Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2487/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək bələdiyyə qərarı əsasında 800 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmənin yardımına uyğun olaraq iddiaçı iddia tələbində dəqiqləşmə verərək Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 655 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, Buzovna qəs, Dənizkənarı küçəsi 75 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və üzərində 540 kv.m bağ evi iddiaçının mülkiyyətindədir. Texniki pasportda faktiki istifadədə olan torpaq sahəsi 0,1308 kv.m göstərilmişdir. Qeyd olunan əlavə 0,0708 kv.m sahə iddiaçının mülkiyyətində olan 286 b bağ evi ilə onun paylı mülkiyyətində olan 286 saylı digər bağ evi arasında yerləşir və onun istifadəsindədir. Cavabdehə həmin sahənin qeydiyyatı ilə əlaqədar müraciət etmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə istinadla müraciətin təminindən imtina edilmişdir. Həmçinin, texniki pasportda göstərilən torpaq sahəsinin 30 kv.m hissəsi qeydiyyatdan keçmiş sahə ilə, bir hissə olan 23 kv.m isə iddiaçıya məxsus 286 h və 286 saylı bağ sahələrinə aiddir. Tərəflər izahatları: İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubundan görünür ki, əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə istinadla müraciətin təminindən imtina edilmişdir. Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və 540 kv.m fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin bağ evinə dair qovluqda olan sənədlərdən görünür ki, iddiaçı adıçəkilən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin vərəsəsi olmuş, əvvəlki mülkiyyətçi X4 olmuş, bağ sahəsi Bağın icarəyə verilməsi haqqında 06 noyabr 1997-ci il tarixli müqavilə əsasında əvvəlki mülkiyyətçiyə verilmişdir. Həmin bağ evinə dair texniki pasportdan görünür ki, faktiki istifadədə olan torpaq sahəsi 0,1308 kv.m təşkil edir. Çıxarışdan görünür ki, Buzovna qəs 286 ünvanda yerləşən 0,07 torpaq sahəsi iddiaçı və X7 paylı mülkiyyətində olmuşdur. Bələdiyyə qərarından görünür ki, mübahisəli 800 kv.m torpaq sahəsi həmin qərarla iddiaçıya ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin torpaq sahəsinə dair iddiaçı və bələdiyyənin iştirakı ilə razılaşma əldə edilmişdir. Yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. Mədaxil qəbzindən görünür ki, torpaq sahəsinə dair ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir. Bələdiyyənin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, adıçəkilən torpaq sahəsi həqiqətən də iddiaçıya hal-hazırda qüvvədə olan qərar əsasında ayrılmış, adıçəkilən torpaq sahəsi ayrılan zaman bələdiyyənin inzibati ərazi hüdudları daxilində olmaqla xüsusi mülkiyyətində olmuşdur ki, adıçəkilən torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahəsində olması ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam və xəritə məhkəməyə təqdim edilmişdir. Müayinə aktından görünür ki, texniki pasportdakı A yaşayış evi yerində mövcuddur. Ərizədən görünür ki, X11 iddia tələbinin təmin edilməsinə razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyayına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, bununla bağlı bələdiyyə orqanının təqdim etdiyi sorğuya cavab məktubu ilə də müəyyən edilir ki, adıçəkilən torpaq sahəsi məhz bələdiyyə mülkiyyətinə verilmiş ərazidə yerləşir. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən ayrılması kimi hallar iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. İddiaçı da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından aparılan qiymətləndirmə iddianın təmininin istisna edilmədiyi qənaətinin formalaşmasına əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində olan və bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə hüququn dövlət qeydiyyatından imtina qanunsuz və əsassız olmuşdur. Bələdiyyənin qərarının qanuni qüvvəsində olması, ləğv edilməməsi, qüvvəsini itirməməsi ona dəlalət edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə dair yuxarıda adıçəkilən Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədə məxsus olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Lakin, məhkəmə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, iddia olunan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı təkcə bələdiyyə qərarının mövcudluğu baxımından yox, bağ evinə dair tərtib olunmuş texniki pasportun mövcudluğu baxımından da iddianın təmini üçün əsas yaradır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir. Məhkəmə bildirir ki, bağ evinə dair texniki pasportdan göründüyü kimi hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi onun istifadəsindədir. Göründüyü kimi, cavabdeh inzibati orqan adıçəkilən sənədi tərtib edərək adıçəkilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-ci bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələrinə münasibətdə texniki yox, məhz hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, adı çəkilən Fərmana görə 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Baxmayaraq ki, hazırki texniki pasport həmin tarixdən sonraya aid olsa da, bu hal iddianın rədd əsası qismində çıxış edə bilməz. Belə ki, mübahisəli daşınmaz əmlak həmin tarixdən sonra iddiaçıya verilsə də , həmin əmlaka dair hüquq münasibətləri 2001-ci il ilin yanvarın 1-dək yaranmışdır. Bununla bağlı xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı adıçəkilən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin vərəsəsi olmuş, əvvəlki mülkiyyətçi X4 olmuş, bağ sahəsi Bağın icarəyə verilməsi haqqında 06 noyabr 1997-ci il tarixli müqavilə əsasında əvvəlki mülkiyyətçiyə verilmişdir. Odur ki, iddiaçı bağ sahəsinin 1997-ci il tarixdən köhnə mülkiyyətçiyə ayrılmasına istinadla bağ evi və onun yerləşdiyi faktiki torpaq sahəsi ilə bağlı istifadə hüququna istinadla məhkəməyə mülkiyyət hüququnun reallaşdırılması hüququna malik olmuşdur. Bu səbəbdəndir ki, texniki sənədin 2001-ci ilin yanvar 1-dən sonrakı tarixə tərtib edilməsi zamanı hüquq münasibətinin həmin tarixdən əvvəl olub-olmamasının yoxlanılması zəruridir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya aid olan hüquq münasibəti həmin tarixdən əvvələdir. Bu səbəbdən də 2.4-cü bənd birbaşa göstərilməsə belə iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu zaman, məhkəmə hesab edir ki, texniki inventarlaşdırma işlərinin həyata keçirilməsini aparan inzibati orqanın texniki sənədi həmin tarixdən sonra tərtib etməsi, koordinatlar və faktiki torpaq sahəsinə dair sxemi tərtib etməsi iddiaçının xeyrinə şərh edilməlidir. Çünki, texniki pasportun 2001-ci il tarixdən əvvəl və ya sonraya aid olması bir başa ilə görə fərqləndirmənin aparılması deməkdir ki, bu cür fərqləndirmə aparılması vətəndaşın hüquqlarının pozulmasına səbəb olur. Bu zaman texniki pasportun 2001-ci il tarixden əvvəl və ya sonra olması hüquq münasibətlərinin eyniliyi baxımından iddianın rəddi əsası qismində qiymətləndirilə bilməz. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin -1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda göstərilən normaların tələbindən də göründüyü kimi qanuni istifadəsindəki bağların, bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən halda iddiaçı əlavə torpaq sahəsinə mülkiyyət hüququna iddia irəli sürmək hüququna malik olan şəxsdir. Məhkəmə hesab edir ki, hazırkı işlə birbaşa əlaqədar olmasa da, mövqenin oxşarlığı baxımından formalaşmış məhkəmə təcrübəsinə əsasən 2009-cu ilin oktyabrın 1dən sonra yerli icra hakimiyyəti orqanları kirayə müqaviləsinə dair sərəncamlar Qanunun 8.0.11-ci maddəsində öz əksini tapmış Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı kimi qəbul edilərək hüquq münasibətinin 2009-cu ilin oktyabr 1-dək yaranması baxımından qiymətləndirilir və iddiaların təmini üçün əsas kimi müəyyən edilirsə, məhkəmə hesab edir ki, hazırkı halda da hər hansı fərqləndirmənin aparılması zərurəti olmamaqla, oxşar yanaşma tətbiq edilməlidir. Başqa sözlə bağ evinə dair texniki pasport hüquq münasibətinin yaranması baxımından 2001-ci ilin yanvar ayının 1-dək tərtib edilmiş texniki pasport xarakteri daşımaqla 2001-ci il tarixdən sonra tərtib edilsə də, mülkiyyət hüququnun müəyyən edilməsi üçün əsas qismində çıxış edir. Beləliklə, əlavə torpaq sahəsinə istər bələdiyyə qərarının mövcud olması, istərsə də həmin torpaq sahəsinin faktiki istifadədə olmasını özündə ehtiva edən texniki pasportun mövcudluğu baxımından iddia təmin edilməlidir. Odur ki, Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən (iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən bağ evinin texniki pasportunda olan) 655 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar iddia qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 655 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2487/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2487/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver