlk növbədə bildirilir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********786200 saylı qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Belə ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olaraq qeyd olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X2” adlı təsərrüfat subyekti xx.xx.2012-ci il tarixdən vergi orqanında adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, iddia ərizəsində də qeyd etdiyi kimi, özünə məxsus olan obyektdə “Sədərək” Ticarət Mərkəzi, 8-ci km bazarı və “Dərnəgül”dən aldığı malların satışını həyata keçirmişdir. İddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının (kəndir 16 mm, taxta qoruyucu lak.yaba, reyka, dikt və.s) təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 5195,4 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 7137,9 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 466,5 manat dəyərində, "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 79959,06 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4257,6 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1448,5 manat dəyərində, ümumilikdə 98464,96 manat dəyərində elektron qaiməfakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura əsasında cəmi 15578,01 manat dəyərində malların (silikon, oboy bıçağı,disk və.s) əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, idxalixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar (kəndir 16mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilsə də, həmin olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilməmişdir. Nəticədə yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçının “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirilir ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Qeyd olunan kənarlaşma iddiaçı tərəfindən aradan qaldırılmadığından 12301,96 manat əlavə gəlir vergisi hesablanmış, sonradan fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tətbiq edilməməklə "Hesabat dövrünün gəlirləri" hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101 927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84 939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqları, malın dəyəri üzrə xərclə 84 093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə araşdırma apararkən 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və 13005,04 əlavə gəlir vergisi hesablanmışdır. Qeyd olunan hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı tərəfindən sözügedən hesablama ilə əlaqədar inzibati qaydada müraciət edilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi barədə” xx.xx.2023-cü il tarixli **********696700 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh qeyd edir ki, həmin qərar Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmişdir və mahiyyət etibarilə iddia tələbinin birinci hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixli **********786200 saylı qərarda öz əksini tapmış hesablamanın yuxarı vergi orqanı tərəfindən əsaslı hesab edilməsi ilə əlaqədardır. İddiaçı istər inzibati icraat zamanı verdiyi izahatda, istərsə də iddia ərizəsində eyni arqumentləri əsas gətirərək vergi orqanının hesablamasının ləğv olunmalı olduğunu bildirmişdir. Təqdim edilmiş mallara dair qaiməfakturaların mövcud olmamasını həmin malların müxtəlif bazarlardan alınması ilə əlaqələndirən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na uyğun olaraq vergi hesablaması aparılmalı olduğunu qeyd etmişdir. Bununla əlaqədar bildirilir ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********786200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarından görünür ki, təqdim edilmiş bəyannamədə 68515.19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi ilə əlaqədar vergi ödəyicisinə 13.005,04 manat əlavə vergi məbləği hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 avqust 2023-cü il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarından görünür ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasına dair İddiaçı şikayətinə baxılaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********786200 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərdən belə aydın olur ki, fərdi sahibkar kimi “məişət elektrik mallarının pərakəndə satışı” ilə məşğul olan iddiaçının mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz güzəşt hüququ tətbiq edilməməklə xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə araşdırma aparılarkən vergi orqanı tərəfindən 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və xərclərin tərkibindən çıxarılmışdır. Qeyd olunan hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və nəticədə iddiaçıya 13.005.04 əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, vergi qanunvericiliyinə əsasən vergi orqanı Vergi Məcəlləsinin 14-cü, 14-1-ci maddələrinin tələblərinə və ya AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarında nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə hesablama aparmalı və təqdim olunmuş malların maya dəyərini xərcdən çıxmalı idi. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.6. (01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiya) vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). -14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır Normaların tələbindən göründüyü kimi, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VMin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq vergi orqanı inzibati icraat zamanı (indiki halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********786200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar