Məhkəmə qərarları › İş №e-2-1(112)-2572/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2572/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2572/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı X4, cavabdehin nümayəndəsi X10 üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və Azərbaycan Respublikası Dövlət Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi və pensiyanın buna uyğun hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixinə qədər Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində (32 il) informasiya texnologiyalarının tətbiqi sahəsində müxtəlif vəzifələrdə, əsasən şöbə müdiri vəzifəsində (24 il) işləmişdir. 07.05.2009-cu il tarixdən 11.08.2020-ci il tarixədək Ali Məhkəmədə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixli redaksiyasına qədərki redaksiyasının 7-ci maddəsinə əsasən onun pensiya hüququ 01 iyul 2016-cı il tarixdən yarandığından, onun həmin dövrdə qüvvədə olan qanuna əsasən dövlət qulluqçusu kimi pensiya almaq hüququ vardır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin həllindən imtina olunmuşdur. İmitna məktubunda qeyd olunmuşdur ki, iddiaçıya pensiya, DSMF tərəfindən, hal-hazırda mövcud olan qanuna əsasən və DSK BHM-də qulluq illəri nəzərə alınmadan hesablanmış, baxmayaraq ki, onun pensiya hüququ 01.07.2016-cı il tarixdən yaranıb və həmin dövrdə qüvvədə olan qanuna, həmçinin DSK BHM-də qulluq illəri nəzərə alınmaqla hesablanmalı idi. 01.07.2016-cı il tarixinə qədər Ali Məhkəmədə qulluq illərinin sayı 7 il, AR DSK BHM-də isə qulluq illərinin sayı 32 il olduğu halda AR DSK BHM-də qulluq illərinin sayı nəzərə alınmasa belə, Ali Məhkəmədə qulluq illərinin sayı iddiaçının dövlət qulluğuna görə pensiya hesablanmasına kifayət edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 03 mart 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 02.03.2021-ci il tarixli, **********0 nömrəli etirazda göstərilmişdir ki, iddiaçı 26 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya 31 yanvar 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 03 ay 04 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət edərək, pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə pensiya məbləğinin yenidən hesablanması barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, 18.04.1977-ci il tarixdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Respublika Hesablama Mərkəzinin Xalq Təsərrüfatı şöbəsinə Baş Texnik təyin olunmuş, 01.12.1977-ci il tarixdə həmin şöbəyə mühəndis vəzifəsinə, 02.10.1978-ci il tarixdə həmin şöbəyə baş mühəndis, 01.03.1982-ci il tarixdə qrup rəhbəri, 04.10.1985-ci il tarixdə sistem və proqram təminatı şöbəsinə şöbə müdirinin müavini, 13.11.1985-ci il tarixdə informasiya işləməsinin təşkili və alqoritm və proqramlar fondunun aparılması şöbəsinə şöbə müdiri, 01.07.1986-cı il tarixdə ES-Elektron hesablama maşının istismarı şöbəsinə şöbə müdiri, 16.05.1988-ci il tarixdə 89 VPH-da materialların işlənməsi/hazırlanması dövrünə ümumi əhalinin siyahıyaalınması şöbəsinə şöbə müdiri, 01.07.1988-ci il tarixdə yeni əmək haqqı ödənilməsi şərtlərinə keçid ilə bağlı olaraq VPN şöbəsinin rəisi, 02.01.1990-cı il tarixdə Sistem proqram təminatı və X1 Sistem vasitələri şöbəsinin rəis vəzifəsinə, 01.01.1993-cü il tarixdə ştat cədvəlinə əsasən istismarı və sistem təminatı şöbəsinə rəis müavini, 01.07.1996-cı il tarixdə ştat cədvəlinə əsasən elektron maşınlarına texniki xidmət və sistem təminatı şöbəsinə rəis müavini, 04.01.1998-ci il tarixdə Əhalinin siyahıya alınması materiallarının işlənməsi şöbəsinə rəis, 01.05.2001-ci il tarixdə ştat cədvəlindəki dəyişikliyə əsasən informasiya texnologiyaları şöbəsinə rəis vəzifəsinə təyin edilmiş və 07.05.2009-cu il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmiş; 07.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində 12.05.2009-cu il tarixdən İşlər İdarəsi “İnformasiya texnologiyaları şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunmuş, 22.06.2009-cu il tarixdə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmiş, 22.06.2018-ci il tarixdə dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmiş, 03.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni strukturu haqqında Ali Məhkəmə sədrinin 07.01.2020ci il tarixli əmrinə əsasən Elektron məhkəmə məsələləri və informasiya texnologiyaları şöbəsinə müdir vəzifəsinə təyin edilmiş və 11.08.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X7 ünvanlanmış **********4 saylı, 08 oktyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, M.İbrahimin müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi əsasında ona yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 03 ay 04 gün) olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyanın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli, **********2 saylı arayışdan görünür ki, X9 (FİN xxxxxxx) 624,26 manat məbləğində pensiya alır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli, BA-01067-2020 saylı məktubunda qeyd olunmuşdur ki, BBTİ 2 saylı Ev Tikmə kominatının 1975 və 1977-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına mövcuddur. Lakin həmin sənədlərdə vət. X9 barədə heç bir məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, Sənaye Tikinti Nazirliyi 4 saylı trestin 164, 167, 168 saylı mexanikləşdirilmiş dəstənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə iddiaçının işlədiyi vəzifələrinin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması, həmçinin, onun dövlət qulluqçusu kimi dövlət qulluqçularının reyestrində qeydə alınması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara müraciət olunmuşdur. Sorğulara cavab olaraq verilmiş; - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 26 fevral 2021-ci il tarixli, 15/1-45 saylı məktubunda, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının X14 tərəfindən yaradılmış Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində Baş Hesablama Mərkəzinin adı olmadığı üçün bu təşkilatda çalışmış M.C.İbrahimə dair məlumatların həmin reyestrə daxil edilmədiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş X8 Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılaraq, ləğv edildiyinin nəzərə alınması xahiş olunmuşdur. M.C.İbrahimin işlədiyi vəzifələrin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması ilə bağlı isə aidiyyəti üzrə X12 müraciət edilməsi tövsiyə olunmuşdur. - X14 tərəfindən göndərilmiş elektron məktubuna əlavə olunmuş dövlət qulluqçusunun anketindən görünür ki, X3 18.04.1977-ci il tarixdən 01.03.1982-ci il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi X2 emalı şöbəsində böyül texnik-böyük mühəndis; 01.03.1982-ci il tarixdən 04.10.1985-ci il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi X6 emalı şöbəsində qrup rəhbəri; 04.10.1985-ci il tarixdən 13.11.1985-ci il tarixədək Dövlət Statisika Komitəsinin Baş Hesablama Mərkəzi Sistem proqram təminatı şöbəsində şöbə müdirinin müavini; 13.11.1985-ci il tarixdən 01.05.2001-ci il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində şöbə müdiri; 01.05.2001-ci il tarixdən 07.05.2009-cu il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi İnformasiya Texnologiyaları şöbəsində şöbə müdiri; 12.05.2009-cu il tarixdən 12.12.2019-cu il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsi Ali Məhkəməsinin İşlər İdarəsi İnformasiya texnologiyaları şöbəsində dövlət orqanı aparatında şöbə müdiri və 12.12.2019-cu il tarixdən 11.08.2020-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsi Ali Məhkəməsinin İşlər İdarəsi Elektron məhkəmə məsələləri və İnformasiya Texnologiyaları şöbəsində işlər idarəsində şöbə müdiri vəzifələri dövlət qulluğu stajına daxil edilir. Beləliklə, X14 tərəfindən verilmiş rəsmi məlumata əsasən M.C.İbrahimin 43 il 03 ay 18 gün dövlət qulluğu stajı mövcuddur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu üçün nəzərdə tutmuş əlavələr əsasında əmək pensiyasının yenidən hesablanmasını, həmçinin, ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin həm əvvəlki, həm də hazırki redaksiyasında nəzərdə tutulmuş qulluq stajı tam ödənilmişdir Əvvəla məhkəmə qeyd edir ki, hazırki iddia tələbi 3 hissədən ibarətdir: Pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi əsasında hesablanması (01 iyul 2017-ci il tarixə qədər olan redaksiyası) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi; Ötən müddət üzrə yığılmış fərq məbləğinin ödənilməsidir. Göstərilən tələblərə qiymət verilməsi məqsədi ilə, məhkəmə, iddiaçının pensiya hüququnun yaranma tarixinə, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu stajına daxil edilib-edilməməsinə, həmçinin, ümumilikdə xidmət illərinin nə qədər təşkil etdiyinə, o, cümlədən də, onun pensiya hüququ 01.07.2017-ci il tarixədək yarandığı təqdirdə, ona pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş fərq məbləğinin ödənilməsinin “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında mümkün olub-olmaması yönündə araşdırma aparmalıdır. Məhkəmə iddia tələblərinin 1-ci və 2-ci hissəsinə münasibət bildirir. Belə ki, işin faktiki hallarından və təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçı M.C.İbrahimə 01.01.2019-cu il tarixdən ömürlük olaraq pensiya təyin edilmiş, pensiyanın məbləği 624,25 manat müəyyən edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 11.11.2020-ci il tarixli qərarı əsasında, iddiaçının yenidən hesablanmış pensiya məbləği 835,91 manat təşkil etmişdir. Pensiya məbləğində artımın olmasına baxmayaraq, iddiaçı hazırda dövlət qulluqçusu kimi işlədiyi xidmət illərinin nəzərə alaraq, əmək pensiyasının yenidən hesablanmasını tələb edir, cavabdeh isə iddiaçının dövlət qulluğunda iş stajının 11 il 03 ay 04 gün olmasına əsaslanaraq, tələbin təmin edilməsindən imtina edir. İddianın həllində, iddiaçının pensiya hüququnun yaranma tarixinin müəyyən edilməsi mühüm rol oynayır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Şərh olunan qanunvericiliyin müddəalarına görə, kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərt ödənilməlidir: 1) 62 yaş (01.01.2012-dən sonra 63 yaş) 2) 12 il sığorta stajı. İşin hallarından görünür ki, iddiaçı M.C.İbrahimin 63 yaşı 01.07.2016-cı il tarixdə tamam olmuşdur. Nəzərə alsaq ki, iddiaçı 18.04.1977-ci il tarixdən 01.07.2016-cı il tarixədək müxtəlif vəzifələrdə kəsintisiz fəaliyyət göstərdiyindən, onun ümumi iş stajı 12 ildən (39 il 02 ay 10 gün) çox təşkil edir. Bu hal özlüyündə ona dəlalət edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyanın 7ci maddəsində nəzərdə tutulan yaş və staj ilə bağlı şərtlər ödənildiyindən, iddiaçının yaşa görə əmək pensiyası hüququ məhz 01.07.2016-cı il tarixdən, yəni 63 yaşı tamam olduğu vaxtdan yaranmış olur. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh inzibati orqan öz səlahiyyətlərini lazımı qaydada icra etməmişdir. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.1-ci maddəsinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, ümumi sığorta stajı nəzərə alınmamış və pensiya hüququnun yaranma tarixi düzgün müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yaranma tarixinin düzgün müəyyən edilməməsi ilə yanaşı, cavabdeh həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan əlavələri iddiaçıya münasibətdə tətbiq etməkdən imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İddiaçının pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığından, ona həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi tətbiq edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan: -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. Məhkəmə bildirir ki, həqiqətən də, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərdiyi 12.05.2009-cu il tarixdən pensiya hüququ yarandığı 01.07.2016-cı il tarixədək dövlət qulluğunda olan iş stajı 07 il 01 ay 20 gün təşkil edir, hansı ki, ona dövlət qulluqçusu kimi pensiya almaq hüququnu yaradır. İddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində xidmət etdiyi illər ilə yanaşı, həmçinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki işlədiyi xidmət illəri dövlət qulluğu stajına daxil edilməlidir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin birinci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir Həmin Siyahının 2-ci bəndinə 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə, bölmə rəhbəri –bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 24.1-cü bəndində Azərbaycan 7 Respublikasının Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri) göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Şərh olunan qanunvericiliyin müddəaları əsasında müəyyən olunur ki, iddiaçının 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixədək işlədiyi qrup rəhbəri, şöbə müdiri (müdir müavini) vəzifələri “İnzibati və yardımçı vəzifələrinin” Təsnifat Toplusunda dövlət qulluğçusu vəzifələrinə aid edilmişdir. Bundan savayi, Azərbaycan Respublikası X14 tərəfindən verilmiş sorğuya cavab məktubundan da məlum olmuşdur ki, iddiaçının Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində xidmət etidiyi illər dövlət qulluğu stajına daxil edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 15-1.2-ci maddəsinə əsasən Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X14 tərəfindən birgə aparılır. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, İddiaçı ümumilikdə 43 il 03 ay 18 gün dövlət qulluğu stajı olduğundan, həmçinin, onun yaşa görə əmək pensiya hüququ 63 yaşı tamam olduğu vaxtan yarandığından, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cu maddəsində (01.07.2017-ci il tarixədək) göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır. Məhkəmə iddia tələbinin 3-cü hissəsinə münasibət bildirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada): 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 01.07.2017-ci ildən sonra “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərdən sonra normalar aşağdaki redaksiyada olmuşdur: 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.1-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Yuxarıda qeyd edilmiş normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, 01 iyul 2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının mələği hər hansı müddət məhdudiyyəti tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı X7 yaşa görə əmək pensiyası 01.01.2019-cu il tarixdən təyin edilsə də, o, pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edildiyi 01.07.2017-ci il tarixədək əldə etdiyindən, həmin tarixdən sonra edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, həm də sözügedən Qaydaların 1.3-cü bəndinə ziddir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının yaranmış hüquqlarının pozulmasına səbəb olduğundan, iddia tələbi təmin olunmalı, iddiaçının pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X3 pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar