Məhkəmə qərarları › İş №e-2-1(112)-2512/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2512/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2512/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı “qərarlarının ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli və xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli Qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 64402.66 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 64,402.66 manat, xərclərini 4,854.00 manat (o cümlədən, əmək haqqı 3,600.00 manat, sosial sığorta haqları 1,254.00 manat), vergiyə cəlb edilən gəliri 59,548.66 manat, gəlir vergisini isə 11,909.73 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M1 = G1 : ( 100 + R) x R. burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 64,402.66 (100 + 20) / 20 = 10,733.78 manat. Gəlir vergisi: 10,733.78 * 20% = 2,146.76. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Bir sözlə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2,146.76 manat olduğu halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan başqa iddiaçıya xx.xx.2023-cü il tarixli **********854100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin 4-cü rübünə Sadələşdirilmiş vergi üzrə 2666.12 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablama ilə bağlı qeyd edir ki, iddiaçı bir haldaki 2022-ci il üzrə Gəlir vergisinin ödəyicisi idi, bu zaman iddiaçıya həmin il üzrə sadələşdirilmiş verginin hesablanması qanunsuz olmuşdur.

3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023ci il tarixli №**********052800 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2022-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 9.762,97 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri" (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri" (1226.10-cu), “Rabitə xərcləri” (1226.1 l-ci), “Mühafizə xərcləri” (1226.12-ci), "Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (1230-cu), " Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 53668.88 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi"nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 3934 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturalann və alış aktlarının məbləği (455.47 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 4389.47 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (4389.47 manat) məbləğin müqayisəsi nəticəsində 49279.41 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023ci il tarixli №**********854100 qərara əsasən (hesabat növü: sadələşmiş vergi, hesabat dövrü 4-cü rüb 2022-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2.666,12 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, sadələşdirilmiş verginin bəyannaməsinin 804-cü "rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmi" (804.1-ci sətirdəki satışdankənar gəlirlər istisna olmaqla) sətri üzrə göstərilən 21352.00 manat məbləğ, bu dövr üzrə onlayn kassa aparatı ilə müəyyən edilmiş 88320.50 manat məbləğindən 66.968,50 manat azdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı vergi vergi ödəyicisi tərəfindən təqdim edilmiş, 2021-ci ilin 4-cü rübü və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə onlayn NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaitinə əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan gəlir vergisi üzrə kameral qaydada hesablama aparılmışdır və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair **********189500 nömrəli ƏDV bildirişi göndərilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********604700 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 2022-ci ilin noyabr-dekabr ayları üzrə onlayn nəzarət-kassa aparatı və bank məlumatları əsas götürülməklə 11909,73 manat ((64402,66-4854,00)*20%)) əlavə vergi məbləği hesablanmışdır. Hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********052800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir. Hesablanmış sadələşdirilmiş vergiyə münasibətdə isə bildirmək istəyirik ki, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsait barədə məlumat əsasən vergi ödəyicisinin dövriyyəsi 209565 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən 2022-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilmiş və bu hal kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri nəzərə alınmaqla yaranmış kənarlaşma ilə bağlı 2666,11 manat (133305,91*2%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********854100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Lakin 2022-ci ilin noyabr ayından etibarən vergi tutulan əməliyyatlarının həcmi vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçdiyindən, vergi ödəyicisinin mükəlləfiyyəti dəyişərək gəlir vergisi olmuşdur. Bu halda sözügedən dövr üzrə gəlir vergisi hesablaması 2022-ci ilin son 2 ayına - noyabr və dekabr aylarına münasibətdə həyata keçirilmişdir. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində aparılan əməliyyatlara görə isə əvvəlki qaydada sadələşdirilmiş vergi öhdəliyi davam etmişdir. Beləliklə, iddiaçının qeyd etdiklərinin əksinə, hər iki qərar üzrə vergi məbləğləri qanunamüvafiq qaydada hesablanmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində İddiaçı (VÖEN **********) məxsus, ünvan 1 ünvanında yerləşən obyekt (**********- 20002) tərəfimizdən onlayn kassa aparatı (S/N: F220320A********) ilə təmin edilmişdir. xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin müraciətinə əsasən kassa aparatı qeydiyyatdan çıxarılıb. Nəzərinizə çatdırırıq ki, kassa aparatı qeydiyyatdan çıxarıldıqdan sonra əməliyyatlar Operator tərəfindən saxlanılmır.

7. Məhkəmənin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğularına cavab məktublarında zəruri sənədlər qoşma şəklində təqdim edilməsi qeyd edilsə də, həmin məlumatlar təqdim edilməmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

İİ. İddianın növü və mümkünlüyü

10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

15. İddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli və xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarların ləğv edilməsidir.

16. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli qərarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının 2022-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 64.402,66 manat gəliri olduğu müəyyən edilir.

17. Mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranması ilə nəticələnmişdir.

18. Vergi orqanı tərəfindən mübahisələndirilən qərarla kameral vergi yoxlaması ilə 11.909,73 manat aşağıdakı kimi hesablanmışdır: 2022-ci il üzrə: - gəlirlərini 64.402,66 manat, - xərclərini 4.854,00 manat (o cümlədən əmək haqqı 3.600,00 manat, sosial sığorta haqları 1.254,00 manat), - vergiyə cəlb edilən gəliri 59.548,66 manat, - gəlir vergisini isə 11.909,73 manat.

19. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanının hüququdur. 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas kimi çıxış edir.

20. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

23. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz.

24. Belə ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığına görə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

25. İddiaçının 2022-ci il ərzində müəyyən edilmiş gəliri 64.402,66 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 64.402,66 manat : (100+20) x 20 = 10.733,78 manat Gəlir vergisi: 10.733,78 manat * 20 faiz = 2.146,76

26. Vergi Məcəlləsinin: 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

27. Beləliklə, iddiaçının vergiyə cəlb edilən gəlirləri 10.733,78 manat olmaqla həmin məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulmalı idi (10.733,78 x 20% = 2.146,76 manat).

28. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********052800 nömrəli qərara əsasən iddiaçının 2022-ci il ərzində müəyyən edilmiş 64.402,66 manat gəlirinə münasibətdə kameral vergi yoxlaması ilə 11.909,73 manat vergi hesablanmışdır (iddiaçının 2.146,76 manat vergi hesabladığını nəzərə alaraq, vergi orqanı tərəfindən əlavə hesablanmış (yayındırılmış) vergi məbləğinin 9.762,97 manat olduğu müəyyən edilmişdir).

29. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********052800 nömrəli qərar ləğv edilməlidir.

30. İddiaçının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları üzrə NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaiti barədə məlumata əsasən vergi ödəyicisinin dövriyyəsi 209565 manat olduğu müəyyən etmiş, vergi ödəyicisinin mükəlləfiyyəti dəyişərək gəlir vergisi olmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri nəzərə alınmaqla yaranmış kənarlaşma ilə bağlı 2666,11 manat (133305,91*2%) əlavə vergi məbləği hesablanmışdır.

31. Vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün məhkəmə tərəfindən həm cavabdehin aidiyyəti qurumuna, həm də "xxxx" MMC-yə sorğular göndərilmişdir. Lakin vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcminin vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçməsi barədə hər hansı sübüt təqdim edilməmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçı 2022-ci il üzrə Gəlir vergisinin ödəyicisi olduğu təqdirdə, eyni il üzrə barəsində sadələşdirilmiş verginin hesablanması onun hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir.

33. Beləliklə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərar ləğv edilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli və xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar