Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2465/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X4 X7 Sanayi ve Ticaret Limited” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı “X4 X7 Sanayi ve Ticaret Limited” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Türkiyə Respublikasında fəaliyyət göstərən iddiaçı daşıyıcı şirkətinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə edilməklə X3 həyata keçirmək hüququnun məhdudlaşdırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-33/3-2- 000290/2023 saylı Sərəncamının ləğv edilməsinə, Sərəncamın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən aradan qaldırılmasına, yəni məhdudlaşdırmanın hüquqi nəticələrinin aradan qaldırılması barədə BYD Məlumat Bazasına (İTDB), iddiaçı və onun nəqliyyat vasitələri barədə məlumatların daxil edildiyi gömrük risklərinin idarə olunması sisteminə məlumatların daxil edilməsinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Türkiyə Respublikasının gömrük orqanlarının məlumatlandırılmasının təmin edilməsinə dair qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Dövlət Gömrük Komitəsinin “X4 X7 Sanayi ve Ticaret Limited Şirketi” daşıyıcı şirkətinin Azərbaycan Respublikası ərazisində BYD Kitabçasından istifadə edilməsi X3 həyata keçirmək hüququnu məhdudlaşdıran xx.xx.2023-cü il tarixli 3-33/3-2-000290/2023 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, X4 X7 Sanayi ve Ticaret Limited Şirketi (bundan sonra- İddiaçı) Türkiyə Respublikasında qeydiyyata alınmış və 1975-ci il noyabrın 14-də Cenevrədə qəbul edilmiş "BYD Kitabçası tətbiq edilməklə X3 haqqında" gömrük Konvensiyası (bundan sonra – BYD Konvensiyas)ı əsasında TUR/042/********** unikal X3 kodu ilə yük daşımalarını, o cümlədən Azərbaycan Respublikası ərazisindən tranzit daşımalarını həyata keçirir. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Cavabdeh) xx.xx.2024-cü il tarixli 3- 33/2- 010823/2024 saylı məktubu ilə “Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” daşıyıcı şirkətinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə edilməklə X3 həyata keçirmək hüququnun məhdudlaşdırılması haqqında” Cavabdehin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000290/2023 saylı Sərəncamı (bundan sonra - Sərəncam) iddiaçının vəkilinə xx.xx.2024-cü il tarixində poçtla təqdim edilmişdir. Sərəncama əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ (unikal BYD kodu - TUR/042/**********) daşıyıcı şirkətinin BYD Kitabçasından istifadə etməklə Azərbaycan Respublikasının gömrük ərazisindən X3 həyata keçirməsi hüququ məhdudlaşdırılmışdır. Sərəncamı qanunsuz və əsassız hesab edir. Cavabdeh Sərəncamı qəbul edərkən məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarət olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş inzibati aktların qəbul edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları pozulmuş, faktiki olaraq inzibati icraat aparılmamışdır. Nəticədə hüququn tətbiqindən imtinanın qadağan olunması, işin hallarının obyektiv araşdırılması, inzibati icraatda maraqlı şəxslərin iştirakı və dinlənilmək hüququ pozulmuş nəticədə inzibati icraat bütövlüklə onun mahiyyətini heçə endirən şəkildə pozuntularla keçirilmişdir. Göründüyü kimi inzibati icraat bütövlüklə qanunsuz olmuş, iddiaçının qanuni mənafelərinin qorunması üçün müəyyən edilmiş təminatların heç birinə riayət edilməmişdir. Sərəncam BYD Konvensiyasının 38-ci maddəsinin 1-ci bəndinə formal istinad etmiş, heç bir əsaslandırma verilməmişdir. Konvensiyanın 36-cı maddəsinə əsasən bu Konvensiyanın müddəalarının hər hansı pozuntusu pozuntunun törədildiyi ölkədə pozuntunu törədən şəxsə həmin ölkənin qanunvericiliyi ilə nəzərdə tutulmuş sanksiya tətbiq edilməsinə səbəb olur. Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndinə əsasən Razılığa gələn hər bir Tərəf gömrük qanunlarının və ya yüklərin beynəlxalq daşınmasında tətbiq edilən qaydaların kobud və ya təkrar pozulmasında təqsirli olan istənilən şəxsi bu Konvensiyanın müddəalarından istifadə etmək hüququnu müvəqqəti və ya daimi olaraq məhrum etmək hüququna malikdir. Gömrük qanunlarının və ya qaydaların pozulmasının kobud hesab edilməsi şərtləri Razılığa gələn Tərəf tərəfindən müəyyən edilir. BYD İnzibati Komitəsinin (TİR Administrative Committee) təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (X6 Commission for Europe) və BYD Katibliyi (TİR Secretary) tərəfindən hazırlanmış və 2018-ci ildə dərc edilmiş TİR Handbook-un sonuncu 11-ci nəşri (ECE/TRANS/TİR/6/Rev.11) (https://unece.org/tir-handbooks) Konvensiyanın tətbiqi ilə bağlı digər müddəalarla yanaşı 38-ci maddənin tətbiqi ilə bağlı ən yaxşı təcrübə nümunələrinə də yer ayırmışdır. Ümumiyyətlə, 38-ci maddə istənilən şəraitdə avtomatik sanksiya mexanizmi kimi deyil, TİR prosedurunu sui-istifadələrdən qorumaq və qarşısını almaq üçün bir vasitə kimi nəzərdən keçirilməlidir. 38-ci maddənin tətbiqi pozuntunun ağırlığına uyğun olaraq əsaslandırılmalıdır (TİR Handbook, 5.8, A, 2). 38.1-ci maddənin icrası barədə qərar qəbul edildikdə, kənarlaşdırılan şəxs təxirə salınmadan məlumatlandırılmalıdır. Bu cür məlumat BYD Konvensiyasının üç rəsmi dilindən (ingilis, fransız və ya rus) hər hansı bir dildə hazırlanmalı və ən azı aşağıdakı məlumatları ehtiva etməlidir: pozuntunun tarixi və yeri; pozuntunun ətraflı təsviri; 38.1-ci maddənin tətbiqinin səbəbləri; kənarlaşdırmanın növü (müvəqqəti və ya daimi) və onun qüvvəyə mindiyi tarix; kənarlaşdırma müddəti (yalnız müvəqqəti kənarlaşdırmalar üçün); mümkün apellyasiya prosedurları haqqında məlumat (son tarix, apellyasiya orqanı, apellyasiya zamanı kənarlaşdırmanın dayandırılması mümkünlüyü və s.) (TİR Handbook, 5.8, B, 8). Məlumat kənarlaşdırılmış şəxsə ən sürətli rabitə vasitələri ilə (faks, elektron poçt və s.) ötürülməlidir. Milli qanunvericilikdə nəzərdə tutulduğu halda, bu məlumat bir həftə ərzində kənarlaşdırılmış şəxsə sifarişli poçtla göndərilməli və ya qəbz imzalanaraq hüquqi nümayəndəsinə təhvil verilməlidir (TİR Handbook, 5.8, B, 9). Sərəncamda pozuntunun nədən ibarət olması, onun kobud və ya təkrar olmasının əsasları, iddiaçının pozuntu törətməkdə təqsiri, iddia edilən pozuntu ilə iddiaçının hansı hərəkətinin səbəbli əlaqədə olması, hansı səbəbdən məhz daimi məhdudlaşdırma barədə qərarın qəbul edilməsi, nəinki əsaslandırılmamış, ümumiyyətlə hər-hansı bir formada göstərilməmişdir. Göründüyü kimi, Sərəncam Konvensiyanın 38-ci maddəsinin tətbiqi ilə bağlı ən yaxşı təcrübə nümunələrinə uyğun olmamaqla yanaşı, inzibati aktın əsaslandırılması ilə bağlı milli qanunvericiliyin tələblərinə də cavab vermir. Qeyd edilməlidir ki, iddiaçıya qarşı Azərbaycan Respublikası ərazisində nəinki kobud və ya təkrar pozuntu halı ilə bağlı icraat aparımamış, ümumiyyətlə iddiaçı barədə heç bir icraat olmamışdır. Mülkiyyət hüququnun pozuntusu Sərəncam iddiaçının mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxiləni təşkil edir. Daşıma fəaliyyəti ilə məşğul olmaq imkanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində mülkiyyət kimi qiymətləndirilir və qorunur. Belə ki, biznesi idarə etmək üçün lisenziya mülkiyyətdir; onun ləğvi 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən hüquqa müdaxilədir (Megadat.com SRL v. Moldova, 2008, §§ 62-63; Bimer S.A. v. Moldova, 2007, § 49; Rosenzweig and X8. v. Poland, 2005, § 49; Capital Bank AD v. Bulgaria, 2005, § 130; X5 v. Sweden, 1989, § 53; Vékony v. Hungary, 2015, § 29; Fredin v. Sweden (no. 1), 1991, § 40; Malik v. the United Kingdom, 2012, § 90; NİT S.R.L. v. The Republic of Moldova, 2022, § 235). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində aydın prosessual tələblər olmasa da, maddə, “mülkiyyətdən” istifadə edilməsinə mane yaradan tədbirin təsirinə məruz qalan şəxslərə bu tədbirlərə təsirli şəkildə etiraz etmək üçün onların işinə səlahiyyətli orqan tərəfindən baxılması üçün ağlabatan imkan verilməli olduğu kimi şərh edilmişdir (G.İ.E.M. S.R.L. and Others v. İtaly (merits) [GC], § 302; Yildirim v. İtaly (dec.); AGOSİ v. the United Kingdom, §§ 55 and 58- 60; Air Canada v. the United Kingdom, § 46; Arcuri and Others v. İtaly (dec.); Riela and Others v. İtaly (dec.); Kemal Bayram v. Turkey, § 54; Shorazova v. Malta, § 302). Hesab edir ki, Sərəncam iddiaçının mülkiyyət hüququna müdaxilə olmaqla konstitusion mütənasiblik hüququnu pozur. Hesab edir ki, Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik prinsipi hazırkı iş üzrə pozulmuşdur. Cavabdeh tərəfindən qəbul edilən məhdudlaşdırıcı qərarlar (müdaxilə) Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla qəbul edilməli, hər bir halda qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Göründüyü kimi, cavabdehin Sərəncamı inzibati icraatın aparılması qaydalarını pozmaqla yanaşı, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir və qanunsuz yükləyici inzibati aktdır, ləğv edilməlidir və onun yaratdığı bütün nəticələr aradan qaldırılmalıdır.
4. Cavabdeh Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına “pambıq lifinin tullantıları” yükünü aparan Türkiyə Respublikasının vətəndaşı Bulut İbrahimin idarə etdiyi “Mercedes-Benz" markalı, 33ANJ971/33ANB916 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində Naxçıvan Baş Gömrük idarəsinin “Şahtaxtı” gömrük postunda tətbiq edilmiş gömrük yoxlaması zamanı qoşqunun ön hissələrində yerləşən atma dəmir profillərdən ikisinin içərisindəki boşluqlardan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 11 ədəd külçə formasında və ümumilikdə 12 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlələr, həmçinin yük hissəsində olan ehtiyat yük bağlayıcı kəmərlərin yerləşdiyi plastik qutunun içərisindən isə 2 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlə aşkar edildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq, Türkiyə Respublikasının vətəndaşı Bulut İbrahim Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək idarə etdiyi 33ANJ971/33ANB916 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş 41436.78 manat dəyərində 36.946 kq gümüşdən hazırlanmış metal kütlələr Naxçıvan MR Kəngərli rayon məhkəməsinin 3(111)-32/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən müsadirə edilmişdir. Araşdırma zamanı sözügedən daşımanın XX85655613 nömrəli BYD kitabçası ilə həyata keçirildiyi və daşıma üzrə 151937 nömrəli CMR-in Türkiyə Respublikasında fəaliyyət göstərən "Fırat Anşin” İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” daşıyıcı şirkəti (unikal BYD kodu TUR/042/**********) tərəfindən tərtib olunduğu müəyyən edilmişdir. Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndinə əsasən razılığa gələn hər bir tərəf gömrük qanunlarının və ya yüklərin beynəlxalq daşınmasında tətbiq edilən qaydaların kobud və ya təkrar pozulmasında təqsirli olan istənilən şəxsi bu Konvensiyanın müddəalarından istifadə etmək hüququnu müvəqqəti və ya daimi olaraq məhrum etmək hüququna malikdir. Gömrük qanunlarının və ya qaydaların pozulmasının kobud hesab edilməsi şərtləri razılığa gələn tərəf tərəfindən müəyyən edilir. Qeyd olunan Konvensiyanın müddəalarına əsasən icazə verilmiş şəxs (hüquqi və ya fiziki) göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Göstərilən tələbdən də aydın görünür ki, icazənin alınması üçün gömrük qanunvericiliyinin pozulması faktının olması kifayətdir. Məhz bu səbəbdən inzibati orqan tərəfindən qeyd olunan sərəncamla “X4 X7 Sanayi və Ticaret Limited" daşıyıcı şirkətinin BYD Kitabçasından istifadə etməklə Azərbaycan Respublikasının gömrük ərazisindən X3 həyata keçirməsi hüququ məhdudlaşdırılmışdır. Şəxsin təqsiri ilə bağlı kifayət qədər araşdırma aparılmış və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə əsasən daşıyıcı - malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir.
5. Cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000290/2023 nömrəli “Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” daşıyıcı şirkətinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə etməklə X3 həyata keçirməsi hüququnun məhdudlaşdırılması haqqında” sərəncamına əsasən, BYD Kitabçası tətbiq edilməklə X3 haqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) 38-ci maddəsinin 1-ci bəndinə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.11-ci yarımbəndinə əsaslanaraq Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” (unikal BYD kodu - TUR/042/**********) daşıyıcı şirkətinin BYD Kitabçasından istifadə etməklə Azərbaycan Respublikasının gömrük ərazisindən X3 həyata keçirməsi hüququ məhdudlaşdırılmasına, bu sərəncamın 1-ci hissəsində qeyd olunan məhdudlaşdırma ilə əlaqədar X2 və Ticarətin Asanlaşdırılması Baş İdarəsi BYD Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq, məhdudlaşdırma barədə məlumatın Beynəlxalq BYD Məlumat Bazasına (İTDB) daxil edilməsini və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) məlumatlandırılmasını təmin edilməsi, Beynəlxalq Əməkdaşlıq İdarəsi BYD Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq, Türkiyə Respublikasının gömrük orqanlarının məlumatlandırılmasını təmin edilməsi, X1 və Audit Baş İdarəsi qeyd olunan daşıyıcı və onun nəqliyyat va Biteləri barədə məlumatların X1 sisteminə daxil edilməsinin təmin edilməsinə dair sərəncam verilmişdir.
6. Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 18000-00577/23 nömrəli inzibati xəta haqqında protokolunda Türkiyyə Respublikasının vətəndaşı olan Bulut İbrahim barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində tutulmuş inzibati xəta törətdiyinə görə protokol tərtib edildiyi qeyd edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
11. Gömrük ərazisində BYD Kitabçasından istifadə etməklə X3 həyata keçirməsi hüququnun məhdudlaşdırılması haqqında sərəncam inzibati aktdır.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. Odur ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.5. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs; 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın: 2.1.3. daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar; 2.1.8. sürücü — avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs; 17.Azərbaycan Respublikasında BYD (X3) kitabçası tətbiq edilməklə daşıyıcıların X3na buraxılması qaydaları haqqında Əsasnamənin: 1.1. Bu Əsasnamə BYD kitabçası tətbiq edilməklə X3 haqqında Gömrük Konvensiyasına (1975-ci il BYD Konvensiyası) əsasən hazırlanmışdır. 3.4. Hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası təqdim edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra X3na buraxıla bilər. 3.5. Dövlət Gömrük Komitəsi daxil olmuş sənədlərə on beş gün müddətində baxır və imtina üçün əsaslar olmadığı təqdirdə təminat birliyindən daxil olmuş müraciətdə qeyd edilən fiziki və hüquqi şəxslərin X3nda iştirakına Əsasnamənin 1 №-li Əlavəsində göstərilən formada icazə verilir. 4.3. İcazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır.
18. BYD Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndinə əsasən Razılığa gələn hər bir Tərəf gömrük qanunlarının və ya yüklərin beynəlxalq daşınmasında tətbiq edilən qaydaların kobud və ya təkrar pozulmasında təqsirli olan istənilən şəxsi bu Konvensiyanın müddəalarından istifadə etmək hüququnu müvəqqəti və ya daimi olaraq məhrum etmək hüququna malikdir. Gömrük qanunlarının və ya qaydaların pozulmasının kobud hesab edilməsi şərtləri Razılığa gələn Tərəf tərəfindən müəyyən edilir.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 3-33/3-2-00290/2023 saylı Sərəncama əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ daşıyıcı şirkətinin BYD Kitabçasından istifadə etməklə Azərbaycan Respublikasının gömrük ərazisindən X3 həyata keçirməsi hüququ məhdudlaşdırılmışdır.
20. Sərəncamın qəbul edilməsinə əsas Türkiyə Respublikasının vətəndaşı Bulut İbrahim tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməsi və araşdırma zamanı sözügedən daşımanın XX85655613 nömrəli BYD kitabçası ilə həyata keçirildiyi və daşıma üzrə 151937 nömrəli CMR-in Türkiyə Respublikasında fəaliyyət göstərən iddiaçı daşıyıcı şirkəti (unikal BYD kodu TUR/042/**********) tərəfindən tərtib olunduğunun müəyyən edilməsi halı olmuşdur.
21. İş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 18000-00577/23 nömrəli inzibati xəta haqqında protokoluna əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində tutulmuş inzibati xəta törədilməsində təqsirli Türkiyyə Respublikasının vətəndaşı olan Bulut İbrahim bilinmişdir ki, məhz onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
22. Tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində iddiaçının təqsirli bilinmədiyinə baxmayaraq, cavabdeh gömrük qaydalarının iddiaçı tərəfindən pozulduğunu iddia edərək Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə etməklə X3 həyata keçirməsi hüququnun məhdudlaşdırılması haqqında sərəncam qəbul etmişdir.
23. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun müddəaları pozulmuşdur.
24. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
25. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
26. Məhkəmə hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək, inzibati aktı yazılı şəkildə əsaslandırmaq və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır.
27. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.
28. Lakin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
29. Bununla yanaşı məhkəmə qeyd edir ki, Sərəncamda iddiaçının gömrük qanunlarının və ya yüklərin beynəlxalq daşınmasında tətbiq edilən qaydaların pozuntusunda təqsirli olmasına istinad edilməmiş, təqsirin nədən ibarət olması göstərilməmişdir. İddiaçı tərəfindən yol verilmiş pozuntunun kobud və ya təkrar olması əsaslandırılmamışdır.
30. BYD Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Razılığa gələn hər bir Tərəf gömrük qanunlarının və ya yüklərin beynəlxalq daşınmasında tətbiq edilən qaydaların kobud və ya təkrar pozulmasında təqsirli olan istənilən şəxsi bu Konvensiyanın müddəalarından istifadə etmək hüququnu müvəqqəti və ya daimi olaraq məhrum etmək hüququna malikdir. Gömrük qanunlarının və ya qaydaların pozulmasının kobud hesab edilməsi şərtləri Razılığa gələn Tərəf tərəfindən müəyyən edilir. Yəni qaydalar daxili qanunvericiliklə təsbit olunmalı idi ki, pozuntunun kobud hesab edilməsi şərtləri müəyən edilsin. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, hər hansı normativ hüquqi akt cavabdeh orqan tərəfindən qəbul edilməmişdir.
31. Beləliklə, BYD Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndinə əsasən pozuntu, təqsir və pozuntunun təkrar və ya kobud olması cavabdeh orqan tərəfindən sübut edilməmişdir.
32. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
33. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir, beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000290/2023 nömrəli “Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” daşıyıcı şirkətinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə etməklə X3 həyata keçirməsi hüququnun məhdudlaşdırılması haqqında sərəncam ləğv edilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3- 2-000290/2023 nömrəli “Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Nak. İnş. Pet. San. Ve Tic. LTD. ŞTİ” daşıyıcı şirkətinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD Kitabçasından istifadə etməklə X3 həyata keçirməsi hüququnun məhdudlaşdırılması haqqında sərəncam ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva