Məhkəmə qərarları › İş №e-2-1(112)-2561/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2561/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2561/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 saylı Hərbi Hissədə “cilalayıcı” vəzifəsində, xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilədək isə həmin hərbi hissədə “boyaq və laklardan təmizləyən” vəzifəsində çalışmışdır. Həmin hərbi hissədən də, təqdim olunmuş arayışda göstərilir ki, işlədiyi hər iki vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aiddir. Ümumilikdə qeyd olunan sahədə 11 il 1 ay 16 gün iş stajı vardır. Odur ki, güzəştli şətlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona pensiyanın təyin edilməsində imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulduğunu, təqdim etdiyi arayışda isə quru üsulla məmulat cilalanması ilə məşğul olub-olmaması barədə hər hansı qeydin olmadığını, həmçinin 248 gün ödənişsiz məzuniyyətdə olduğu, həmin müddətin iş stajına daxil olunmadığını, ümumilikdə güzəştli iş stajının 10 ildən az (9 il 15 gün) təşkil etdiyini göstərilmişdir. “Əmək pensiyalı haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh tərəfindən güzəştli şərtlərlə ona pensiyanın təyin edilməsindən imtinası tam əsassızdır, formal mülahizələrə əsaslanır. Belə ki, onun cilalayıcı kimi məhz Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun vəzifədə işlədiyi hərbi hissə (qeyd olunan qərarın müvafiq bəndə istinad etməklə) təsdiqləmişdir. Cavabdeh orqan isə bununla bağlı heç bir araşdırma aparmadan, əsassız olaraq ona imtina cavabı vermişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissənin iddiaçıya dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə cilalayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda cilalayıcı vəzifəsində işlədiyi müddətdə yuxarıda göstərilən quru üsulla məmulat cilalanması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissənin iddiaçıya dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında 248 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Yuxarıda qeyd edilən dövrlər üzrə ödənişsiz məzuniyyətində olduğu 248 gün müddəti iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı münasibətdə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 10 ay öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəblərdən də, İddiaçı güzəştli iş stajı 10 ildən az - 9 il 15 gün, ümumi iş stajı 25 ildən az - 19 il 5 ay 28 gün (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cu illər üzrə cəmi 2 il 4 ay) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16304,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, məhkəmə qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.

9. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli **********1 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricirilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asııl olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissənin ona dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə cilalayıcı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin, sözügedən arayışda cilalayıcı vəzifəsində işlədiyiniz müddətdə yuxarıda göstərilən quru üsulla məmulat cilalanması ilə məşğul olub-olmamağımz barədə hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda sözügedən arayışda 248 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən ış stajına aid edilir (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Yuxarıda qeyd edilən dövrlər üzrə ödənişsiz məzuniyyətində olduğu 248 gün müddətini iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildirirlər ki, ona münasibətdə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 10 ay öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəblərdən də, onun güzəştli iş stajı 10 ildən az (9 il 15 gün) təşkil edir. Bundan başqa onun ümumi iş stajı 25 ildən az (19 il 5 ay 28 gün (xx.xx.1984-17,10.1988-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cu illər üzrə cəmi 2 il 4 ay)))) təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına İmkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16304,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 451 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən göstərilən iş yeri, vəzifə, peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təsdiq olunmuş siyahıya əsasən müəssisədə (sexdə, istehsalatda) işləmişdir: xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi cilalayıcı vəzifəsində, siyahıya əsasən bölmə 11.9; xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilə kimi boyaq və laklardan təmizləyən vəzifəsində, siyahıya əsasən bölmə 11.8. İşlədiyi müddətdə 379 (üç yüz yetmiş doqquz) təqvim günü əmək məzuniyyətində və 248 (iki yüz qırx səkkiz) təqvim günü ödənişsiz məzuniyyətdə olmuşdur.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il taixli 810 nömrəli məktuba əsasən, İddiaçı “cilalayıcı” peşəsində işlədiyi müddətdə aviasiya mühərriklərinin pərlərinin və detallarının cilalanması ilə məşğul olmuşdur. Bu peşə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal emalı bölməsinin (11), Qaynar üsulla metalın üzlənmədi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar peşəsi ilə eynilik təşkil edir. Həmin məktuba qoşma şəklində hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən çıxarışlar, 9 (doqquz) nüsxə, 9 (doqquz) vərəq əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 noyabr 2022-ci il tarixli **********8 nömrəli məktubla İddiaçı pensiya işinə dair materialların təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş pensiya işi materiallarındakı əmək kitabçasının surətinə əsasən, İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1984-xx.xx.1988, xx.xx.1992-xx.xx.1992, xx.xx.1992- xx.xx.2009.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-129553/2023 nömrəli məktuba əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə sığortaedən, 412 saylı Hərbi Hissə (Sun: **********7, VÖEN: 2********) tərəfindən İddiaçı xeyrinə 2006-2009-cu illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat 2 vərəqdə məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlara əsasən sığortaolunan İddiaçı xeyrinə 2006-cı ildə bütün aylar, 2007ci ildə fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2008-ci ildə yanvar, fevral, mart, aprel, may ayları, 2009-cu ildə isə mart, iyun ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, işin hallarına əsasən iddiaçı hazırda ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinin tələblərinə əsasən 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad etməklə ididaçının güzəştli iş stajının 10 ildən az, ümumi iş stajının isə 25 ildən az (19 il 5 ay) təşkil etməsinə istinad etməklə imtina etmişdir.

21. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etiraz ərizəsində göstərilən dəlillər əsassızdır.

22. Belə ki, hazırki işdə mübahisə predmetini iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının güzəştli və ümumi iş stajının olmaması təşkil edir.

23. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçının hazırki tələbi ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi olduğundan, həmin dövrdə qüvvədə olmuş sözügedən maddənin redaksiyasına əsasən (Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.) iddiaçıya 20 il ümumi və 10 il xüsusi iş stajı zəruri olduğundan, iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla (əmək kitabçasında olan müvafiq qeydlər, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış və əmrlərlə) sübuta yetirilir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 20 ildən artıq ümumi iş stajı (cavabdeh tərəfindən mübahisələndirilməyən dövr 19 il 5 ay + iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət 248 gün (8 ay 8 gün) = 20 il 1 ay 8 gün) və 10 ildən artıq xüsusi iş stajı vardır (müəssisə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 810 nömrəli arayışa əsasən xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi (1 il 1 ay 4 gün) və xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilə kimi 10 il 6 ay 24 gün, cəmi 1 il 1 ay 4 gün +10 il 6 ay 24 gün – 1 il 6 ay 8 gün ay (mübahisəli məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi bildirilən 10 ay və ödənişsiz məzuniyyətdə olduğu 8 ay 8 gün) 10 il 1 ay 8 gün) olmuşdur.

24. Belə ki, məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin onun ümum iş stajına daxil edilməsi məsələsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: (-) ç) ödənişsiz məzuniyyət; Həmin Məcəllənin 129.2-ci maddəsinə görə, İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

26. Beləliklə göstərilmiş normaların məzmunundan görünür ki, ödənişsiz məzuniyyətdə olduğu müddət işçinin əmək stajına daxil edilir. Odur ki, iddiaçının 248 gün ödənişsiz məzuniyyətdə olduğu dövrdə, ona əmək haqqı ödənilməmiş olsa da, həmin dövr iddiaçının sosial sığorta stajına əlavə edilməlidir.

27. Məhkəmə iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı cavabdehin etirazında və imtinasında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin dəlillərinə əsasən məhkəmə tərəfindən göndərilmiş sorğuya iddiaçının işlədiyi Azərbaycan Rspublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı “cilalayıcı” peşəsində işlədiyi müddətdə aviasiya mühərriklərinin pərlərinin və detallarının cilalanması ilə məşğul olmuşdur. Bu peşə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11), Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar peşəsi ilə eynilik təşkil edir.

28. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

29. Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işləyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında öz əksini tapmışdır.

30. Bundan əlavə məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, həmin dövrədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona 52 yaşından pensiya təyin edilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ümumi və zərərli iş stajını xx.xx.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquna malikdir.

32. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşından, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar