Məhkəmə qərarları › İş №e-2-1(112)-2417/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2417/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2417/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, anası Gudratova Aminanın, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ötən dövr üzrə ödənilməli olan məbləğlərin birdəfəlik ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gudratova Amina (bundan sonra – iddiaçı) Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müraciət etdiyi tarixdən onun ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ötən dövr üzrə ödənilməli olan məbləğlərin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək hazırkı inzibati iş üzrə Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Daha sonra məhkəmənin qərardadı ilə əsl olmayan iddiaçı Gudratova Aminanın əsl İddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gudratova Aminanın həyat yoldaşı (əri) həbs olunduqdan sonra 2023-cü ilin aprel ayında ailəsinə ünvanlı sosial yardım (bundan sonra - yardım) təyin edilməsi üçün müraciət etmiş və ona yardım təyin edilmişdir. 2024-cü ilin fevral ayında övladının işə girməsi ilə əlaqədar haqlı olaraq aldığı yardım dayandırılmışdır. Sənədlərini toplayıb ünvanlı yardım (VEMTAS) altsistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixində yenidən müraciət etmişdir. Vemtas tərəfindən müraciəti yoxlanıldıqdan sonra maddi məişət şəraitinin yoxlanılması məqsədi ilə evinə monitorinq baxışı həyat keçirilmişdir. Monitorinq baxışı keçirildikdən sonra onun məşğulluğunun olmaması səbəbindən müraciətinə imtina verildi. 2023-cü ildə yardım aldığı vaxt nəyə görə məşğulluğu ilə bağlı imtina verilmədiyini soruşduqda isə DOST mərkəzi tərəfindən daxili təlimat gəldiyini bildirdilər. Nazirliyin verdiyi daxili təlimatın vətəndaşa aid olmadığını bildirməyinə baxmayaraq Nazirliyin verdiyi daxili təlimatı əsas gətirərək imtina verdilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının anası Gudratova Amina təmsilçi qismində VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın (bundan sonra - sosial yardım) təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli **********53101 nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailə üzvünün məşğulluğunun öz əksini tapmaması əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının anası A.Gudratovanın əmək fəaliyyəti ilə məşğul olmadığı aşkar edilmişdir. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. Gudratova Amina Azərbaycan Respublikasında müəvvəqəti yaşayan əcnəbi statusuna malik olsa da, ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür. Hətta, VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda A.Gudratova qeyd edilmişdir. A.Gudratova əmək qabiliyyətli şəxs olduğundan və barəsində Qanunun 3-cü maddəsində qeyd edilən hallardan heç biri olmadığından (əmək qabiliyyətsiz olması faktını təsdiq edəcək) təmsil etdiyi ailəyə sosial yardımın təyin edilməsi üçün qanunvericiliyə əsasən məşğul şəxs olması tələb olunur. Sosial yardım təyin edilən zaman Qanunda göstərilən şəxslər nəzərə alınmasa da, onların gəlirləri ailəyə sosial yardım teyin edilməsi zamanı nəzərə alınmalıdır. Qeyd edilən norma sosial yardımın təyin edilməsi zamanı ailə tərkibində nəzərə alınmayan şəxslərin dairəsini müəyyən edir, yəni mahiyyət etibarilə gəlirləri nəzərə alınan şəxslərin kateqoriyasını müəyyən etmir. A.Gudratova İddiaçı və X6 ilə bir evdə yaşayaraq, birgə təsərrüfat aparırır. Sosial yardımın ünvanlılıq prinsipi sosial yardımın yalnız aztəminatlı ailələrə təyin olunmasını nəzərdə tutur. Göründüyü kimi ailənin aztəminatlı olması, ailə üçün ehtiyac meyarının müəyyən edilə bilməsi üçün ailə tərkibində olan hər bir əmək qabiliyyətli üzvün məşğulluğunun müəyyən edilməsi vacibdir. İşin hallarından da göründüyü kimi A.Gudratovanın məşğulluğunun müəyyən edilməməsi ailənin ehtiyac meyarının və onlara təyin ediləcək sosial yardımın məbləğinə birbaşa təsir edir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2006-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının atası X3, anası isə Qüdrətova Əminədir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının adına "xxxx" MMC ilə bağlanmış ********** əmək müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən iddiaçı həmin MMC-də “ofisiant” vəzifəsində çalışır və aylıq əmək haqqı 200 manat təşkil edir. AZ-İİ 734535 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2011-ci ildə anadan olmuşdur. Onun atası X3, anası isə Qüdrətova Əminədir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən X5 Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 21 aprel 2025-ci il tarixli arayışına əsasən Gudratova Aminanın Cavabdeh Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 1(101)- 1345/2021-016 nömrəli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli 1(103)- 220/2022-013 nömrəli qərarına əsasən qeyd olunan hökm müdafiəçinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış və həmin tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanı xx.xx.1967-ci il təvəllüdlü X2 adına qeydiyyata alınmışdır. Gudratova Aminanın adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin 02 avqust 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ötən dövr üzrə ödənilməli olan məbləğlərin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Ünvanlı dövlət sosial yardımə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır (1.0.). Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər (3). Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır (7.1. ). Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) (9.0.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda göstərilmişdir ki, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir (1.1.). Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi; əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; ailə üzvünün vəfat etməsi; ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması (1.2.). Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir (2.1.). Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur (3.5.). Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) (3.6.). Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.). Yuxarıda qeyd edilən normativ aktların tələblərindən görünür ki, ailənin ümumi gəlirinin hər bir ailə üzvünə düşən hissəsinin məbləği ölkə üzrə ehtiyac meyarından aşağı olduqda, ailəyə həmin hissənin ehtiyac meyarından aşağı olan hissəsi məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasında əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər istisna olmaqla) və cəzaçəkmə müəssisəsində olan şəxslər nəzərə alınmırlar. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. İşin müəyyən edilmiş halları ndan görünür ki, iddiaçının anası X5 Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir. Eyni zamanda iddiaçının atası X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(101)-1345/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçının valideynləri ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasına aid edilə bilməzlər. İddiaçının qardaşı X4 isə xx.xx.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İddiaçı isə əmək müqaviləsinə əsasən 200 manat məbləğində əmək haqqı alır ki, həmin məbləği 2 ailə üzvünün sayına böldükdə, hər ailə üzvünə 100 manat düşür. Bu isə 2025-ci il üçün hər ailə üzvünə müəyyən edilmiş ehtiyac meyarının həddindən aşağıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ona ünvanlı sosial yardım təyin edilməsi, ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdehə müraciət edilən xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi və həmin vaxtdan ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar