Məhkəmə qərarları › İş №e-2-1(112)-2616/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2616/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2616/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə müvafiq sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı iddiaçı tərəfindən iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edilmişdir. Bakı şəhəri Cavabdeh 5-16/1-H-99-162/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd edilən ünvanda olan mənzilin çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4-cü bəndinə əsasən tələb olunan sənəd və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi), habelə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəylər Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə müvafiq qaydada baxılacaqdır. İddiaçı ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı dəfələrlə Rayon İcra Hakimiyətində şifahi danışıqlarda olub və hər dəfəsində iddiaçıya bu formada cavab verəcəklərini, onlar tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncam verə bilməyəcəklərini və məhkəməyə müraciət edə biləcəyini bildirmişdirlər. Bakı şəhəri Cavabdeh cavab məktubuna nəzər yetirdikdə görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı müraciətə əlavə olunan sənədlər arasında “yükdaşıyan divarların etibarlılığı (dayanıqlı və möhkəmliyi), habelə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəylər” qeyd olunmayıb. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********61- 05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışdan görünür ki, mülkiyyət xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş həmin mənzilin şəkillərindən də görünür ki, mənzilin ayrıca qeyri-yaşayış obyekti kimi çöldən girişi var, mənzil kimi bina içindən girişi yoxdur və mənzil binanın birinci mərtəbəsində yerləşir. İddiaçı əlavə olaraq bildirir ki, mənzilə çıxarış alındıqdan sonra mənzilin daxilində hər hansı bir təmir işləri aparılmamış və mənzildə hər hansı bir yenidənqurma işləri aparılmamış və həmin mənzil digər şəxslərin hüquqları ilə yüklü edilməmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, qeyd edilən ünvanda olan mənzilin çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4-cü bəndinə əsasən tələb olunan sənəd və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi), habelə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəylər Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə müvafiq qaydada baxılacaqdır.

4. Bakı şəhəri Cavabdeh Başçısının “Cavabdeh başçısı aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə idarələrarası komissiyanın Aktlarında göstərilən mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 1-1/240 nömrəli sərəncamından Çıxarışa əsasən vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən 13 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 (Yeni qaydalarla:AZ1060, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 2, mənzil 3 (Yeni qaydalarla: AZ1060, ünvan 5 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 13 saylı binanın 1-ci mərtəbəsindəki dövlət qeydiyyatına alınmış mənzillərdən 2 (iki) ədədinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair məlumat aşkar edilmişdir. Belə ki, X1 məxsus olmuş ünvan 7 ünvanı ümumi sahəsi 43 kv.m olan ünvan 8 yerləşən qeyri-yaşayış sahəsinə (hazırkı mülkiyyətçisi - X2); İddiaçı adında qeydiyyatda olmuş Bakı şəhəri, ünvan 2, mənzil 13 ünvanı isə ümumi sahəsi 58 kv.m təşkil edən ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (hazırkı mülkiyyətçisi - İddiaçı) keçirilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

11. İddianın növü məcburemtmə növündə iddiadır. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

12. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. İİ. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 2, mənzil 3 (Yeni qaydalarla: AZ1060, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak mənzil (yaşayış sahəsi) kimi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

15. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 2, mənzil 3 (Yeni qaydalarla: AZ1060, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.

16. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

17. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, ünvan 2, mənzil 3 (Yeni qaydalarla: AZ1060, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətində olmaqla faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir.

18. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan daşınmaz əmlakın yerləşdiyi binada (ünvan 13 saylı binanın 1-ci mərtəbəsində) qeyriyaşayış sahəsi kimi qeydiyyatdan keçmiş digər mənzillər mövcuddur. Belə ki, X1 məxsus olmuş ünvan 11 ünvanı ümumi sahəsi 43 kv.m olan ünvan 12 yerləşən qeyri-yaşayış sahəsinə və İddiaçı (iddiaçının) adında qeydiyyatda olmuş Bakı şəhəri, ünvan 2, mənzil 13 ünvanı isə ümumi sahəsi 58 kv.m təşkil edən ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə keçirilmişdir.

19. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

20. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqan tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

22. Odur ki, hər hansı inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) inzibati icraat zamanı ümumiyyətlə araşdırma predmeti olmayan məsələlərin araşdırılması (halbuki daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı) və bu istiqamətdə müvafiq rəylərin alınması yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz.

23. Qeyd edilənlərə əsasən məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən yaşayış- sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən qeyd edilən mənzilin Cavabdeh 07 mart 1997-ci il tarixli, 166 saylı məktubu əsasında uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi və etimadın qorunması və bərabərlik prinsipi nəzərə alınmaqla (belə ki, iddiaçı bildirir ki, həmin sıradakı mənzillər qeyri-yaşayış sahəsi kimi istifadə edilir) daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariyagigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün zəruri olduğu təqdirdə aidiyyəti qurumlardan (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) müvafiq rəylər alınmalıdır. Lakin məhkəmə müəyyən edir ki, yuxarıda qeyd edilən digər qeyri-yaşayış sahələrinə münasibətdə belə rəylər alınmamışdır.

24. Belə k, Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi tərəfindən təqdim edilməli olan sənədlərin siyahısı konkret və dəqiqdir və həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Qeyd edilənlərə əsasən sahə mülkiyyətçisi tərəfindən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə cavab verməsinə dair rəylərin təqdim edilməsi tələbi qanuni hesab edilə bilməz. Qeyd edilən hal cavabdeh inzibati orqan tərəfindən aparılmalı inzibati araşdırmanın tərkib hissəsidir və həmin araşdrırma nəticəsində Mənzil Məcəlləsinin 22.1-ci maddəsində qeyd olunan hallar müəyyən olunduqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina oluna bilər.

25. Mənzil Məcəlləsindən: 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.

26. Odur ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir.

27. İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: ...73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Bakı şəhəri, ünvan 2, mənzil 3 (Yeni qaydalarla: AZ1060, ünvan 5 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə ilə bağlı İddiaçı müraciəti üzrə araşdırmanı davam etdirməklə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar