Məhkəmə qərarları › İş №e-2-1(112)-2593/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2593/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2593/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 2 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** № li “VÖEN” lə qeydiyyatdan keçən vergi ödəyicisidir. İddiaçı "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq dəmir paltar şkafları almışdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ilə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq elektron qaimələr əsasında dəmir paltar şkaflarının satışını həyata keçirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli elektron qaimə faktura əsasında "xxxx" MMC-dən alqısatqı müqaviləsi bağlayaraq iki ədəd dəmir paltar şkafları almışdır. İddiaçı xx.xx.2024-cü il tarixli elektron qaimə faktura əsasında "xxxx" MMC-dən alqısatqı müqaviləsi bağlayaraq iki ədəd dəmir paltar şkafları almışdır. İddiaçı "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli AP 2407 15 №-li “Xidmət üzrə Satınalma müqaviləsi bağlayaraq malların satışını həyata keçirmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 18192/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya 122.865,31 manat mənfəət vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 131380/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya 28.689,12 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində 1.11.2024-cü il tarixli, 3-21-2-3/2- 271728/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə” qərarı əsasında iddiaçıya 26.404,56 manat əlavə dəyər vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-18192/2024 saylı, xx.xx.2024-cu il tarixli 3-21-2-3/2-131380/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-271728/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsi dəqiqləşdirilib). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. MMC-də 2022-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-3/218192/2024 saylı qərarla 2023-cü il üçün 122.865,31 (yüz iyirmi iki min səkkiz yüz altmış beş, 31 q.) AZN mənfəət vergisi hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən xx.xx.2023, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR),”Azneft” İstehsalat Birliyi ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid onlardan bir və iki qapılı dəmir paltar şkafları alınmışdır, Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lərin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır. Həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının İddiaçı MMC-yə münasibətdə ƏDV əvəzləşmələrin nəzərə alınmayaraq mənfəət hesablanmasının aparılmasını ədalətsiz və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “AR-Vİ ENERJİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən təqdim edilmiş 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-18192/2024 saylı qərar əsasında 122.865,31 manat vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində aparılmış 707014,00 manat (ƏDV-127262,52 manat) məbləğində qarşılıqlı əməliyyatlar zamanı malların və xidmətlərin həcminin və seçiminin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********461500 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə xərclərə salınmış 707014,00 manat məbləğində EBDİ seriyalı 423555 nömrəli riskli elektron qaimə faktura xərc sənədi kimi nəzərə alınmayaraq 122865,31 manat əlavə vergi məbləği ((707014,00 - bəyannamə üzrə zərər məbləği 92687,47)*20%) hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********075400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə ƏDV məbləği 127262,52 manat, yekun məbləği 707014 manat olan qarşılıqlı əməliyyat aparmış, müvafiq elektron qaimə fakturaları xərc sənədi üçün təqdim etmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********442900 saylı qərar əsasında "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş, həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2021 - xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 50132257 manat dəyərində " Etilen polimer qirintilari, armatur və s.” mallar təqdim edilmişdir. Həmin mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Göründüyü kimi “NORD-S" MMC-nin xx.xx.2021 - xx.xx.2023-cü il tarixdə apardığı əməliyyatlar araşdırılmış, İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə əməliyyat aparmışdır. Yəni, müvafiq tarix aralığında "xxxx" MMC İddiaçı MMC- yə də mal təqdim etmişdir. Həmçinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********442900 saylı qərar mübahisələndirilmədiyindən həmin qərarın təsdiqlədiyi faktlar və hallar qüvvədədir. Cavabdeh etiraza əlavəsində bildirmişdir ki, "xxxx" MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********442900 saylı qərar mübahisələndirilmədiyindən həmin qərarın təsdiqlədiyi faktlar və hallar qüvvədədir. Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən "Ə.H.ASLANOV KƏNDLİ-FERMER TƏSƏRRÜFATİ"-nın (VÖEN: **********) baza məlumatlarına əsasən həmin ünvandakı obyektin yerləşdiyi ünvan (X3 yaxınlığında) dəqiqləşdirilib yerində müşahidə aparılmışdır. "Ə.H.ASLANOV KƏNDLİ-FERMER TƏSƏRRÜFATİ"-nın (VÖEN: **********) Abşeron rayonu, X2 ev 0, mənzil 0 ünvanında yerləşən **********-31001 kodlu təsərrüfat subyekti 4670 kv.metr olmaqla xx.xx.2022-ci il tarixdə vergi orqanında qeydiyyata qoyulmuşdur. Ümumlikdə həmin ünvanda hal-hazırda uçot məlumat bazasına əsasən icarə müqaviləsi əsasında 29 (iyirmi doqquz) vergi ödəyicisinin aktiv təsərrüfat subyekti (cəmi 3400 kv.metr) mövcuddur. Həmin ödəyicilərdən biri də "xxxx" MMC-dir (obyektin kodu**********-31002, sahəsi 500 kv.m dəmir sexi). Ərazidə müşahidə zamanı yalnız quşçuluq təsərrüfatı ilə məşğul olunduğu, hər hansı digər fəaliyyətin aparılmadığı müəyyən olunmuşdır. xx.xx.2024-cu il tarixli №3-21-2-3/2-131380/2024 saylı qərara münasibətdə qeyd edirik ki, uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “yaşayış və qeyriyaşayış binalarının tikintisi”ndən ibarət olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü il iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, bəyannamədə əldə edilmiş və müvafiq dövrlərdə əvəzləşmə üçün təqdim edilmiş riskli elektron qaimə fakturalarla bağlı elektron uyğunsuzluqlar müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********939100 nömrəli “********** Elektron kameral üçün uyğunsuzluq məktubu”göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinə 28689.12 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********365600 nömrəli “********** ƏDV İyul 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 403068 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19538.28 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19538.28 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (02.2024 ) əvəzləşmə üçün təqdim adilmiş EBDY seriyalı 205317 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9150.84 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 9150,84 manat kənarlaşma yaranmışdır. İddiaçı "xxxx"xxxx"MERONAL GROUP MMC və "xxxx" MMC ilə əmtəəsiz əməliyyatlar aparmışıdr. Belə ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********786400 saylı qərara əsasən elektron qaimə faktura məlumatlarına əsasən xx.xx.2024-cü il tarixdə 128 084 manat (ƏDV daxil) dəyərində "Dəmir paltar şkafı (2 qapılı,1900x800x450mm)" təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsərrüfat subyekti müəyyən edilməmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********605400 saylı qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 59988,84 manat dəyərində “Dəmir paltar şkafı (iki qapılı) 1900x800x450mm” təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin aktiv obyekti yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qəralarrın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən yeni qərarlar qəbul edilmiş və iddiaçı iddia tələbinin həcmini artıraraq, xx.xx.2024-cü il tarixli qərarla yanaşı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların da ləğv edilməsini xahiş edir. Məhkəmənin mövqeyi və tədbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı elektron qaimə faktura əsasında "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq iki ədəd dəmir paltar şkafları almışdır. İddiaçı xx.xx.2024-cü il tarixli elektron qaimə faktura əsasında "xxxx" MMC-dən alqısatqı müqaviləsi bağlayaraq iki ədəd dəmir paltar şkafları almışdır. İddiaçı xx.xx.2024-cü il tarixli elektron qaimə faktura əsasında "xxxx" MMC-dən alqısatqı müqaviləsi bağlayaraq iki ədəd dəmir paltar şkafları almışdır. İddiaçı "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli AP 2407 15 №-li “Xidmət üzrə Satınalma müqaviləsi bağlayaraq malların satışını həyata keçirmişdir. İddiaçı “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ilə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq elektron qaimələr əsasında dəmir paltar şkaflarının satışını həyata keçirmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, qərarı əsasında iddiaçıya 122.865,31 manat mənfəət vergisi, xx.xx.2024-cü il tarixli qərarı əsasında iddiaçıya 28.689,12 manat əlavə dəyər vergisi, 1.11.2024-cü il tarixli qərarı əsasında iddiaçıya 26.404,56 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Cavabdehin həmin qərarların qəbul edilməsi əsası kimi, iddiaçının qarşılıqlı əməliyyat apardığı müəssirələrin riskli vergi ödəyicisi hesab edilməsinə və aparılan əməliyyatların əmtəəsiz əməliyyat olmasına istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin qeyd olunamlıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi, satdığı malların həmin vergi ödəyicilərinin alış aklarında olmaması və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Digər tərəfdən iddiaçının nümayəndəsinin (əvvəlki işçisinin) izahatı ilə də müəyyən edilir ki, alqı-satqı müqavilələrinin prdmeti olmuş dəmir şkaflar həqiqətən alınmışdır. Həmçinin alınmış malların (dəmir şkafların) sonradan bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən ARDNŞ satılmasına dair iş materiallarına alqı-satqı müqaviləsi, eletron qaimə fakturalar əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(102)-18/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “...formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli, 2- 1(102)-10/2024 nömrəli, 2-1(102)-480/2024 nömrəli, 2-1(102)-92/2024 nömrəli, 2-1(102)- 943/2024 nömrəli qərarları)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “...iddiaçının mal aldığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir”. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsbit olunmuşdur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri sadalandırmışdır. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim aydır. 173.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı ilə "xxxx"xxxx"MERONAL GROUP MMC, "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı ilə “"xxxx"xxxx"MERONAL GROUP MMC, "xxxx" MMC-də özlərinə münasibətdə əmtəəsiz əməliyyatların aparıb-aparmamasının mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından, mübahisələndirilən xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-18192/2024 saylı, xx.xx.2024-cu il tarixli № 3-21-2- 3/2-131380/2024 saylı və xx.xx.2024-cü il tarixli №3-21-2-3/2-271728/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-18192/2024 saylı, xx.xx.2024-cu il tarixli № 3-21-2-3/2-131380/2024 saylı və xx.xx.2024-cü il tarixli №3-21-2-3/2-271728/2024 saylı Qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar