Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2576/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsində yerləşən 44 saylı mənzil (hazırkı ünvanı – Hacınski küçəsi, ev 101, mənzil 44) 9 sentyabr 1995-ci il tarixdə 039451 nömrəli order əsasında İddiaçı verilmişdir. İddiaçı həmin mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 22 avqust 2023-cü il tarixli cavab məktubu ilə sözügedən mənzil üzərinə hüquqların qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası tamamilə əsassız hesab edilir. Belə ki, qurum imtina məktubunda mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Halbuki, iddiaçı həmin mənzilə dair order təqdim etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Digər imtina əsası kimi mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı və 5 oktyabr 2019-cu il tarixdə iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun olaraq digər mənzilin – Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50 saylı evin 100 saylı mənzilinin qeydiyyata alındığı göstərilmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edə bilər. Cavabdeh məhz bu normaya istinad edərək iddiaçının bir dəfə həmin hüquqdan istifadə etdiyini və istifadə edə bilməyəcəyini əsas gətirərək onun hüququnun dövlət qeydiyyatından imtina etmişdir. İddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsində yerləşən 44 saylı mənzil (Hacınski küçəsi, ev 101, mənzil 44) üzərində mülkiyyət hüququnun mövcudıuğu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdur. İddiaçı ona məxsus olan sözügedən mənzildə qanunsuz olaraq məskunlaşmış şəxslərin həmin mənzildən çıxarılması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(010)-490/2012 saylı iş üzrə 10 yanvar 2012-ci il tarixli qətnaməsi ilə sözügedən mənzildən X2 və digərlərinin çıxarılması qət edilmişdir. Qətnamə icra olunmadığından, İddiaçı məhkəməyə şikayət etmiş, Suraxanı Rayon Məhkəməsinin 8(010)-87/2021 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Görülən tədbirlərə baxmayaraq, məhkəmənin 2(010)-490/2012 saylı iş üzrə 10 yanvar 2012-ci il tarixli qətnaməsi bu günədək icra olunmamışdır. Qətnamənin icra olunmamasının səbəbi kimi həmin mənzildə qanunsuz olaraq yaşayan şəxslərin məcburi köçkün olması və onlara dövlət tərəfindən yeni mənzilin verilməməsi bildirilmişdir. Qətnamə icra olunmadığından, iddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 30 mart 2023-cü il tarixli Qərarına əsasən (Səmədov və digərləri Azərbaycana qarşı) İddiaçı xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin icra olunmaması onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun pozulması kimi qəbul edilmiş, Məhkəmə ərizəçiyə 3.850 avro ödənilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-490/2012 saylı iş üzrə 10 yanvar 2012-ci il tarixli qətnaməsinin icrasının dövlət tərəfindən təmin edilməli olması qərara alınmışdır. Göründüyü kimi, həm Azərbaycan Respublikasının məhkəmələri, həm də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsində yerləşən 44 saylı mənzil (indiki ünvanı: ünvan 1zərində mülkiyyət hüququ (subyektiv hüququ) tanınmışdır. Buna görə də iddiaçının mülkiyyətində olan sözügedən mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya dair cavabdeh orqanın imtinası tamamilə əsassızdır. Yəni, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun mövcud olması işin mübahisəsiz halıdır. Bu hüququn həyata keçirilməsi üçün isə bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Şəxsin mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi isə onun mülkiyyət hüququnun bir daha pozulmasına səbəb olur. Eyni zamanda, analoji məsələ ilə bağlı “Cəfərov Azərbaycan qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarının 40-cı bəndində qeyd edilir: Məhkəmə qeyd edir ki, bu işdə ərizəçi sözügedən mənzilin mülkiyyətçisi deyildi, o, yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış orderinə əsasən yalnız kirayəçi hüquqlarına malik idi. Lakin, Məhkəmə müəyyən etdi ki, bu cür yaşayış orderi əsasında əldə edilmiş mənzilə iddia tələbi 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” təşkil edir (bax: Akimova Azərbaycana qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, 39-41-ci bəndlər). Bu işdə ərizəçinin mənzilə olan kirayə hüququ 21 iyul 2003-cü il tarixli qətnamə ilə tanınıb. Üstəlik, qətnamədə məcburi köçkünlərin onun evindən çıxarılması barədə göstəriş var, beləliklə, ərizəçi sözügedən mənzildən istifadə etmək üçün məcburi hüquqi qüvvəsi olan iddia tələbinə malikdir. Avropa Məhkəməsinin eyni mövqeyi “Akimova Azərbaycan qarşı”, “Mirzəyev Azərbaycana qarşı” işləri üzrə qərarlarda da ifadə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsində yerləşən 44 saylı mənzil (indiki ünvanı: ünvan 1zərində hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı 7 iyul 2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və 22 avqust 2023-cü il tarixli məktubla ona cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50 saylı evin 100 saylı mənzili 5 oktyabr 2019-cu il tarixdə Bakı ŞİH başçısının Aparatı MKTD-nin 83/3 saylı 14 dekabr 2017-ci il tarixli sərəncamı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.1, 11.1, 23.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının (və ya nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Lakin nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 7-ci maddəsinə görə dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsi, 44 saylı mənzilə dair İddiaçı adına Binəqədi RİH tərəfindən 9 sentyabr 1995-ci il tarixli order verilmişdir. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mürciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 1) , Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50 saylı evin 100 saylı mənzili 5 oktyabr 2019-cu il tarixdə Bakı ŞİH başçısının Aparatı MKTD-nin 83/3 saylı 14 dekabr 2017-ci il tarixli sərəncamı əsasında iddiaçının adına qeydiyyata alınmışdır, 2) İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamış və qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Məhkəmənin mövqeyi belədir ki, İddiaçı 5 oktyabr 2019-cu il tarixdə öz adına dövlət mənzil fonduna aid olan Bakı ŞİH başçısının Aparatı MKTD-nin 83/3 saylı 14 dekabr 2017ci il tarixli sərəncamı əsasında ona ayrılmış başqa mənzili (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50 saylı evin 100 saylı mənzil) mülkiyyətinə keçirdiyindən və onun həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, istifadəsində olan növbəti mənzili – Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsi, 44 saylı mənzili «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən özəlləşdirmək hüququ istisna olunur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçıya hüquqmüəyyənedici sənədlə ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsi, 44 saylı mənzildə məcburi köçkün ailəsinin məskunlaşması və onların mənzildə faktiki yaşayan şəxslərin dairəsinə daxil olması, həmin şəxslərin mənzilin iddiaçının mülkiyyətinə verilməsinə razılığının alınmasını şərtləndirir, halbuki, belə razılıq olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Fətəliyev küçəsində yerləşən 44 saylı mənzil (indiki ünvanı: ünvan 2ddiaçı İddiaçı mülkiyyətinə verilə bilməz. Bu səbəbdən də cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 10 və 15-ci maddələri ilə uzlaşır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-2576/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2576/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver