Məhkəmə qərarları › İş №e-2-1(112)-2619/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2619/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2619/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 651 nömrəli və Bakı şəhəri Əzizbəyov rayon İcra hakimiyyəti başçısının 690/5 saylı, xx.xx.2001-ci il tarixli sərəncamlar ilə İddiaçı mülkiyyətinə verilmiş ümumilikdə 1706.10 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 651 nömrəli sərəncamından görünür ki, Buzovna qəsəbəsi, 162 saylı sahədə yaşayan X5 1,085.0 kv.m. torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evini inventarizasiya edib onun adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi Bakı şəhər Texniki İnventarlaşdırma bürosundan xahiş edilmişdir. Fərdi yaşayış evi xüsusi mülkiyyət kimi qeydiyyata alındıqdan sonra vətəndaş X1. Bakı şəhəri Əzizbəyov rayon İcra hakimiyyəti başçısının 690/5 saylı, xx.xx.2001-ci il tarixli sərəncamından görünür ki, vətəndaş X3 Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən 10 saylı evin yanındakı 600 kv.m. torpaq sahəsi ona təhkim edilmişdir. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, həmin fərdi yaşayış evi İddiaçı bağışlanmışdır. xx.xx.2021-ci il tarixli, **********66-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məlumatlarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.023 ha təşkil edir. Qeyd olunan sənədlər əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********55 saylı bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtinasını aşağıdakılar ilə əsaslandırmışdır: Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi AR DNŞ-nin istifadəsinə verilmiş ərazidə, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir; həmin sahənin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur; AR DNŞ məktubla bildirmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 1325.0 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və 677 nömrəli ləğv olunmuş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Hesab edirlər ki, cavabdehin bu imtinası əsassızdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13102/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 651 nömrəli və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 690/5 saylı, xx.xx.2001-ci il tarixli sərəncamları ilə ümumilikdə ona ayrılmış 1706.10 kv.m torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan əlavə, həmin sahənin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-3158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 1325,0 hissəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və 677 nömrəli ləğv olunmuş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Sözügedən torpaq sahəsinin SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də ləğv olunmuş neft quyusunun mühafizə zonası daxilində yerləşən 1325,0 kv.m. hissəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir.

6. 3-cü şəxsin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, xx.xx.1999-cu il tarixli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin, 1325 kv.m hissəsi isə neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və 677 nömrəli ləğv olunmuş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçnın nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Cavabdeh tərəfindən iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.

11. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 651 nömrəli sərəncamına əsasən Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990cı il tarixli qərarı ilə vətəndaş X7 Buzovna qəsəbəsində 162 saylı sahədə 185-000-109s layihə əsasında ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o evi tikib qurtarmış və həmin evə qeydiyyat vəsiqəsi verilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, X8 evi layihə əsasında tikməmişdir. Yuxarıda göstərilənləri və yeni tikilmiş fərdi evlərin qəbulu üzrə komissiyasının aktını nəzərə alaraq:

1. Buzovna qəsəbəsi, 162 saylı sahədə X5 1 mərtəbəli 2 yaşayış otağı sahəsi 64.9 kv.m, köməkçi sahə 91.3, açıq eyvan sahəsi – 40.0 kv.m, torpaq sahəsində tikili olmayan, cəmi torpaq sahəsi 1085.0 kv.m olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır.

12. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 690/5 nömrəli sərəncamına əsasən X6 İcra Hakimiyyətinə müraciət edərək yaşadığı Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən 10 saylı evinin yanındakı 600 kv.m torpaq sahəsinin istifadə üçün ona təhkim olunmasını xahiş etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, M.A.Quliyevanın mülki özəldir. Mülki kitab – 0.1, səhifə - 503, qeydə alma – 30/5006, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi var. M.H.Quliyeva evin yanında olan 600 kv.m zibillik olan ərazinin təmizlənməsi və istifadə üçün yararlı hala salmışdır. Hal-hazırda həmin ərazini həyətyanı sahəsi kimi istifadə edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X4 Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən 10 saylı evinin yanındakı 600 kv.m torpaq sahəsi ona təhkim olunmuşdur.

13. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 690/5 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin sxemi təqsdiq edilmişdir.

14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü - dövlət, üzərindəki hüququn növü – istifadə, ümumi ölçüsü – 0.23 ha göstərilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2021ci il tarixli, 04/1771 nömrəli texniki pasport tərtib edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-47943/2024 nömrəli məktubla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990-cı il tarixli qərarı ilə vətəndaş X7 Buzona qəsəbəsində 162 saylı sahədə 185-000-109s layihə əsasında ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-22348/2025 nömrəli məktubla ünvan 2 ünvanın yerləşdiyi torpaq sahəsinin qonşuluğunda və ətrafında qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq səndələrin surətinin, ortofoto görüntüsünün, həmçinin, X7 verilmiş çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

18. İddiaçının müraciətinə əsasında “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 154 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti sənəd üzrə və faktiki nataurada yerləşmə vəziyyəti sənədinə uyğundur. 677 nömrəli ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşmir, digər torpaq sahələri ilə üst-üstə düşmür. Xüsusi mülkiyyət kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış qonşu torpaq sahələri rəyə əlavə edilmiş ortofo görüntüsündə qeyd edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır: Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990-cı il tarixli qərarı ilə vətəndaş X7 Buzona qəsəbəsində 162 saylı sahədə 185-000-109s layihə əsasında ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 651 nömrəli sərəncamına əsasən Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990-cı il tarixli qərarı ilə vətəndaş X7 Buzovna qəsəbəsində 162 saylı sahədə 185-000-109s layihə əsasında ev tikmək üçün torpaq sahəsi ayrılmasının və hal-hazırda o evi tikib qurtarmasının nəzərə alınaraq həmin evə qeydiyyat vəsiqəsi verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq Buzovna qəsəbəsi, 162 saylı sahədə X5 1 mərtəbəli 2 yaşayış otağı sahəsi 64.9 kv.m, köməkçi sahə 91.3, açıq eyvan sahəsi – 40.0 kv.m, torpaq sahəsində tikili olmayan, cəmi torpaq sahəsi 1085.0 kv.m olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Sonradan notarial qaydada təsdiq edilmiş xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 məxsus ünvan 4 ünvanında yerləşən iki otaqlı, sahəsi 64.9 kv.m, köməkçi sahəsi 91.3 kv.m, ümumi sahəsi 156.2 kv.m-dən ibarət olan fərdi yaşayış evi X1. Daha sonra X6 Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən 10 saylı evinin yanındakı 600 kv.m torpaq sahəsinin istifadə üçün ona təhkim olunmasını xahiş etmişdir. Müraciətini nəzərə alaraq Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 690/5 nömrəli sərəncamına əsasən X4 Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən 10 saylı evinin yanındakı 600 kv.m torpaq sahəsi təhkim olunmuşdur.

26. İddiaçı hazırda Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 651 nömrəli və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 690/5 saylı, xx.xx.2001-ci il tarixli sərəncamları ilə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir.

27. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən – 600 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsası kimi istinad edilən sözügedən sərəncamlardan göründüyü kimi, həmin sərəncamların qəbul edilmə tarixi xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixlidir. Halbuki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olmuşdur. Lakin qeyd edilməlidir ki, xx.xx.2001-ci il tarixli sərəncamla 1085 kv.m torpaq sahəsinin X5 adına qeydiyyata alınması qərara alınsa da, həmin sərəncamın məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, sərəncamda X7 Buzona qəsəbəsində 162 saylı sahədə 185- 000-109s layihə əsasında ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990-cı il tarixli qərarına istinad edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin 600 kv.m hissəsi Əzizbəyov rayon XDS İK-nin 30 yanvar 1990-cı il tarixli sərəncamı ilə, xx.xx.2001-ci il tarixdən öncə ayrılmışdır və qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsi üzərində hazırda iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının iddia etdiyi torpaq sahəsinin qalan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, yerli icra hakimiyyəti orqanlarının xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətləri olmadığından cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qalan hissədə əsaslı olaraq imtina edilmişdir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

32. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

33. Yuxarıda istinad olunan qanunvericiliyin normalarını rəhbər tutaraq, işin faktiki hallarına əsasən məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 600 kv.m hissəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd olan Əzizbəyov rayon XDS İK-nin 2 nömrəli, 30 yanvar 1990-cı il tarixli qərarı (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

34. Bundan başqa cavabdeh öz imtinasında elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olmaqla, yaxınlığında ləğv edilmiş neft quyuları yerləşməsinə istinad etsə də, məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, işdə olan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 677 nömrəli ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşmir, digər torpaq sahələri ilə üst-üstə düşmür. Xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qonşu torpaq sahələri mövcuddur.

35. Belə olan təqdirdə məhkəm hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə fərqli mövqe sərgiləməsi bərabərlik hüququnun və inzibati orqanların mövcud praktikasına göstərilən etimad hüququnun pozulması kimi qiymətləndirilməklə imtinanın əsasları qanunsuz və əsassız hesab edilməklə iddiaçının tələbi təmin edilməlidir.

36. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əlməl gəlməsiin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə əhatə olunur.

37. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar