Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-249/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 27 avqust 1992-ci il tarixli 6 №-li protokoldan çıxarışa əsasən iddiaçıya mənzil tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...torpaq sahəsi X8 Kombinatı Sovxozunun ərazisində yerləşdiyindən həmin sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməlidir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisinə istinad, məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 X6 və həmkar ittifaqının 27 avqust 1992-ci ildə 6 №-li protokoldan çıxarışa əsasən fərdi evin tikintisi üçün ona ayrılmış sahədə 590 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydiyyata alınması çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin X2 21 avqust 1991-ci il tarixli, 433 №-li məktubunu təmin edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı ilə Zabrat qəsəbəsi 1347 saylı küçədə müəssisənin işçiləri üçün fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Uzun müddət müəssisədə işlədiyini, mənzilinin olmamasını və ev tikməyi üçün torpaq sahəsinin ayrılması barədə ərizəsini nəzərə alaraq X2 X6 və Həmkarlar İittifaqı Komitəsinin 27 avqust 1992-ci il tarixli 6 №-li Protokolundan çıxarışa əsasən ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Müəssisənin tərtib etdiyi sxemdə 2 nömrəli torpaq sahəsi ona ayrılmışdır. Ayrılmış torpaq sahəsi hazırda onun sahibliyimdə və istifadəsindədir. Həmin sahədə fərdi yaşayış evi tikmişdir. Lakin torpaq sahəsinə və onun üzərində tikdiyi fərdi yaşayış evinə bu günə kimi dövət qeydiyyatı barədə Çıxarış ala bilməmişdir. Cavabdehin qanunsuz imtinası onun mülkiyyət hüququnu pozur. Sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun ən vacib elementlərindən biri olan sərəncam hüququnun həyata keçirilməsindən məhrum edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən X2 27 avqust 1992-ci il tarixli 6 №-li iclasında iddiaçıya 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evləri inşa etmişdir. İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evləri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh torpaq sahəsinin X8 Kombinatı Sovxozunun ərazisində yerləşdiyindən həmin sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisinin təqdim edilmədiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin Zabrat X1 Təşkilatı və X6 27 avqust 1992-ci il 6 №-li qərarının, torpaq sahəsinin yerləşməsini əks etdirən sexmin əslini təqdim edir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı X3 işləmişdir. İddiaçının tədqim etdiyi sənədlər daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən qərar ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində bildirmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq hasar daxili 590,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evləri və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi üç hissəyə ayrılmışdır. Sahənin qərb yol boyu sərhəddindən 3.25 metr məsafədən 250 mm-lik qaz boru xətti keçir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi X8 Kombinatı Sovxozuna ayrılmış ərazinin hüdudları daxilində yerləşir.Google Earth proqramının təsvirlərinə əsasən faktiki sahə daxilində yerləşən fərdi evlər 2012-ci ildən izlənilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14 avqust 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq hasar daxili 590.0 m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evləri və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi üç hissəyə ayrılmışdır. Sahənin qərb yol boyu sərhəddindən 3.25 metr məsafədən 250 mm-lik qaz boru xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X8 Kombinatı Sovxozuna ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Google Earth proqramının təsvirlərinə əsasən faktiki sahə daxilində yerləşən fərdi yaşayış evləri 2012-ci ildən izlənilir. Məhkəmə torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması hissədə də, iddia tələbini əsaslı hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəainə hüquqmüəyyənedici sənədə malik olduğunda və torpaq sahəsi üzərində inşa edilmiş evlərin 2012-ci ilə inşa edilməsi müəyyən edildiyindən iddiaçıdan fərdi yaşayış evinə görə hər hansı əlavə sənəd tələb edilməsi yolverilməzdir. Həmçinin ekspert rəyi ilə, fərdi yaşayış evlərinin iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı ayrılmış sahədə 590 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydiyyata alınması çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-249/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-249/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver