Məhkəmə qərarları › İş №e-2-1(112)-2481/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2481/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2481/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hüquqa zidd hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq ailənin dolanışığını təmin etmək üçün götürdüyü kredit nəticəsində ona dəymiş ziyanın iki qat olaraq (yəni iki il ərzində kredit faizlərinin tərəfindən ödənilməsi nəticəsində) 326.32 x 2= 652.64 AZN (altı yüz əlli iki manat altmış dörd qəpik) və mənəvi zərərin (o və onun ailə üzvlərinin keçirdiyi istirabın əvəzi olaraq) 5000 AZN (beş min) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyinin hüquqa zidd hərəkətləri nəticəsində (əməkdaşları və ya digər məsul vəzifəli şəxslərindən reqres üsulu ilə əmək məvacibindən yolu ilə) dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq müddət ərzində həqiqi hərbi xidmət etmişdir. Xidmət dövrü ərzində xidməti vəzifələrinin icrası zaman baş vermiş silahlı atışma nəticəsində ağır yaralandıqdan bir qədər sonra səhəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına polkovnik - leytenant hərbi rütbəsində buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixində keçirilmiş müayinəyə əsasən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil olduğu (sol bud çanaq oynağının dəli-kəçən yaralanması (27.04.02) bud sümüyünün boyun və burmalar nahiyəsinin dağılmış sınıqlan,bud arteriyası və venası sahələrinin zədələnməsinə görə keçirilmiş c/dan s/v.Sol bud çanaq oynağının koksartrozu İİİ mər.,kontrakturası.Şəkərli diabet İİ dər,yüngül forma. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik => Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları.:) müəyyən edilmişdir.xx.xx.2011-ci il tarixindən 2-ci qrup əlil kimi və daha 2ci qrupdan 3-cü qrup əlillik təyin edildikdən sonra xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası alır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasının ödənişini tam olaraq dayandırmış və bu qanunsuz hərəkətini xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci ilədək tarixə qədər ona artıq ödəniş edilməsi ilə əsaslandırmışdır. 2021-ci il tarixilərində Mərkəzi Filialının rəhbərliyinə şifahi və ya yazılı müraciət etməyinə baxmayaraq bütün müraciətləri diqqətsiz qalmışdır, inzibati orqan olan Mərkəzi Filialın rəhbərliyi onu dinlənmə hüququndan məhrum edərək, onu dinləmək istəməmişdir .Qeyd etdiyi fakt ilə əlaqədar xx.xx.2022-ci il tarixində etdiyi sonuncu müraciətindən sonra Fondun idarə heyyətinin göstərişinə əsasən onun üçün ciddi əhəmiyyət kəsb edən məsələyə Mərkəzi Filialın rəhbərliyi tərəfindən diqqət yetirilmiş və ünvanına xx.xx.2022-ci il tarili, **********1 №-li cavab məktubu daxil olmuşdur. Məktubda 8 avqust 2011-ci il tarixində ona ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etməli olduğu bildirilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 8 avqust 2011-ci il tarixindən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Nəticədə xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 118472,31 manat pensiya məbləği ödənilməli olduğu halda, 134145,30 manat (104588,51 manatı müvafiq kart hesabınıza köçürülmüş, 29556,79 manat isə aliment olaraq ödənilmişdir) manat ödənilib. Bununla əlaqədar həmin dövr üzrə ona 15672,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3687,72 manat pensiya məbləği hesablanmışdır. Ona artq ödənilən 15672,99 manat pul vəsaitindən ona ödənilməli olan 3687,72 manat pensiya məbləği çıxılmış, qalan 11985,27 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. Lakin sözügedən cavab məktubu ünvanına daxil olmadan öncə o artıq xx.xx.2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 2-1(112)-5805/22 №-li iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyanın tam şəkildə, birdəfəlik şəkildə ödənilməsi haqqında öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə pensiyası hesablanaraq ödənilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarı ilə təmin edilmişdir. Cavabdeh inzibati orqan, Mərkəzi Filial tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-5805/2022 nömrəli qərarında apellyasiya şikayəti verilmiş və şikayət təmin edilmədiyindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı onun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-3177/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2- 1(103)-3177/2022 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli Qərarndan görünür ki, sözügedən mübahisə ilə əlaqədar diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı cavabdeh inzibati orqan fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş 3-17-1/2-274565/2023 saylı xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 4 may 2011-ci il tarixli 000245 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 16 aprel 2011- ci il tarixindən Mərkəzi Filial tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 25 il 6 ay 28 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar təxris olunmaqla) əmək pensiyası təyin edilmişdir. İddiaçı maddi ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində dəydiyi, bu ziyanın real zərər, yaxud əldən çıxmış fayda olaraq irəli sürdüyünü əsaslandırmamış, ümumiyyətlə maddi ziyan vurulmasını təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin iyun, iyul və avqust aylarında ödənilməyən əmək pensiyasının hesablanıb tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687,72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3177/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 715/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)3177/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmənin 2-1(112)-5805/2022 nömərli xx.xx.2022-ci il tarixli qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 3-17-1/2-188100/2023 saylı xx.xx.2023-cü il məktubda 08 iyun 2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarının icrası məqsədilə tərəflərindən İddiaçıa xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 3687,72 manat pul vəsaitinin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 1229,24 manat olmaqla hissə-hissə onun müvafiq kart hesabına köçürülərək sözügedən məhkəmə qərarının icrasının başa çatdırılacağı bildirilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarına əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3687,72 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunan məbləğin xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürlməsi nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3105.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsassızıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddia tələbinin maddi zərərə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş real zərəri sübut edə bilməmişdir Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar