Məhkəmə qərarları › İş №e-2-1(112)-2583/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2583/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2583/2024 05.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyun 2022-cü il tarixli **********815500 və 1 iyul 2022-ci il tarixli **********155300 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-cü il tarixli **********534200 nömrəli və 15 dekabr 2023-cü il tarixli **********018100 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi və 2022-ci ilin mart ayı üzrə ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyun 2022-ci il tarixli Qərarla 53 459,29 manat ƏDV və 1 iyul 2022-ci il tarixli Qərarla 56 323,95 manat əlavə mənfəət vergisi hesablanmışdır. ƏDV-nin hesablanmasına əsas olan 23 iyun 2022-ci il tarixli qərarda əsaslandırma ümumiyyətlə mövcud olmamış və yalnız “**********714100 nömrəli məktuba əsasən” sözləri qeyd edilmişdir. Həmin uyğunsuzluq məktubundan görünür ki, 2022-cilin mart ayı üzrə ƏDV bəyannaməsi üzrə əvəzələşməyə salınmış 6 ədəd e-qaimə (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşmə ləğv edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) ilə 2021-cilin avqust ayında 6 ədəd e-qaimə (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə aparılan 296996,04 manat məbləğində əməliyyatları riskli əməliyyatlar hesab edərək həmin əməliyyatlara görə əvəzləşdirmiş ƏDV-ni ləğv etməklə əlavə ƏDV və həmin əməliyyatları xərc hissəsində nəzərə almamaqla əlavə mənfəət vergisi hesablamışdır. İddiaçı "xxxx" MMC ilə 2021-ci lin avqust ayında müqavilə bağlayarkən iddiaçının adı "xxxx" MMC olmuş, daha sonra reyestr məlumatlarında dəyişikliklər edilərək MMC-nin adı İddiaçı MMC kimi qeydiyyatdan keçmiş və bu qeydiyyat 6 iyun 2022-ci il tarixli reyestr çıxarışında öz əksini tapmışdır. Məhz bu səbəbdən də müqavilədə iddiaçının adı "xxxx" MMC kimi qeyd edilmişdir. Belə ki, iddiaçı 11 avqust 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 11-23 avqust 2021-ci il tarixlərində 6 ədəd (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) elektron vergi qaimə-faktura əsasında 296 996,04 manat məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyatlar apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 11-23 avqust 2021-ci il tarixlərində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə, bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlara görə mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamış və ƏDV əvəzləşməsini ləğv etmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 24 sentyabr 2021-ci il tarixli **********728900 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 11-23 avqust 2021-ci il tarixlərində əməliyyatlar aparmış, lakin sonuncu 24 sentyabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, malların təhvil-təslim aktları, elektron vergi qaimə-fakturalar və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 561791 nömrəli, EBBG seriyalı 259839 nömrəli, EBBG seriyalı 833618 nömrəli, EBBG seriyalı 430365 nömrəli, EBBG seriyalı 615663 nömrəli, EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 3286383.25 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə" 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin "Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 3289740.70 manat məbləğlə müqayisədə 3357.45 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü İİ tarixil **********215700 nömrəli və xx.xx.2022-ci il tarixli **********347900 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-cı ilin mart ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 53459.29 manat, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 56323,95 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-cü il tarixli **********815500 nömrəli və xx.xx.2022-ci il tarixli **********155300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, vergi ödəyicisinə həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixdə **********985800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin ödəyici tərəfindən kənarlaşmalar aradan qaldırılmadığından hesablanmış vergi məbləği bərpa edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli **********534200 nömrəli və xx.xx.2023-cü il tarixli **********018100 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibatı iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti belə olmuşdur ki, "işdən göründüyü kimi, iddiaçının istinad etdiyi ‘Faborlik Tikinti” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 avqust 2021-ci il tarixli, 04/2021 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı” "xxxx" MMC və “Alıcı” “Vingraft" MMC arasında bağlanmış müqaviləyə əsasən Satıcı alıcıya müqavilənin ayrılmaz hissəsi sayılan əlavə 1 "Qiymətlərin razılaşma protokoluna” uyğun məhsulu (metal qırıntısı) təhvil verməyi, “Alıcı” öz növbəsində məhsulu təhvil alıb, pulunu ödəməyi öhdəsinə götürür. İşdə olan təhvil-təslim aktlarından görünür ki, Satıcı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müvafiq məhsulu iddiaçı olan alıcıya təhvil vermiş, alıcı isə həmin məhsulu qəbul etmişdir. İş materiallarında görünür ki, "xxxx" MMC və “Alıcı” “Vingraft" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 11-23 avqust 2021-ci il tarixlərində metal qırıntısı məhsulunun təqdim edilməsinə görə 6 ədəd (EBBG 259839, EBBG 430365, EBBG 561791, EBBG 615663, EBBG 735666, EBBG 833618) elektron vergi qaiməfakturası tərtib edilmişdir. İşə əlavə edilmiş debit haqqında bildirişlərdən görünür ki, həmin elektron qaimə fakturalara görə müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-ci il tarixli **********534200 nömrəli qərarından görünür ki, kameral vergi yoxlaması nəticəsində mart 2022-ci il vergi dövrü üzrə iddiaçıya 53.459,29 manat əlavə ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 430365 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 11337.85 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11337.85 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 833618 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 9720.17 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9720.17 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5759.18 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5759.18 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 615663 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 6272.92 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6272.92 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 561791 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4235.93 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4235.93 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfinizdən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 259839 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 16133.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 16133.24 manat kənarlaşma yaranmışdır. Cavabdehin 15 dekabr 2023-cü il tarixli **********018100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, kameral vergi yoxlaması nəticəsində 2021-ci il üzrə iddiaçıya 56323,95 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə vergi məbləği azaldılsa da, müvafiq izah və təsdiqedici sənəd təqdim edilmədiyindən kameral qaydada hesablama məbləği bərpa edilmişdir (həmin dövr üzrə xx.xx.2022-ci il tarixdə eyni məbləğdə əlavə vergi hesablanmış və qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzalşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəbə olmuşdur). İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarları mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki, iddiaçı: - EBBG seriyalı 430365 nömrəli elektron qaimə-faktura əsasında 11337.85 manat; -EBBG seriyalı 833618 nömrəli elektron qaimə-faktura əsasında 9720.17 manat; - EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura əsasında 5759.18 manat; - EBBG seriyalı 615663 nömrəli elektron qaimə-faktura əsasında 6272.92 manat; - EBBG seriyalı 561791 nömrəli elektron qaimə-faktura əsasında 4235.93 manat; - EBBG seriyalı 259839 nömrəli elektron qaimə-faktura əsasında 16133.24 manat ƏDV məbləğini əvəzləşdirmişdir. İşdən görünür ki, iddiaçı həmin əməliyyatları "xxxx" MMC ilə aparmış, cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyicisi ilə aparılmasına istinad edərək, bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatlar üzrə qaimə-fakturaları ƏDV əvəzləşdirilməsində nəzərə almamışdır. Həmçinin cavabdeh həmin əməliyyatlar üzrə sənədləri xərc sənədi kimi qəbul etməmiş, nəticədə müvafiq məbləği iddiaçının gəlirinə aid edərək ona mənfəət vergisi hesablamışdır. Lakin iş materiallarından görünür ki, müvafiq əməliyyatlar 11-xx.xx.2021-ci il tarixlərdə aparılsa da, "xxxx" MMC bir ay sonra xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni müvafiq əməliyyatlar qeyd edilən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl tarixə aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı “Art Construction LT MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlar üzrə ƏDV məbləğinin əvəzləşdirilməsini aparmış, xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Mübahisəli qərarların qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə 296996,04 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 296996,04 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə mənfəət vergisi hesablamış və ƏDV-nin əvəzləşdirilməsi zamanı tam olaraq nəzərə almamışdır. O da qeyd edilməlidir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 296996,04 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-cü il tarixli **********534200 nömrəli və 15 dekabr 2023-cü il tarixli **********018100 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar