Məhkəmə qərarları › İş №e-2-1(112)-2560/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2560/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2560/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanlarında yerləşən torpaq sahələrinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən, sahəsi 0,38 hektar təşkil edən torpaq sahəsinin və ünvan 3 ünvanında yerləşən, ölçüsü 0,38 hektar təşkil edən torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci tarixli, 10 nömrəli qərarına əsasən X6 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0,4 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi ünvan 4 ünvanı üzrə xx.xx.2004-cü il tarixli 24100 nömrəli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. X9 xx.xx.2004-cü il tarixli, 233958 nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən 112 nömrəli torpaq sahəsi və onun üzərindəki 14.2 m2 ölçüdə fərdi yaşayış evini X1. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixli, 235850 nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X15 həmin yaşayış evini X19 X18 satmışdır. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sonra həmin şəxsin adına xx.xx.2020-ci il tarixli, **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X19 X21 14.8 m2 ölçüdə fərdi yaşayış evini İddiaçı (bundan sonra - "İddiaçı") satmışdır. İddiaçının fərdi yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ, 112 nömrəli torpaq sahəsi üzərində isə istifadə hüququ xx.xx.2020-ci il tarixli **********89-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışla 112 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlətə məxsus olması göstərilmişdir. Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci tarixli, 10 nömrəli qərarına əsasən X8 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0,4 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi ünvan 5 ünvanı (bundan sonra – “114 nömrəli Torpaq Sahəsi”) üzrə xx.xx.2004- cü il tarixli 24135 nömrəli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. X12 xx.xx.2004-cü il tarixli, 233958 nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqaviləyə əsasən 112 nömrəli torpaq sahəsi və onun üzərindəki 13.3 m2 ölçüdə fərdi yaşayış evini X2. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixli, 235851 nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X16 həmin yaşayış evini X19 X18 satmışdır. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında həmin şəxsin xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sonra həmin şəxsin adına xx.xx.2020-ci il tarixli **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X19 X21 13.3 m2 ölçüdə fərdi yaşayış evini iddiaçıya satmışdır. İddiaçının fərdi yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ, 114 nömrəli torpaq sahəsi üzərində isə istifadə hüququ xx.xx.2020-ci il tarixli **********85-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışla 114 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlətə məxsus olması göstərilmişdir. İddiaçı 112 və 114 nömrəli torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - "Cavabdeh") müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla “Qağayı” sanatoriyasının ərazisidir. Həmçinin texniki pasportun baş planında göstərilən qeydiyyatdan keçmiş fərdi yaşayış evi faktiki mövcud olmadığından eləcə də, perimetrik ölçülərdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, qeyd olunan torpaq sahəsi İddiaçı və digər şəxsin (X17) adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin torpaq sahələri ilə ümumi hasar daxilində yerləşir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı və torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. X4 müvafiq qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən normadan artıqdır. Məlumat üçün bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sözügedən ərazinin “Qağayı” pioner düşərgəsinin ərazisində yerləşdiyi və faktiki olaraq zibilxana olduğu müəyyən edilmişdir. Həmçinin göstərilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 4000.0 kv.m qeyd edilsə də, faktiki 11548.0 kv.m təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və iş üzrə cəlb olunmuş üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tələbin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı faktiki ölçüdə deyil, alqı-satqı müqavilələri üzrə əldə etdiyi fərdi yaşayış evlərinin yerləşdiyi 0,38 hektar torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasını istəyir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın mzəmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Bilgəh bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv idarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən məhv edildiyindən tələb olunan sənədlərin surətlərini təqdim etmək mümkün deyil. Müvafiq sorğu ilə cavabdeh qeydiyyat orqanından İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanın arxiv qovluğunda saxlanılan sənədlərin, iddia olunan 112 və 114 nömrəli torpaq sahələrinin “Qağayı” sanatoriyasının ərazisi olmasını təsdiq edən edən sənədlərin, qeyd olunan torpaq sahələrinin koordinatları və döngə nöqtələrinin, həmçinin torpaq sahələrinə texniki baxış keçirilməsinə dair müayinə aktının, o cümlədən, iddiaçının mülkiyyətində olan 112 və 114 nömrəli evə bitişik (qonşuluqda olan) və dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin reyestr nömrələri göstərilməklə həmin torpaq sahələrinin ilkin qeydiyyatı üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən sözügedən ərazi “Qağayı” sanatoriyasının ərazisidir. Məktubda qeyd olunan Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, ev 112 və 114 ünvanının arxiv qovluğundakı sənədlərin və sözügedən torpaq sahəsinə bitişik (qonşuluqda olan) yerləşən torpaq sahələrinə dair ilkin sənədlərin təsdiq edilmiş surətləri və ərazinin ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir: -Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli, 10 №-li qərarından çıxarışın surətindən görünür ki, Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli protokoluna əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün Bilgəh qəsəbəsindən 0.40 ha torpaq sahəsi ayrılmışdır. -X13 sədrinin imzası və möhürü ilə təsdiq olunan xx.xx.2001-ci il tarixli 82 nömrəli arayışdan görünür ki, X5 Bilgəh Zəfəran sovxozunun torpaq sahəsində şəxsi mülkiyyət hüququ əsasında fərdi yaşayış evi vardır, göstərilən evin başı bağlı deyil, məhkəmə mübahisəsi yoxdur. Qeyd olunan arayış RDTİ və MHQİ-nə X5 adına rəsmiləşdirilməsi üçün verilmişdir. -X9 (satıcı) ilə X16 (alıcı) arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 233958 №-li notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, satıcı xx.xx.2004-cü il tarixli, 24100 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, ev 112 ünvanında 4000.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evini alıcıya satmışdır. -X16 (satıcı) ilə X22 X23 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 235850 nömrəli notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, satıcı xx.xx.2004-cü il tarixli, 24100 №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, ev 112 ünvanında 4000.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evini alıcıya satmışdır. -Texniki inventarlaşdırma orqanı tərəfindən tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan və ona əlavə edilmiş torpaq sahəsinin planından görünür ki, A.Salahzadə küçəsi, döngə 9, 112 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 4000.0 kv.m təşkil edir. -Abşeron rayon X3, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 24100 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X19 X14 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nın xx.xx.2004-cü il tarixli, 4Ə/- 1198 №-li alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X19 X14 mülkiyyət hüququ qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X19 Mohd Rəsool mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli, 10 №-li qərarından çıxarışın surətindən görünür ki, X8 fərdi yaşayış evinin tikintisi üçün Bilgəh qəsəbəsindən 0.40 ha torpaq sahəsi ayrılmışdır. -X13 sədrinin imzası və möhürü ilə təsdiq olunan xx.xx.2001-ci il tarixli 83 nömrəli arayışdan görünür ki, X7 Bilgəh Zəfəran sovxozunun torpaq sahəsində şəxsi mülkiyyət hüququ əsasında fərdi yaşayış evi vardır, göstərilən evin başı bağlı deyil, məhkəmə mübahisəsi yoxdur. Qeyd olunan arayış RDTİ və MHQİ-nə X7 adına rəsmiləşdirilməsi üçün verilmişdir. -X12 (satıcı) ilə X16 (alıcı) arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 233960 №-li müqavilənin təsdiq edilmiş surətindən görünür ki, satıcı ******* №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, ev 114 ünvanında yerləşən yaşayış evini alıcıya satmışdır. -X16 (satıcı) ilə X22 X23 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 235851 №-li müqavilənin təsdiq edilmiş surətindən görünür ki, satıcı 24135 №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, ev 114 ünvanında 4000.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evini alıcıya satmışdır. -Texniki inventarlaşdırma orqanı tərəfindən tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan və ona əlavə edilmiş torpaq sahəsinin planından görünür ki, A.Salahzadə küçəsi, döngə 9, 114 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 4000.0 kv.m təşkil edir. -Abşeron rayon X3, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 24135 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X19 X14 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nın xx.xx.2004-cü il tarixli, 4Ə/- 1197 №-li alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X19 X14 mülkiyyət hüququ qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X19 Mohd Rəsool mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən əmlaklar ünvan 2 və ev 114 ünvanında yerləşən torpaq sahələridir. İddiaçı qeyd olunan ünvanlarda yerləşən, ilkin olaraq Bilgəh bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı əsasında X6 və X8 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərini sonuncu mülkiyyətçi X19 X23 ilə arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən almış və həmin fərdi yaşayış evləri üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. İddiaçı hazırda həmin fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi dəlillər aşağıdakılardır: -Hər iki torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmaqla, “Qağayı” sanatoriyasının ərazisində yerləşməsi, -İddiaçının adına qeydiyyata alınmış fərdi yaşayış evləri mövcud olmadığından texniki pasportun baş planında göstərilən perimetrik ölçülərdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, -Torpaq sahələrinin alqı-satqı aktı və yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgisinin) təqdim edilməməsi, -Torpaq sahələrinin ayrılmasına dair Bilgəh bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmçinin torpaq sahələrinin ölçüsünün normadan artıq olması, -Torpaq sahələrinin iddiaçı və digər şəxsin adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsi, -Torpaq sahələrinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüləri arasında uyğunsuzluğun olması. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Hazırkı halda iddiaçının əsaslandığı bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 10 nömrəli qərarları geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmişdir. Cavabdehin elektron kadastr məlumatlarına əsasən hər iki torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmaqla, “Qağayı” sanatoriyasının ərazisində yerləşməsi, həmçinin torpaq sahələrinin ayrılmasına dair Bilgəh bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, torpaq sahəsinin ayrılmasına dair alqı-satqı aktının təqdim edilməməsi və torpaq sahəsinin normadan artıq ayrılmasına dair imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Əvvəla, cavabdeh iddia olunan torpaq sahələrinin dövlət mülkiyyəti torpağı olmasına və “Qağayı” sanatoriyasının ərazisində yerləşməsinə dair heç bir tutarlı dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli qərarı ilə Ə.Camalova və L.Əliyevaya fərdi yaşayış evinin tikintisi üçün 0,40 hektar torpaq sahələri ayrılmış, həmin sənəd cavabdeh qeydiyyat orqanı tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilərək üzərində inşa edilmiş fərdi yaşayış evləri mülkiyyət hüququ ilə hər iki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan sözügedən fərdi yaşayış evləri müxtəlif tarixli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında başqa şəxslərin, son olaraq xx.xx.2020-ci il tarixdə iddiaçının adına özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı məhz həmin alqı-satqı müqavilələri üzrə özgəninkiləşdirilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində hüquqların qeydiyyatına iddia edir. Məhkəmə qeyd edir ki, həmin evlərin üzərində mülkiyyət hüququnu qeydiyyata almaqla onun yerləşdiyi torpaq sahələrinin qanuni istifadədə olmasını cavabdeh qeydiyyat orqanı tərəfindən də mübahisəsiz hal kimi qəbul olunmasını ehtiva edir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının istifadəsində olan torpaq sahəsinə dair bələdiyyə qərarının hüquqmüəyyənedici sənəd kimi qəbul edərək onun üzərində inşa edilmiş fərdi yaşayış evlərini ayrı-ayrı ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata almaqla öz inzibati praktikasını yaratmışdır. Lakin eyni faktiki və hüquqi hallara (hüquqmüəyyənedici sənədlərə) istinad edən iddiaçıya fərqli münasibət göstərməklə onun qanunla qorunan etimad hüququnu pozmuşdur. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.” Bu baxımdan, inzibati icraatın gedişində torpaq ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsi iddiaçının təqsiri ilə bağlı məsələ deyil və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. Həmçinin yuxarıda qeyd olunduğu kimi cavabdeh qeydiyyat orqanı tərəfindən Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli qərarları hüquqmüəyyənedici sənəd kimi qəbul edilərək daşınmaz əmlak üzərində qeydiyyat hərəkətlərini aparıldığından, hazırkı halda iddiaçı etimadın qorunması prinsipinə isitnad edə bilər. Torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgisinin) təqdim edilməməsinə, eləcə də göstərilən torpaq sahəsinin digər şəxsin adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsi, habelə torpaq sahələrinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüləri arasında uyğunsuzluğun olması ilə bağlı dəlillərə münasibətdə bildirilir ki, nəzərə almaq lazımdır ki, iddiaçı məhz X6 və X8 Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 10 nömrəli qərarları əsasında ayrılmış torpaq sahələri üzərində inşa edilmiş və alqı-satqı müqaviləsi ilə əldə etdiyi fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına iddia edir. Hansı ki, həmin evlərə dair texniki inventarlaşdırma idarəsi tərəfindən tərtib edilmiş texniki pasportlarında evlərin yerləşdiyi torpaq sahələrinin plan sxemi mövcuddur və həmin texniki sənədlərdə torpaq sahələrinin ölçüsünün bələdiyyə qərarı ilə ayrılmış sahələrə uyğun olduğu görünür. Cavabdeh tərəfindən həmin torpaq sahələrinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi isə həmin hüquqların qeydiyyatına təsir edən hal kimi çıxış edə bilməz. Həmçinin iddiaçı faktiki 11548.0 kv.m təşkil eədn sahəyə deyil, hüquqməyyənedici sənədlər üzrə göstərilən torpaq sahəsinə iddia edir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanuni gözləntisi mövcuddur. Cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən, ölçüsü 0,38 hektar təşkil edən torpaq sahəsinin və ünvan 3 ünvanında yerləşən, ölçüsü 0,38 hektar təşkil edən torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarışın və torpaqq sahələrinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən, ölçüsü 0,38 hektar təşkil edən torpaq sahəsinin və ünvan 3 ünvanında yerləşən, ölçüsü 0,38 hektar təşkil edən torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarışın və torpaqq sahələrinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar