Məhkəmə qərarları › İş №e-2-1(112)-2567/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2567/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2567/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Əzizova X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Əzizova X11) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizələr ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 742 saylı torpaq sahəsi üzərində hüququn mərhum İddiaçı X17 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Həmçinin ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Eləcə də, göstərilən sahənin bir hissəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Məlumat üçün bildirilir ki, təqdim olunan sənədlər surətdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda isə göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilmiş, göstərilən bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və digər bağ sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 742 saylı bağ sahəsinin mərhum atası Yaqubov X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə atası Yaqubov X23 arasında xx.xx.1984-cü ildə bağlanmış 13672 saylı müqavilə əsasında atasına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 742 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onların istifadəsindədir. Bağın sərhədləri müəyyən edilib, qonşu bağ sahələrindən ayrılmışdır. Həmin bağ sahəsi ilə bağlı qonşu bağ sahələri hər hansı bir mübahisə yoxdur. Atası xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Bağ sahəsi 1984-cü ildən etibarən atasının, o vəfat etdikdən sonra isə iddiaçının istifadəsındədir. Atasından miras qalmış bağ sahəsi ilə bağlı Bakı şəhəri 11 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. İddiaçı vərəsəlik işi açıldıqdan sonra həmin bağ sahəsinin mərhum atasına məxsus olması ilə bağlı arayışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin İdarə imtina cavabı vermişdir. Cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İddiaçıya ünvanlanan məktubların hər birində fərqli imtina əsası qeyd edilmişdir. Sözügedən torpaq sahəsi atasına Keçmiş Bağlar İdarəsi tərəfindən ayrılmışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahənin bir hissəsi digər bağların (743, 744 və 745 saylı bağlar və bölünənləri) ərazisinə uyğun gəlir. Həmçinin ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan əlavə göstərilən sahənin bir hissəsinə digər fiziki şəxsin (X8) müraciəti mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə etiraz etməyərək iddianın təmin edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1967-ci il tarixli 13672 nömrəli müqavilədən görünür ki, X16 Ləhiş bağ massivində sahəsi 0.25 ha olan 806 nömrəli bağ sahəsini 24 noyabr 1973-cü ilədək X4 istifadəsinə vermişdir. - X9 xx.xx.1974-cü ildə ərizə ilə X10 ərizə ilə müraciət edərək, bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilənin (13672 nömrəli) müddəti 1973-cü ildə başa çatdığı üçün onun müddətinin uzadılmasını xahiş etmişdir. - Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1974-cü il tarixli 13672 nömrəli müqavilədən görünür ki, Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağ massivində sahəsi 0.25 ha olan 741 nömrəli bağ sahəsini noyabr 1983-cü ilədək yenidən X4 istifadəsinə vermişdir. - 18.01.1980-ci il tarixli aktdan görünür ki, Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş sahəsi üzrə böyük mühəndisi, sahə aqronomu, texnik iştirakı ilə akt tərtib edilmişdir ki, Ləhiş sahəsində yerləşən bağlarda yoxlama aparılan zaman 805/742 nömrəli bağ sahəsində olmuşlar və müəyyən etmişlər ki, həmin bağda ev tikilmişdir. Həmin evi Yaqubov Rza-Əli Ağa-Əli oğlu tikmişdir. Bakı şəhər Sovetinin qərarına əsasən Ləhiş bağlar sahəsində 804/741 nömrəli bağ sahəsi ayrılmışdır. Lakin o, 805/742 nömrəli bağ sahəsində yuxarıda göstərilən evi tikmişdir. - Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 13672 nömrəli müqavilədən görünür ki, Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağ massivində sahəsi 0.25 ha olan 742 nömrəli bağ sahəsini xx.xx.1983-cü ilədək Yaqubov X14 istifadəsinə vermiş, xx.xx.1984-cü ildə həmin müqavilənin müddəti xx.xx.1999-cu ilədək uzadılmışdır. - 13.08.2001-ci il tarixli aktdan görünür ki, X3 Ləhiş sahəsi üzrə böyük mühəndisi, sahə mühəndisi və mühəndis iştirakı ilə akt tərtib edilmişdir ki, X7 idarəyə verdiyi 2001-ci il tarixli 236 saylı ərizəsi ilə yerində yoxlanılan zaman aşkar olundu ki, ərizəçinin mərhum atasına məxsus olan 13672 saylı müqavilə əsasında verilmiş 742 saylı bağ sahəsində köhnədən tikilmiş yaşayış evi yararsız vəziyyətə düşmüşdür. - 22.01.2021-ci il tarixli, 149152 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Yaqubov X23 xx.xx.1989-cü ildə ölmüşdür. - Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş Yaqubov X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun qanun üzrə vərəsəsi İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət daxil olmuşdır. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsinin sərhədləri üç tərəfdən bir sıra mişar daşı və taxta düzülərək ayrılmışdır. Şərq tərəfdən isə şərtidir. Üzərində tikili yoxdur. Faktiki sahəsi 0.3924 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Həmçinin ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Eləcə də, göstərilən sahənin bir hissəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası Yaqubov X17 ayrılmış 0,25 ha sahəsi olan 742 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən həmin bağ sahəsinin atasına verilməsi barədə müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 742 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla 742 aylı bağın Yaqubov X17 ayrılması barədə 11967-ci ildən etibarən bağlanmış müqavilələri məhkəməyə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər bağların (743, 744 və 745 saylı bağlar və bölünənləri) ərazisinə uyğun gəlməsinə, göstərilən sahənin bir hissəsinə digər fiziki şəxsin (X8) müraciətinin olmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu iminası ilə razılaşmır və qeyd edir ki, işdən görünür ki, cavabdehin qənaətə gəlməsinin səbəblərindən biri ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamasıdır. Məhkəmə hesab edir ki, bu hal iddiaçının məsuliyyətində deyil və onun tələbinin təmin edilməsindən imtina üçün əsas təşkil edə bilməz. Bundan əlavə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud bazaya əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 743 və 745 saylı bağ sahələrinə aid sənəd idarənin arxivində aşkar edilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 807/744 saylı bağ sahəsinə isə mülkiyyət hüququ artıq qeydə alınmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının naturada göstərdiyi torpaq sahəsinin o cümlədən 744 saylı bağ sahəsinə uyğun gəlməsinə istinad edərək, ona imtina cavabı versə də, həmin bağa mülkiyyət hüququnun başqa bir ərazidə qeydə almışdır. Sahənin bir hissəsinə digər fiziki şəxsin, X5 müraciətinin olmasına gəldikdə, işdə olan mərhum R.Əzizovun arvadı üçüncü şəxs Əzizova X11 məhkəmə iclasında izahat verərək, onlara aid bağ sahəsinin iddiaçının istifadəsində olan bağa qonşu olduğunu, lakin aralarında hər hansı bir mübahisənin olmadığını və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq formal əsaslara istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası X30 yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 742 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş Yaqubov X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar