Məhkəmə qərarları › İş №e-2-1(112)-2524/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2524/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2524/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 06 iyun 2024-cü il tarixli qərarla iddiaçı barəsində vergi nəzarəti həyata keçirilmişdir. Reyestrdən çıxarışda yoxlamanın 06 iyun 2024-05 iyul 2024-cü il tarixləri əhatə etdiyi, cari fəaliyyətin yoxlanıldığı və yoxlamanın plandankənar olması aydın olur. Cavabdehin qərarında VM-nin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sahibkarlıq yoxlamaların vahid məlumat reyestrindən çıxarışda VM-nin 50.2.2-ci maddəsinə istinad edilmişdir. X2nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquq müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdehin istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasının zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri hansı məlumatlar əsasında həmin qərarın qəbul edilməsi əsaslandırılmamışdır. Diskresion səlahiyyətlərin məhz X2nin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. İnzibati orqan diskresion səlahiyyətə malik olmadığı və ya həmin səlahiyyəti düzgün istifadə etmədiyi halda inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanunsuz hesab edilir. Qeyd edilən əsaslar inzibati sahədə formalaşmış vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. İddiaçı tərəfindən 28 avqust 2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, yoxlama keçirildiyi dvördə təmir-bərpa işləri, texniki avadanlıqların yerləşdirilməsi kimi işlər aparılmışdır. İddiaçı faktiki olaraq fəaliyyət göstərməmimş, izahatlarla da bu öz təsdiqini tapmışdır. 9 nəfər işçidən 6 nəfər işçi ilə klinika işlə başladıqdan sonra müqavilə bağlanılmışdır. Bəzi şəxslərlə də əmək müaviləsi qarşılıqlı razılaşma olmadığından bağlanılmamışdır. 9 nəfər işçidən heç bir faktiki olaraq əmək funksiyasına cəlb edilməmişdir. Görülən işlər iş yeri və əmək funksiyaları işə ilkin tanışlıqdan ibarət olmuşdur. M.Mirabov izahatında klinikanın hazır olmadığını qeyd etmişdir. Vergi yoxlayıcıları bu halın aydınlaşdırılmasını aparmamışdır. Cavabdehin etirazında qeyd edilmişdir ki, klinikada yoxlama zamanı 9 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və nağd pul hesablaşmaların aparılması qaydasının pozulması faktı müəyyən edilmişdir. Buna uyğun olaraq vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarlar qəbul edilmişdir. Belə ki, 07 iyun 2024-cü il tarixdə müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 manat ödəniş edildiyi, lakin müştəriyə nəzarət kassa-aparatının çəkinin təqdim edilmədiyi müəyyən edilmiş, obyektdə xüsusi razılıq olmadan stomatoloji xidmətlə məşğul olunduğu, təsərrüfat subyektinin vergi orqanında qeydiyyatdan keçmədiyi, yeni nəsil kassa aparatının obyektdə quraşdırılmadığı, eyni zamanda 9 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunaraq rəsmiləşdirilmiş, iddiaçının direktoru qərar və çıxarışla tanış olaraq imza etsə də, tərtib olunmuş aktları imzalamaqdan imtina etmişdir. İddiaçının direktoru və işçilərin izahatları yoxlama zamanı alınmışdır. Adları qeyd edilən 9 nəfər işçidən 8 nəfəri ilə vergi nəzarəti tədbirindən sonra, 07 iyun 2024-cü il tarixdə saat 17:02- 18:12 aralığında əmək müqaviləsi bağlanılmış, sonradan 3 nəfər işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Digər 5 nəfər işçinin isə əmək müqaviləsi qüvvədədir. Bu hal sübut edir ki, həmin şəxslər iddiaçının həqiqətən də işçiləri olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, iddiaçı 9 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, əhali ilə pul hesablaşmlarının aparılması qaydalarının pozulması əsası ilə məsuliyyətə cəlb edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçıda X2nin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Yoxlanılan dövr cari fəaliyyətdir. X2nin keçirilməsi haqqında qərara əsasən X2nin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Yoxlama 06 iyun 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək dövrü əhatə etmişdir. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki zəruri sənədlərin, o cümlədən əmək müqaviləsi bildirişlərinin təqdim edilməsi tələb edilmişdir. Z.Əliyeva tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən otaq sanitarkası olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə bağlanılmamışdır. Həmin şəxs eyni zamanda iş vaxtı, ödənilməsi planlaşdırılan əmək haqqı və tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. M.Mirabov tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən stomatoloq olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, klinika hazır olmadığı üçün hazırda işləmir, bir-neçə gündür həm iş otaqlarına və avadanlıqlara baxmaq üçün gəlir. Həmin şəxs eyni zamanda iş vaxtı, ödənilməsi planlaşdırılan əmək haqqı və tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. M.Şirinova tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən alətlərin hazırlanmasında, yerləşdirilməsində-tibb bacısı kimi 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Həmin şəxs eyni zamanda 3 gün işləməsinə görə əmək haqqı almaması, ilkin olaraq 400 manat təyin olunacağını və tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. S.Səlimova tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən koordinator olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Həmin şəxs eyni zamanda qeyd etmişdir ki, 3 gündür alətlərin yerləşdirilməsi ilə bağlı işlədiyi üçün əmək haqqı danışılmamışdır. İlkin olaraq 350- 400 manat təyin olunacağını bildirmişdir. Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. F.Mirzəyeva tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən tibb bacısı olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Həmin şəxs eyni zamanda qeyd etmişdir ki, 3 gündür işlədiyi üçün əmək haqqı danışılmamışdır. İlkin olaraq 400 manat təyin olunacağını bildirmişdir. Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. V.Cəfərova tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən otaq sanitarkası olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. İşə götürüləcəyi təqdirdə əmək müqaviləsi bağlanıldıqdan sonra 350 AZN əmək haqqı ödəniləcəkdir. Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. A.Rəhimova tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən arxivçi olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Əmək haqqı barədə danışıq olmamışdır. İşə başladığı dövrdə əmək haqqı 300-350 arası olması planlaşdırılmışdır. Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. Həmçinin, şəxs bildirmişdir ki, Z.Əliyeva, V.Cəfərova 05 iyun 2024-cü il tarixdən işə başlamışdır. M.İsmayılzadə tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən tibb bacısı olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, işə təzə başladığı üçün iddiaçı ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. 450 manat əmək haqqı razılaşılmışdır. Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. Q.Nuriyeva tərəfindən verilmiş izahatda qeyd edilir ki, Ə.Səfərov tərəfindən xadimə olaraq 05 iyun 2024-cü il tarixdən vəzifəyə götürülmüşdür, avadanlıqların yerləşdirilməsi üçün təmizlik işlərinin görülməsi məqsədi ilə işə başlamışdır. Təmizlik işlərinə kömək edir.Həmin şəxs eyni zamanda, tanıdığı digər işçilər barədə məlumatları izahatında qeyd edərək izahatı imzalamış, izahatın doğruluğunun imzası ilə təsdiq edilməsi barədə qeyd izahata əlavə edilmişdir. İddiaçının direktoru izahatlarında qeyd etmişdir ki, klinikada stomatoloji fəaliyyət həyata keçirilir, hər növ stomatoloji fəaliyyət göstərilir, 05 iyun 2024-cü il tarixdən fəaliyyətə başlanılmışdır, lisenziya yoxdur, 05 iyun 2024-cü il tarixdə 2 nəfərə diş plomblama kimi stomatoloji xidmət göstərilmişdir. 07 iyun 2024-cü il tarixdə diş ağardılması işi görülüb. Diş plomblama üzrə 2 nəfərə hər biri 80 manatdan, 160 manat, diş ağardılması üzrə 30 AZN ödəniş edilmişdir. Bu müddət ərzində 190 manat gəlir əldə edilmiş, nəzarət kassa aparatına vurulmamışdır. Klnikada fəaliyyət üçün 9 nəfər işçi dəvət edilmişdir. Həmin şəxslər klinikada işləyirlər. 07 iyun 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, müşahidə zamanı 06 iyun 2024-cü il tarixdə saat 16:15-də müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 azn ödəniş edildi, lakin müştəriyə NKA-dan qəbz təqdim edilmədi. Bu fakt araşdırıldı və obyektdə xüsusi razılıq olmadan stomatoloji xidmətlə məşğul olduqları təsərrüfat subyektinin vergi orqanlarında qeydiyyatdan keçməməsi, yeni nəsil kassa aparatının obyektdə quraşdırılmaması və eyni zamanda, stomatoloji klinikada çalışan 9 nəfər işçinin əmək müqaviləsi olmadan işə, xidmətlərin yerinə yetirilməsinə cəlb olunması aşkar olundu. İddiaçının direktoru öz izahatında təsərrüfat subyektijnin vergi orqanlarında qeydiyyatda olmadığını, xüsusi razılıq olmadan stomatoloji xidmət göstərdiyini, işçilərlə əmək müqaviləsi bağlanılmadan iş və xidmətlərə cəlb olunduğunu, kassa aparatının quraşdırılmadığı barədə izahat verdi. Tərtib edilmiş aktları imzalamaqdan imtina etdi. Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərarından görünür ki, Səhiyyə Nazirliyinin AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protkolun tərtib edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan görünür ki, iddiaçı özəl tibbi fəaliyyət üzrə lisenziyanı 18 iyul 2024-cü il tarixdən almışdır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmaısna görə məsuliyyətə cəlb edilməsi haqqında 25 iyul 2024-cü il tarixli 2 qərarının ləğv edilməsi ilə əlaqədardır ki, **********8992 nömrəli qərardan görünür ki, vergi orqanı AR VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına istinadən 1000 manat məbləğində vergi ödəyicisinə məsuliyyət tədbiri müəyyən etmişdir. Məhkəmə hesab edir ki, iddia məhz həmin qərarın ləğvi hissəsində əsaslıdır. Bununla əlaqədar, aşağıdakıların qeyd edilməsi zəruridir: 50.1. X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -50.4. X2 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Göstərilən normalar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, əhalli ilə pul hesablaşma qaydalarının pozulmasına dair iddiaçının təqsiri müəyyən edilməmiş, vergi orqanı həmin təqsirin mövcudluğunu müəyyən etmədən VM-nin 58.7.1-ci maddəsinə istinadən qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilir ki, müşahidə aparan zamanı 06 iyun 2024-cü il tarixdə saat 16:15-də müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 AZN ödəniş edilmiş, lakin NKA qəbzi təqdim edilmmməmiş, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən stomatoloji xidmətlə məşğul olunmuş, təsərrüfat subyekti vergi orqanına qeydiyyatdan keçməmiş, yeni nəsil kassa aparatı obyektdə quraşdırılmamışdır. Buna dair iddiaçının direktoru vermiş olduğu izahatda diş restavrasiyası, diş ağardılması kimi xidmətlərin göstərilməsi, 05 iyun 2024-cü il tarixdə diş plombu üzrə hər müştəridən 80 manat, cəmi 160 manat, 07 iyun 2024-cü il tarixdə diş ağardılması üzrə 1 pasiyentdən 30 AZN, ümumilikdə 190 manat məbləğ əldə edildiyini, lakin həmin məbləğin kassa aparatına vurulmadığını qeyd etmişdir. Qeyd olunmalıdır ki, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1950/2022 saylı qərarı). Konstitusiya Məhkəməsinin göstərilən mövqeyi və qanunvericiliyin tələbləri də nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçının göstərilən formada etirafedici izahatının, eləcə də vergi orqanı tərəfindən tərtib edilmiş aktının əhali ilə pul hesablaşma qaydalarının pozuntusunun mövcudluğuna münasibətdə təqsirin müəyyən edilməsi baxımından hər hansı əhəmiyyəti mövcud olmamış, iş üzrə adıçəkilən pozuntuya münasibətdə təqsiri müəyyən edilməmişdir. Belə ki, əhali ilə pul hesablaşma qaydalarının həqiqətən də pozulması işin digər halları və sübutlarla müəyyən edilmir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının direktoru və vergi orqanı əməkdaşları və digər şəxslərin də vermiş olduğu şahid ifadələri ilə müəyyən edilir ki, tibbi xidmət əldə etdiyi iddia edilən şəxs və ya şəxslər barəsində, onların kimliyi, şəxsiyyətini müəyyən edən hallar barəsində hər hansı məlumat mövcud olmamış, həmin məlumatlar təkcə iddiaçının direktorunun izahatına istinad edilməklə qeyd edilmiş, klinikada göstərilən növ tibbi xidmətin göstərilməsi, göstərilmiş tibbi xidmətdən sonra kassa çekinə məbləğin vurulması və s müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama cari dövrü əhatə etdiyindən, məhz yoxlamanın aparıldığı müddət üzrə əhali ilə pul hesablaşma qaydalarının pozuntusunun müəyyən edilməsi məsuliyyət tədbirinin tətbiqinə əsas ola bilər. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-817/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə xidmət göstərildiyi qeyd edilməmişdir. Eyni zamanda xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Eləcə də digər bir 2-1(102)-1442/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da qeyd edilmişdir ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kimliyi, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarından da göründüyü kimi obyektin qeydiyyatı ərizəsinin qəbul olunması haqqında bildiriş 06 iyun 2024-cü il tarixlidir və uçota alınma barədə arayış 07 iyun 2024-cü il tarixlidir. Qeyd olunmalıdır ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarətkassa aparatlarının (bundan sonra – NKA) meyarları, uçotu, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 2.1. Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərindən istifadə olunur. 2.8. NKA çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və Operator tərəfindən göndərilmiş pin kod İstifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər. 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. Qeyd olunur ki, həmin Qaydaların tələblərinə uyğun olaraq vergi orqanı və vergi ödəyicisi arasında nəzarət kassa aparatının istifadəsi və digər aidiyyəti münasibətlər, eləcə kassa aparatının quraşdırılmasına dair mövcüd münasibətlər konkret olaraq öz təsbitini tapmışdır ki, təsərrüfat subyektinin uçotu proseduru başa çatmadan, tibbi fəaliyyətin görülməsi prosesi başladılmadan nəzarət kassa aparatının quraşdırılmalı olmasından, çekin vurulmalı olmasından söhbət gedə bilməz. Göstərilən səbəbdəndir ki, əhali ilə pul hesablaşma qaydalarınının pozuntusu istər çekin vurulmalı olmasına dair tibbi xidmətin kimə göstərilməsi müəyyən edilməməsi, eləcə də kassa aparatının quraşdırılmalı olmamasına münasibətdə iddianı qərarın ləğvinə münasibətdə qanuni və əsaslı edir. Lakin, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən şəxslərin əmək fəaliyyətinə cəlb edilməsinə münasibətdə qəbul edilmiş qərarın ləğv edilməsinə münasibətdə iddia əsassız hesab edilməlidir. Gəlinən nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar [3]

2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsuliyyətə cəlb edilməsi üçün əsasdır ki, məhkəmə də hesab edir ki, fiziki şəxslər tərəfindən işlərin yerinə yetirilməsi cəlbi də müəyyən edilməkdədir. Bununla bağlı olaraq, qeyd olunmalıdır ki, istər iddiaçının direktorunun, əmək müqaviləsinə cəlb edildiyi iddia edilən fiziki şəxslərin məhkəmə iclasında izahatında, eləcə də rayon məhkəməsinin iddiaçı barəsində inzibati xəta icraatı üzrə icraata xitam verilməsinə dair qərarında tibbi fəaliyyətin göstərilməməsinə istinad edilir. Halbuki, nəzərə alınmalıdır ki, vergi ödəyicisi tərəfindən şəxsin hər hansı işlərə cəlb edilməsi anlayışı ilə, mütləq qaydada əmək funksiyalarına bütünlükdə aid olan işlərin yerinə yetirilməsinə yönələn cəlb anlayışı fərqləndirilməlidir. Başqa sözlə iddiaçı tərəfindən tibbi fəaliyyətin operativ vergi yoxlaması dövründə həyata keçirilə bilməməsi, iddiaçının fəaliyyətinin həyata keçirilməsinə yönələn şəxslərin fəaliyyətə cəlb edilməsini legitim etməkdədir. Nəzərə alınmalıdır ki, Məcəllədə nəzərdə tutulan əmək münasibətləri anlayışı, özündə təkcə əmək funksiyalarının bütünlükdə icrasını yox, özündə eyni zamanda digər münasibətləri də ehtiva edir. Bütünlükdə də olmasa da, X2nin müəyyən hissəsinin aparılmasının şahidi olunmasına imkan verən videoçəkiliş materialından da görünür ki, klinikada olan şəxslər müəyyən formada olmuş, məhz diş plombunun qoyulması, dişin ağardılması kimi tibbi fəaliyyətdə iştirakı müəyyən edilməsə, əmək funksiyalarının bütünlükdə icrasının həyata keçirilməsi aşkar olmasa belə, iddiaçı ilə artıq əmək münasibətlərində iştirak etmişdir. Bu isə, o deməkdir ki, əmək münasibətlərinin iştirakçısı kimi həmin şəxslərin, işə faktiki başladığı gündən əmək haqqı və digər güzəştlər tələb etmək hüququ yaranmışdır. Məhz göstərilən səbəbdəndir ki, tibbi avadanlıqların iddiaçının direktorunun və digər şəxslərin dediyi kimi tam quraşdırılmalı olması kimi hallar əmək münasibətinin tərəfi kimi şəxsin güzəşt və imtiyazlarına hər hansı təsiri müəyyən edilmir. Ümumiyyətlə qeyd edilməlidir ki, əmək müqaviləsi qüvvəyə minmədən işlərin cəlb edilməsinə yönəlmiş halların müəyyən edilməsinə yönələn X2 təkcə dövlət büdcəsinə yönəlmiş ödənişlərin edilməsinə nəzarət yox, eləcə də ictimai -əmək münasibətlərinin tərəfi olan faktiki işlər görülən şəxslərin mənafelərinin qorunmasına xidmət edir. Bu isə özündə onu ehtiva edir ki, indiki halda klinikada işə gələn, forma ilə təchiz edilən, vaxtını məhz əmək funksiyalarının bir qismini görən və ya görəcəyi şəxsin əmək haqqının, güzəşt və imtiyazlarının, məzuniyyət və digər xarakterli hüquqlarının realizəsi üçün əhəmiyyətli olan vaxt kəsiyinin müəyyən edilə bilsin. İddiaçının direktorunun mövqeyi ilə qeyd edildikdə, adıçəkilən tibbi avadanlıqlar quraşdırılmayanadək hər gün işə gələn, əmək münasibətlərində artıq iştirak edən, müvafiq tibbi forma ilə təchiz edilən şəxs işə başlamamış, əmək haqqısı məhz göstərilən tarixdən ödənilməməli olan şəxslərdir. Halbuki, Vergi Məcəlləsinin 58.10-cu maddəsi, eləcə də Əmək Məcəlləsinin əmək münasibətlərinin anlayışından aydın olur ki, fiziki şəxslərin məhz hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əmək müqaviləsi qüvvəyə minmirsə hər bir halda məsuliyyət yaradır. Ən azından əmək müqaviləsi qüvvəyə minmədən işlərin cəlb edilməsinə yönələn şəxslərdən birinin xadimə olması klinikada tibbi fəaliyyətin olub-olmamasından asılı olmadığını özündə birbaşa ehtiva edir. Belə ki, əmək funksiyalarının xarakteri baxımıdnan xadimənin görmüş olduğu işin xarakteri bəllidir və klinikada tibbi fəaliyyətin göstərilibgöstərilməməsi, avadanlıqların quraşdırılıb-quraşdırılmaması onun görmüş olduğu işlər üzrə əmək müqaviləsi bağlanılmamasına təsir etmir. Həmin obyektdə hər hansı tibbi fəaliyyət göstərilməsə belə görmüş olduğu iş üzrə nəinki geniş mənada əmək münasibətinin iştirakçısı, hətta əmək funskiyalarını həyata keçirən şəxs kimi əmək münasibətinin iştirakçısı kimi həmin şəxs onunla əmək müqaviləsi bağlanılmalıdır. Təsadüfi deyildir ki, X2 tədbirindən qısa müddət sonra əmək müqavilələrinin bağlanılması həyata keçirilmişdir ki, yoxlamanın məqsədlərindən biri də məhz elə həmin müqavilələrin bağlanılmasına yönəlmişdir. Bu səbəbdəndir ki, göstərilən istiqamət üzrə iddiaçıya münasibətdə qəbul edilən qərar qanuni və əsaslı hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı X4” MMC barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli **********8992 saylı qərarı ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar