Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2422/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddianın əsaslandırılması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzil 1997-ci il tarixdən halhazıradək iddiaçının sahibliyində olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2-1(112)-4935/2023 saylı qərarı ilə qeyd olunan mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı Şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 213 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlamışdır. Kirayə müqaviləsi Yasamal rayon 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilə dair mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçirilməsi və çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə imtina məktubu verərək, Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti Başçısının 213 nömrəli sərəncamının xx.xx.2023-cü il tarixdə verildiyini, Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 8.02.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğunu bildirmişdir. Cavabdeh qurum tərəfindən imtina məktubunda göstərilənlər tamamilə əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan mənzil üzərində hüquqları xx.xx.2023-cü il tarixdə Yasamal RİHB-nın 213 nömrəli sərəncamından sonrakı dövrü əhatə etmir, qeyd olunan mənzil üzərində olan hüquqları iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərildiyi kimi 1997-ci il tarixdən hal-hazıradək faktiki yaşadığı vaxtdan yaranmışdır. Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evində yaşayan sakinlərin böyük əksəriyyəti özlərinə məxsus evləri özəlləşdirmişdir. Həmin evdə yaşayan yeganə şəxslərdən biri iddiaçıdır ki, mənzili özəlləşdirmək istəyi cavabdehin formal imtinası əsasında mümkün olmamışdır. Eyni əsalardan ibarət olan işlərlə bağlı birinci insitansiya, apellyasiya və Ali Məhkəmənin qərarları mövcuddur. Amma buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarlarında məhkəmənin istinad etdiyi təcrübəyə əməletmədən yenədə eyni əsaslarla imtina cavabı verməkdə davam edir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlıməsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının adına qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 137 saylı mənzilinə dair təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 213 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 34.0 kv.m-dır. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 137 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin iştirakı və izahatları:
4. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 nömrəli, xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Y.Yasamal küçəsi, 14 saylı evin 137 nömrəli mənzilində MKİS-də olan məlumata əsasən 1997-ci ildən yaşayır. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30 nömrəli, xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, MKİS-də olan məlumata əsasən İddiaçı Y.Yasamal 1 küçəsi 14 saylı evin, 137 nömrəli mənzilində qeydiyyatsız yaşayır və kirayə müqaviləsinin bağlanan gündən kommunal xərcləri ödəyir, öncəki illərdə müqavilə olmadığı üçün ödəniş alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4935/2023 saylı (İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə) işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyinin Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 213 nömrəli, xx.xx.2023-cü il tarixli “Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, ev 14 ünvanında yerləşən 137 saylı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması haqqında” Sərəncamına əsasən, İddiaçı ilə ünvan 4 ünvanında yerləşən 137 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. 14 iyun 2023-cü il tarixli “Dövlət və İctimai yaşayış fondundan yaşayış evlərin icarəyə götürülməsi barədə nümunə müqaviləsi”ndə qeyd edilmişdir ki, bir tərəfdən qüvvədə olan xidməti müddəalar əsasında fəaliyyət göstərən Yasamal rayonu 19 saylı MKİS bundan sonra “İcarəyə verən adlandırılacaq” digər tərəfdən isə İddiaçı bundan sonra “İcarədar adlandırılacaq” olmaqla, icarəyə verən icarədarın və onun ailəsinin üzvlərinə Yeni ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 16,59 kv.m olan yaşayış mənzilini müddətsiz olaraq ixtiyarına verir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Ə-0773-8/2024 **********03 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 137 saylı mənzilinə dair təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 213 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 137 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır.
ƏSƏSLANDİRMA HİSSƏSİ
Məhkəmənin mövqeyi.
8. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
9. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
13. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir. - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi - mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək.
16. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 213 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir.
17. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır.
18. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: - 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. - 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. - 37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir
19. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı 1997-ci ildən mübahisəli mənzildə yaşayır və həmin mənzilin kirayəçisi hesab edilmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2023-cü ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir.
20. Bundan əlavə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4935/2023 asylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddiaçı mübahisəli mənzildə 1997-ci ildən yaşayır, mənzildə qeydiyyatda olan şəxs olmamışdır və onun mübahisəli mənzilə dair icarədarı sayılması hüququ vardır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq icra hakimiyyəti orqanının 213 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
24. Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən mənzil heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur
25. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
29. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
31. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 137 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova