Məhkəmə qərarları › İş №e-2-1(112)-2525/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2525/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2525/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” (üçüncü şəxslər: X6, X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” (üçüncü şəxslər: X6, X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyevə ünvanlanmış 18/03-8/1873 nömrəli xx.xx.1994-cü il tarixli məktubda göstərilmişdir ki, “...Sizin xx.xx.1994-cü il tarixli, 39 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı barədə qaldırdığınız məsələnin qanun çərçivəsində baxılmasına etiraz etmirik.” Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli aktda göstərilmişdir: “Biz, aşağıda imza edənlər Suraxanı rayon İHnin Təsərrüfat şöbəsinin müdiri M.Tağyev, memar Z.Əhmədov, Qaraçuxur qəsəbə İHB-nın nümayəndəsi F.Süleymanovun iştirakı ilə Bakı şəhər İHB-nın 16 iyul 2003-cü il tarixli 7- 3713/17 saylı razılıq məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsində 1000,0 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü apardılar. Torpaq sahəsi yaşayış evi tikmək üçün verildi: İddiaçı.” İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, “…torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixli cavabı ilə müraciəti əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı Rayonu Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1873 saylı, xx.xx.1994-cü il tarixli məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsi, 21 saylı binanı arka hisssəsində fərdi yaşayış evinin tikinti məqsədi 1000,0 kv.m torpaq sahəsi ayrılmış və İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Fərdi yaşayış evinin tikiliməsi ilə bağlı müvafiq layihələr hazırlamış və təsdiq edilmişdir. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı qeyd olunan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və torpaq vergisini vaxtı-vaxtında ödəmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsi üzərində mövcud qanunvericiliyə əsasən məhdudiyyətsiz kadastr və reyestr qeydiyyata alınmasını xahiş etmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə görə bu səlahiyyətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı Şəhər şöbəsinə aid olduğunu və həmin orqana müraciət edilməsi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabı ilə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında” nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən və ərizəyə əlavə edilmiş sənədlər surət olduğu adı altında müraciətinə imtina verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq arxiv sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində saxlanıldığından hüquqmüəyyənedici sənədlərin tələb edilməsi tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5, X6 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə ********** nömrəli ərizə ilə ƏMDX, iddiaçı X2 iddiasına dair 2-1(112)-15374/2023 saylı inzibati işlə bağlı ********** nömrə ilə Bakı İnzibati Məhkəməsinin (iddia ərizəsi vəsatət əsasında geri qaytarılmış), ********** və ********** nömrəli ərizələr ilə X1, ********** nömrəli ərizə ilə X2 müraciətləri daxil olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, torpaq sahəsinin ayrılması ilə bağlı qərarın olmaması iddiaçının təqsiri deyil. Qanunda iddiaçıya münasibətdə belə bir vəzifə nəzərdə tutulmamışdır. Torpaq sahəsinin verilməsi ilə bağlı akt var, situasiya planı tərtib edilmiş, müvafiq Dövlət orqanları tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsi hasar daxilində yerləşir, boş sahədir. Əvvəllər zibillik ərazi olmuşdur. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 iddianı qəbul etməyərək, bildirmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı qərar yoxdur. xx.xx.2003-cü il tarixli akt Suraxanı Rayon İcra Hakimiyyətində yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyevə ünvanlanmış 18/03-8/1873 nömrəli xx.xx.1994-cü il tarixli məktubda ziddiyyət var. Belə ki, həmin vaxt Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev olmamışdır. Həmin məktubun kserosurəti iddiaçıdan alınmışdır. Həmin məktub ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Prokurorluğa müraciət olunmuşdur. Sonda E.H.Zahirli iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi, həmçinin digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin, həmçinin digər üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi, qanunverici müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarı hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. İddiaçı iddia olunun daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli akta istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli akt yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə qərarı əvəz edə bilməz. Bundan başqa, hətta həmin akt torpaq sahəsinin ayrılması ilə bağlı qərarı əvəz edən sənəd kimi qəbul edilsə idi belə, yenə də bu hal hüququn qeydiyyatı üçün əsas olmazdı. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunverici müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarı hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Yerli icra hakimiyyəti başçısının 2003-cü ildə torpaq sahələrinin ayrılması ilə bağlı səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Məhkəmə iddiaçının iddia ərizəsində, üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1873 nömrəli xx.xx.1994-cü il tarixli məktubu ilə bağlı ilk növbədə bildirir ki, həmin məktub hüququn qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənəd deyil. Bundan başqa, həmin məktubun mötəbərliyini şübhə altına alacaq məqam mövcuddur. Belə ki, həmin məktubdan görünür ki, məktub Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyevə ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli 5-20/2-309/2025 nömrəli məktubla bildirilmişdir ki, 2000-ci ildən 2005-ci ilədək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində X9, eyni zamanda Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində mərhum X3 işləmişdir. Göründüyü kimi, məktubun tarixi xx.xx.1994-cü il tarix olsa da, məktubun ünvanlandığı vəzifəli şəxs (N.Mehdiyev) 2000-ci ildən 2005-ci ilədək Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 98 nömrəli Fərmanı ilə X4 Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Üçüncü şəxsin nümayəndəsi həmin məktub ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Prokurorluğa müraciət olunduğunu bildirmişdir. İddiaçının istinad etdiyi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli akt və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1873 nömrəli xx.xx.1994-cü il tarixli məktubu hüququn qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd kimi çıxış etmədiyindən, iddiaçının hazırkı tələbi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar