Məhkəmə qərarları › İş №e-2-1(112)-2557/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2557/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2557/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş əlavə dəyər vergisinin və gömrük rüsumunun geri qaytarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı məhkəməyə müraciət edərək, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyinin cavabdeh gömrük orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) tərəfindən Çin Xalq Respublikasından ümumilikdə 20450 ədəd SCHUAR ticarət nişanlı projektor və hissələri idxal edilmiş və həmin malların invoys dəyəri 60,275.98 ABŞ dolları (102,469.17 AZN) olmuşdur. Lakin həmin malların idxalı zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli gömrük bəyannaməsində malların gömrük dəyəri və ona uyğun hesablanmış rüsum və vergilər aşağıdakı kimi əks olunmuşdur: Gömrük dəyəri: 220,500.20 manat. Gömrük rüsumu: 220,500.20 * 15% = 33,075.03 manat. ƏDV: (220,500.20 + 33,075.03) * 18% = 45,643.54 manat. Halbuki, rüsum və vergilər invoys dəyəri nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalı idi: İnvoys dəyəri: 102,469.17 manat. Gömrük rüsumu: 102,469.17 * 15% = 15,370.37 manat. ƏDV: (102,469.17 + 15,370.37) * 18% = 21,211.12 manat. Göründüyü kimi, gömrük orqanı idxal olunmuş mallara görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rüsumunu 17,704.66 manat, ƏDV-ni isə 24,432.42 manat artıq hesablamış və həmin vəsait ödəyici tərəfindən səhv hesablama nəticəsində artıq ödənilmişdir. Bundan başqa, ödəyici tərəfindən Çin Xalq Respublikasından ümumilikdə 100445 ədəd SCHUAR ticarət nişanlı projektor və hissələri, 92500 ədəd SCHUAR ticarət nişanlı işıq saçan diod lampaları və 12000 ədəd SCHUAR ticarət nişanlı projektorların hissələri idxal edilmiş və həmin malların invoys dəyəri ümumilikdə 38,523.81 ABŞ dolları (65,490.48 AZN) olmuşdur. Lakin həmin malların idxal zamanı tərtib edilmiş xx.xx.2023cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsində malların gömrük dəyəri və ona uyğun hesablanmış rüsum və vergilər aşağıdakı kimi əks olunmuşdur: Projektorlar və hissələri: Gömrük dəyəri: 34,596.70 manat. Gömrük rüsumu: 34,596.70 * 15% = 5,189.50 manat. ƏDV: (34,596.70 + 5,189.50) * 18% = 7,161.52 manat. LED lampaları və projektor hissələri: Gömrük dəyəri: 127,688.7 manat. Gömrük rüsumu: 127,688.7 * 5% = 6,384.44 manat. ƏDV: (127,688.7 + 6,384.44) * 18% = 24,133.17 manat. Halbuki, rüsum və vergilər invoys dəyəri nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalı idi: Projektorlar və hissələri: İnvosy dəyəri: 29,042.85 manat. Gömrük rüsumu: 29,042.85 * 15% = 4,356.43 manat. ƏDV: (29,042.85 + 4,356.43) * 18% = 6,011.87 manat. LED lampaları və projektor hissələri: İnvoys dəyəri: 36,447.63 manat. Gömrük rüsumu: 36,447.63 * 5% = 1,822.38 manat. ƏDV: (36,447.63 + 1,822.38) * 18% = 6,888.60 manat. Göründüyü kimi, gömrük orqanı idxal olunmuş mallara görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rüsumunu 5,395.13 manat, ƏDV-ni isə 18,394.22 manat artıq hesablamış və həmin vəsait ödəyici tərəfindən səhv hesablama nəticəsində artıq ödənilmişdir. Bir sözlə, xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannamələri üzrə 17,704.66 manat gömrük rüsumunu, 24,432.42 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5,395.13 manat gömrük rüsumu, 18,394.22 manat ƏDV, ümumilikdə 23,099.79 manat gömrük rüsumu, 42,826.64 manat ƏDV səhv hesablama nəticəsində ödəyici tərəfindən artıq ödənilmişdir. Qeyd olunan artıq ödəmələrin geri qaytarılması və müvafiq rəyin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixli ərizələr ilə cavabdeh gömrük orqanına müraciət etsək də, müraciətlərimizə bu günədək hər hansı cavab verilməmişdir. Hesab edir ki, gömrük orqanı tərəfindən səhv hesablanmış və iddiaçı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. İddiaçının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində aşkar olunan risklərin minimallaşdırılması üçün **********6685 və **********7527 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair GDD********** və GDD********** saylı Bildirişlər iddiaçıya göndərilmiş və bəyannamələr müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. 31 iyul 2023-cü il tarixdə iddiaçı ondan tələb olunan düzəlişləri etdiyi, gömrük ödənişlərini ödədiyi üçün idxal olunan mallar həmin gün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi başa çatmışdır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Göründüyü kimi iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə etməyərək yuxarı gömrük orqanına yaxud məhkəməyə müraciət etməmiş, cavabdehin təqdim etdiyi bildirişlə razılaşaraq orada göstərilən gömrük dəyərini bəyannamədə düzəliş aparmaqla bəyan etmiş və gömrük ödənişlərini ödəmişdir. Xüsusilə qeyd etməliyik ki, bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçının dövlət büdcəsinə ödədiyi gömrük ödənişlərinin səhvən hesablandığını iddia etməsi üçün heç bir əsası yoxdur. Eyni zamanda, qeyd edilən gömrük bəyannaməsi üzrə araşdırma aparılan zaman tərəfimizdən heç bir artıq ödənilmiş məbləğ müəyyən edilməmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”nın: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

9. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

10. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir, hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. İddiaçı gömrük rəsmiləşdirilməsi zamanı tərəfindən artıq ödənilmiş ƏDV məbləğinin və gömrük rüsumunun geri qaytarılması barədə qərar və rəyin verilməsini xahiş edir.

12. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

13. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

14. Yeni məzmunda 12.4-cü maddə 27 dekabr 2022-ci il tarixli 775-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

15. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

16. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

17. Beləliklə, hazırda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsindədir. Odur ki, məhkəmə qeyd edir ki, malların gömrük dəyərinin müəyyən edilməsi zamanı qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır.

18. Cavabdeh qurumun əsas dəlili gömrük ödənişlərinin hesablanması zamanı səhvə yol verilməməsi ilə bağlıdır.

19. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir.

20. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır.

21. Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.).

22. Qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır.

23. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən edilməmişdir.

24. Məhkəmə nəzərə alır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

25. Məhkəmə qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir.

26. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir.

27. Məhkəmə hesab edir ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli idi və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

28. Gömrük Məcəlləsinin: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

29. Göründüyü kimi iddiaçının **********6685 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023cü il tarixə, **********7527 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixə təsadüf edir.

30. Məhkəmə qeyd edir ki, qeyd edilən 1 (bir) illik müddət ödəyicinin pozulmuş hüquqlarının bəyanı üçün qanunvericiliklə müəyyən edilmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Müraciətinin cavabdehə göndərilməsindən 30 gündən artıq müddətin keçməsinə baxmayaraq heç bir cavabın verilmədiyi səbəbindən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmişdir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X2 gömrük rəsmiləşdirilməsi zamanı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtibedilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı gömrük rəsmiləşdirilməsi zamanı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar